Paşinyan Zəngəzur dəhlizinə maraqlıdır, amma...

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tiflisdə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, tərəflər Cənubi Qafqazda baş verən prosesləri, erməni-gürcü münasibətlərini, ikitərəfli iqtisadi əlaqələri müzakirə ediblər.

Məsələyə münasibət bildirən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, görüş bir neçə əhəmiyyətli məsələ ilə yadda qaldı: 

"Ən əsas yadda qalan hadisə isə Gürcüstan Ermənistan iqtisadi əlaqələrindən daha çox məhz Paşinyanın Rusiya ilə bağlı açıqlamaları oldu. Belə ki, Nikol Paşinyan açıq şəkildə bildirdi ki, onun 102-ci hərbi bazaya ehtiyacı yoxdur və Ermənistanda qalmasının heç bir faydasını görmür. Amma onun çıxarılması ilə bağlı müzakirələrin getmədiyini də vurğuladı. Həmçinin, Nikol Paşinyan Zəngəzurdakı yolların mühafizəsi ilə əlaqədar təhlükəsizlik orqanlarında xüsusi bölmə yaradılmasına dair göstəriş verdiyini dedi. Bu, göstərir ki, Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Yəni, Azərbaycan və Türkiyənin Zəngəzur yolu dəhlizinə qoşulacaq. Eyni zamanda Nikol Paşinyan sülh müqaviləsinin 9-cu bəndində yazıldığı kimi Rusiya FSB-nin bu yola nəzarət etməsini istəmir. Ona görə də, Ermənistan təhlükəsizlik xidməti daxilində bölmə yaradır və yola onlar nəzarət edəcəklər. Faktiki olaraq Paşinyan Zəngəzur dəhlizinə qoşulmağa maraqlıdır, ancaq yola Rusiyanın nəzarətini istəmir. 


Bundan əvvəl isə Ermənistan yola Gömrük və Sərhəd Xidmətinin nəzarət edəcəyini demişdi. Bütün bu açıqlamalar Paşinyanın Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməkdə israrlı olduğunu göstərir. Eyni zamanda Paşinyan Azərbaycan və Türkiyə ilə inteqrasiyanın tərəfdarıdır. Çünki Paşinyan açıqlamalarında bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiya xətlərinin açılmasına ehtiyacı var. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Tiflisdə imzalanmasını istəyərdim. Çünki Tiflis hər 3 ölkənin istiqlaliyyətinin elan olunduğu yerdir. Buna görə də, bölgə ölkələri Tiflisdə öz problemlərini həll etsə, bu hər üç dövlət üçün optimal çıxış yolu olardı".