Nazirin dedikləri məntiqsizdir: Cərimələr və cərimə olunanların sayı artır

“Yüngül qanun pozuntusuna görə vətəndaşı 200-300 manat cərimə etmək onun aldığı əməkhaqqını tutub əlindən almaqdır”
“Vətəndaş uşağının çörək pulunu, ailəsinin dolanışıq pulunu cərimələrə ödəyir. Qanunlarda bir məntiq, ədalət olmalıdır”


  Maliyyə naziri Samir Şərifov maraqlı açıqlama verib. “Dövlətin cərimələrdən hər hansı formada pul qazanmaq niyyəti yoxdur”, söyləyən nazir bildirib ki, cərimə cəzalandırmaq məqsədi daşıyır.

  Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında maliyyə nazirinin söylədiklərində məntiq axtarışına çıxsa da, “nəticə” əldə olunmadığını dedi: 


- Nazirin dedikləri məntiqsizdir. Çünki mövcud vəziyyət tamamilə əksini göstərir. İstənilən cərimə vətəndaşdan pul qoparmaq məqsədi daşıyır. İzah edim; əgər məqsəd vətəndaşı qayda, qanun pozuntusundan çəkindirmək, cəzalandırmaq məqsədi daşısaydı, çəkindirici, cəzalandırıcı başqa vasitələrdən də istifadə edilərdi. Dünya ölkələrində bunlar tətbiq olunur. Məsələn, yol hərəkəti qaydalarını pozan sürücünü həmin dəqiqə cərimə etmirlər, boynuna pul cəriməsi yükü qoymurlar, əvvəlcə xəbərdarlıq edilir, yol hərəkəti qaydası başa salınır, harada səhv etdiyi bildirilir, bir daha eyni səhvi təkrarlamasın deyə, ona qayda başa salınır, qayda pozuntusu sürücü tərəfindən təkrarlandıqda müəyyən müddətlərə sürücülük hüququ məhdudlaşdırılır, qaydanın dərəcəsi nəzərə alınaraq, hansısa müddətə avtomobil sürmək ona qadağan edilir və sair. Burada məqsəd sürücünü öyrətməkdir, onu zərərə salmaq yox. Çalışırlar, qayda pozucusuna bu, dərs olsun, amma o, maddi baxımdan ziyana düşməsin. Amma bizdə dərhal pul cəriməsi tətbiq edilir. Ola bilər sürücü fikirli olub, bilmədən hansısa qaydanı pozub, istəməyərək edib qayda pozuntusu, lakin buna baxan yoxdur, dərhal pul cəriməsi tətbiq edilir. Sürücülərin xəbəri olmadan onlara elektron cərimələr yazılır. Sürücü bir də onda xəbər tutur ki, flan qədər cəriməsi var. Aldığı əməkhaqqını, qazancını cərimələrə ödəməli olur. Vətəndaş uşağının çörək pulunu, ailəsinin dolanışıq pulunu cərimələrə ödəyir. Qanunlarda  bir məntiq, ədalət olmalıdır. Minimum əməkhaqqı 350 manat olan ölkədə yol hərəkəti qaydalarının pozulmasına və ya hansısa digər yüngül qanun pozuntusuna görə vətəndaşı 200-300 manat cərimə etmək onun aldığı əməkhaqqını tutub əlindən almaqdır. Bəs sosial ədalət harada qaldı? Cərimələr nə qanun pozuntularına adekvatdır, nə də əmək haqqına. 

  E.Bayramlı qeyd etdi ki, pul cərimələri varlı, imkanlı şəxsləri narahat etmir, çünki onların böyük gəlirləri var: 

- Pul cərimələri kasıb təbəqənin maddi durumunu daha da ağırlaşdırır. Cərimələrin miqdarı da tez-tez qaldırılır. Əməkhaqqı az olan ölkədə bu, sosial ədalətsizlikdir. Halbuki vətəndaşı qaydalara, qanunlara hörmət və əməl etdirmək üçün bir çox digər vasitələr var. Maarifləndirmə işi aparıla bilər, ictimai qınaq təşkil etmək,  sosial şəbəkələrdə tənqid hədəfinə çevirmək, ən nəhayət, ictimai işlərə cəlb etmək olar. Belədə qayda pozucusu buna görə yalnız özü cəzalanacaq, ailə büdcəsinə zərər dəyməyəcək. Hökumətin  ümdə vəzifəsi elə bir şərait təmin etməkdir ki, orada qayda pozuntuları minimuma ensin. Küçədə zibil qutusu yoxdursa, sakin zibili hara atmalıdır? İşıqforlar, piyada keçidləri düzgün qoyulmayıbsa, sürücülərin də, piyadaların da rahat hərəkətini təmin etmək əvəzinə çaşqınlıq yaradırsa, əlbəttə, sürücülər də qaydanı pozacaq, piyadalar da. Cərimələrin miqdarı yüksəkdir, yerli-yersiz tətbiq edilir, əsas məqsəd – qayda pozuntularının sayını azaltmaq - isə qalır kənarda.  Cərimələr və cərimə olunanların sayı da artır, qayda pozuntuları isə azalmır.