Ermənistan ordusunun bərpası üçün on illər lazımdır

Ermənistanın 2024-cü ildə müdafiə büdcəsi 309 milyard dram (772 milyon dollar) artırılacaq.

Bu barədə Ermənistan parlamentində ölkənin baş naziri Nikol Paşinyan deyib.

“Müdafiə büdcəsinin 309 milyard dram artımını xüsusilə qeyd etmək istərdim. Bu, 2018-ci ilin müdafiə büdcəsindən 125% çoxdur. Orduda islahatların aparılması bizim üçün vacibdir. Eyni zamanda, mən qeyd etmək istərdim ki, müdafiə büdcəsinin artırılması bizim elan etdiyimiz “sülh gündəliyi” ilə ziddiyyət təşkil etmir”, - Paşinyan bildirib.


Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında təhlükəsizlik üzrə ekspert Alparslan İmamqulu söyləyib ki, ümumiyyətlə, Nikol Paşinyanın qeyd etdiyi büdcə artımı Azərbaycanın Silahlı Qüvvələrinə ayrılmış vəsait ilə müqayisədə ciddi artım sayılmır: 

"Eyni zamanda Azərbaycan ordu quruculuğu çərçivəsində hazırda bir sıra ciddi tədbirlər atılmaqdadır. Baxmayaraq ki, Ermənistandan fərqli olaraq biz qalib orduyuq və ərazi bütövlüyümüzü təmin etmişik. Həmçinin ölkəmizin təhlükəsizliyi adına istənilən addımı atmağa hazırıq. Ermənistan isə məğlub ordu olaraq təbii ki, onun quruculuğuna diqqət ayırmalıdır. Bu isə daima bizim nəzarətimizdə olmalıdır. Çünki hansısa revanşist fikir və addım əvvəlki kimi yenidən sərt şəkildə cavablandırılmalıdır. Qüvvə nisbəti çərçivəsində Ermənistan ordusunun inkişafı hər zaman bizim tərəfdən dəyərlədirilməlidir. Azərbaycanın Ermənistan ordusuna vurduğu zərbədən sonra sadəcə bərpası üçün on illərlə vaxt lazımdır. Bununla yanaşı Ermənistanın iqtisadi imkanları da o qədər güclü deyil ki, sürətlə bu mərhələni aşa bilsin. Əksinə Azərbaycan isə güclü inkişaf yolunu tutur və qarşısında yeni hədəfləri var. Bunların icrası üçün də gərəkli olan hər addım mütləq atılacaq".