Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Hadisəyə münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin rəsmilərinin Çinli həmkarları ilə ilk görüşləri deyil:
"Rəsimlərin görüşü çərçivəsində hərb bir ölkənin strateji baxışları müzakirə olunur. Xüsusən də hərbçilərin görüşü konteksində hərbi-texniki və hərbi-təhsil üzərindən tərəflərin əməkdaşlığı müzakirə olunur. Digər tərəfdən bizim Çin hərbi məktəblərində təhsil alan zabitlərimiz var. Həmçinin mütəmadi olaraq Azərbaycan heyəti Çində keçirilən təlimlərdə müşahidəçi qismində iştirak edir".
Ekspert əlavə edib ki, 44 günlük savaşda qələbə qazandıqdan sonra Çinin də bölgədəki maraqları artıb:
"Xüsusən də İpək yolu, Zəngəzur dəhlizi və Orta dəhliz üzərindən maraqları var. Digər tərəfdən bu nəqliyyat kommunikasiya xətlərinin gələcəkdə təhlükəsizliyinin təminatı baxımından hərbi əməkdaşlıq mümkündür. Ona görə də bir çox istiqamətlərdə Çinlə müzakirələr aparılır. Görüşlərin nəticəsində isə müzakirələr fəaliyyətə çevrilir".