Siqnal verildi: "Turan” ordusu qurulur

"Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
Müharibələrin, qanlı münaqişələrin alovlandığını qeyd edən Prezident İlham Əliyev bildirib: “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”.

Dövlətlərin III Dünya müharibəsinin astanasında olduğunu deyən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz "Sherg.az"a bildirib ki, beynəlxalq və regional risklər artıb:
"Bu yaxın zamanda olmasa belə gələcəkdə dünya müharibəsi ilə üz-üzəyik. Çünki dünyanı idarə edənlərin ağılları başlarında deyil. O günə hazırlaşmaq üçün isə müstəqil müdafiə sənayesin və ordu qurmaq lazımdır. Həmçinin ordunun koordinasiya üçün mexanizmin qurulması önəmlidir. Türkiyə və Azərbaycan Şuşa bəyannaməsi ilə bərabər dünyada heç bir iki ordunun çata bilməyəcəyi səviyyəyə çatdı. Bu əlaqələr müdafiə sənayesində də irəliləməkdədir".
Y.Karauzun sözlərinə görə, geriyə sadəcə digər türk dövlətləri ilə Azərbaycan və Türkiyənin çatdığı nöqtəni yuxarı daşımaq qalıb:
"Prezident İlham Əliyevin uzaqgörən şəkildə təhlükəsizlik məsələsinə diqqət çəkərək birlik və koordinasiya məsələsini gündəmə gətirməsi çox vacib məqamdır.  TDT-nin bu məsələ ilə bağlı həyata keçirdiyi hazırlıqlar var. Həmçinin digər türk liderləri də yaxınlaşan təhlükənin fərqindədirlər. Bu mənada bir olmaq və kürək-kürəyə vermək istəyirlər. Düzdür "Turan ordusunun" bir anda NATO səviyyəsinə gəlməsi mümkün deyil. Amma meydana gələ biləcək risklərin fonunda sülh gücünün formalaşdırılması onsuz da əvvəlcədən düşünülür. Yəni TDT qarşıdakı dönəmə hazırlaşır. Əgər biz buna hazır olmasaq ağır bir tarixi məsuliyyəti üzərimizə götürərik. "Biz birlikdə güclüyük" şüarı altında bu işə daha çox önəm vermək lazımdır".