Dərs verməyə qalxmasınlar

Bu gün Fransa başda olmaqla Azərbaycana dərs verməyə çalışan qüvvələrin öz daxilində insan və vətəndaş haqları pozulur
 
 Fransanın mədəniyyət naziri Ermənistana səfər edib.

Nazir Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən fransız parlamentari, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lo¬rans Petel ilə eyni təyyarədə gəlib.
Yəni erməni lobbisi faktiki olaraq naziri özü ilə gətirir və nazir məhz ona verilən məlumat və tezislər əsasında işini qurur. Bu, Fransa üçün utancverici haldır.
  Sual yaranır ki, fransalı nazir ölkəsinin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığını ölkələrlə bağlı faktların da UNESKO, AŞ PA tərəfindən araşdırılmasını niyə təşviq etmir? Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç niyə bu ölkələrdə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır?
Eyni zamanda Korsikaya faktaraşdırıcı missiya niyə göndərilmir?
  
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, qeyd olunan faktorların hamısı Qərbin ikili standartları mövqeyindən irəli gələn amillərdir: 


"Eyni zamanda gücün hüquq olmasından, hüququn güc olmamasından qaynaqlanır. Bu gün Fransa başda olmaqla Azərbaycana dərs verməyə çalışan qüvvələrin öz daxilində insan və vətəndaş haqları pozulur. Həmin ölkələrdə demokratiya kənara atılıb və nasizm, ksenofobiya halları daha da güclənib. Neokolonializm siyasəti hələ də intensiv şəkildə davam etməkdədir. Fransanın xarici siyasət prinsiplərinin başında özünə yeni forpost axtarışı dayanır. Əlbəttə, bütün bunlar isə bizim üçün gözlənilməz deyil. Həmçinin dünyadan ədalət gözləmirik. Əgər bunu gözləsəydik, heç 44 günlük Vətən müharibəsinə ehtiyac qalmazdı. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyini kobud şəkildə pozan, beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik edən Ermənistana qarşı hansısa ciddi addımlar atılmadı. Əksinə olaraq Ermənistandan daha çox erməni mövqeyi ortaya qoydular. Ona görə də onlardan faktaraşdırıcı missiya ilə bağlı gözləntimiz yoxdur. Azərbaycan gücün hüquq olduğu dünyada hüququn güc olmasını təmin edəcək".