Kərim Kərimli: Ermənistanda Qarabağ ermənilərinə münasibət hər gün pisləşəcək 

Son tikələrini bölmək istəmirlər

 “Ermənistanda Qarabağın erməni əhalisinə həmişə ikinci sort adamlar kimi baxıblar. Onları mədəniyyətsiz, intellektsiz hesab ediblər. Onlara təhqiramiz ifadə olan “şurtavaz” (xain, dönük, ikiüzlü, alçaq adamlar…) kimi ayamalar qoşublar”

  Ermənistan KİV-i Qarabağı könüllü tərk etmiş ermənilərin məskunlaşma problemi ilə üzləşdiyini yazıb. Ermənistan KİV-ində yer alan məlumatlara görə, Qarabağdan köç edənlərlə ikinci dərəcəli vətəndaş kimi davranılır. Bu barədə "Globalinfo.az" Ermənistan KİV-nə istinadən xəbər verib. Məlumatda bildirilir ki, artıq bir müddətdir Ermənistan KİV-ində sakinlərlə bağlı çox sayda məskunlaşma probleminin olduğu bildirilir və onların narazılıqları ictimailəşdirilir. Məlumata görə, onlar kirayə ev, iş tapmaqda çətinlik çəkir, lazımi sənədləri ala bilmirlər. 

Hətta Ermənistan vətəndaşlığı almaq üçün qeydiyyatdan keçmələrinə də problem yaradılır. İrəvan hakimiyyətinin verdiyi “qaçqın” statusunu alan şəxslər isə dövlət idarələrində iş tapa bilmirlər. Şirkətlər vakansiyalar üzrə CV göndərən həmin şəxslərlə əlaqə saxlayıb onları işə götürə bilməyəcəklərini deyirlər. Sakinlərdən biri olan Hrzin Abramyan deyir ki, onlar artıq sentyabrın 19-dan bu yana ödənişlərini ala bilməyiblər. İrəvandakı banklardan birində onun hesabında məbləğin köçürüldüyü bildirilsə də, ödənişin bütövlükdə kredit üçün avtomatik çıxarıldığı deyilib. Qarabağ sakinlərinin yoxsulluqla üz-üzə qaldığı bildirilir. Karine adlı bir Qarabağ ermənisi isə deyir ki, Ermənistan hakimiyyəti sakinlərin qondarma rejimində hansı vəzifədə çalışıblarsa, ölkədə də eyni strukturda, eyni vəzifədə çalışacağı vədini verib. Lakin oğluna öz vəzifəsi üzrə müraciət etdiyi hər yerdən imtina cavabı gəlir.
  Məsələ ilə bağlı səlahiyyətli şəxs olan baş nazirin müavini Tiqran Xaçaturyanın heç bir suala cavab vermədiyi, şikayətlərə laqeyd yanaşdığı deyilir. Bu da Qarabağdan gələnlərin ciddi narazılığına səbəb olub. İnsanlar çarəsiz duruma düşdüklərini bildirirlər.

  Yaranmış situasiya ilə bağlı “Sherg.az”la  fikirlərini bölüşən, yazıçı-jurnalist, əslən qarabağlı Kərim Kərimli Qarabağdan Ermənistana köçən sakinlərə “ikinci dərəcəli vətəndaş, yaxud  ikinci dərəcəli insan” kimi baxılması, onlara qarşı düşməncəsinə davranılmasının yenilik olmadığını dedi: 

- Həmişə belə olub və bunun dərin kökləri, həmçinin ciddi səbəbləri var. Ermənistan Respublikasının yaranması ilə Azərbaycanın tərkibində erməni əhali üçün ayrıca muxtar vilayətin qondarılması hadisələri demək olar ki, eyni vaxtda baş verib. Elə o dövrlərdən də hər iki təsisatın əhalisi arasında gərginlik olub. Münasibətləri heç vaxt hamar olmayıb. Əvvəla, ona görə ki, “Qarabağın erməni əhalisi” dediyimiz Azərbaycan Respublikasının keçmiş vətəndaşlarının və onların törəmələrinin heç də hamısının əcdadları erməni deyil. Sonradan erməniləşmiş əhali qrupudur. İkincisi, indiki Ermənistan Respublikasının əhalisinin də əksəriyyətinin ya özü, ya da dədə-babası dünyanın müxtəlif yerlərindən oraya köçürülmüş və ya köçmüş əhalidir. Yəni haqqında danışdığımız bu toplumlar arasında doğmalıq, yaxınlıq, qohumluq, həmyerlilik əlaqələri zəifdir.
  Müqayisəm yerinə düşməyə bilər, ancaq özümüzü nümunə göstərə bilərəm. Biz, yəni Qarabağın azərbaycanlı əhalisi Ermənistanın işğalı və etnik təmizləmə hərəkətləri, terroru hesabına öz yerimizdən didərgin düşəndə bütün ölkəmiz bizə qucaq açdı. Özü, öz ailəsi, öz bacı-qardaşı kimi yanaşdı bizə xalqımız. Onlarda belə deyil. Yeri gəlmişkən, deyim ki, birinci müharibə dövründə də Azərbaycandan getmiş ermənilərə Ermənistanda münasibət çox pis idi. Ona görə də o zaman gedənlərin xeyli hissəsi, hətta deyərdim ki, əksəriyyəti dünyanın başqa ölkələrinə üz tutdular.

  K.Kərimli qeyd etdi ki, Ermənistanda Qarabağın erməni əhalisinə həmişə ikinci sort adamlar kimi baxıblar. Onları mədəniyyətsiz, intellektsiz hesab ediblər. Onlara təhqiramiz ifadə olan “şurtavaz” (xain, dönük, ikiüzlü, alçaq adamlar…) kimi ayamalar qoşublar: 

- Ancaq əslində tam əksinədir. Yəni Qarabağ ermənisi, Ermənistan ermənisindən daha “yaxşı”dır. Ermənistan əhalisinin xeyli hissəsi millətçi, işğalçı və separatçı şüurunun idarə etdiyi tipik kütlədən ibarətdir. Buradan da Qarabağdan gedən ermənilərə dediyiniz münasibətin daha bir səbəbi məlum olur: Ermənistana, ermənistanlılara qarabağ erməniləri deyil, Qarabağ lazım idi. Qarabağsız “qarabağlılar” onların nəyinə gərəkdir?! Nəhayət, onu da qeyd edək ki, əgər deyilən say düzdürsə, onda on minlərlə yeni əhalini işlə, yaşayış yeri ilə, çörəklə təmin etmək onsuz da bu sahədə imkanları zəif olan Ermənistan üçün çox çətindir. Ona görə də vaxtilə ağız-ağıza verib “miatsum” qışqırdıqları “əzizləri” ilə son tikələrini bölmək istəmirlər. Amma səhv edirlər. Çünki Azərbaycanın sayəsində “müqəddəs miatsum” arzularına çatıblar, “ana-bala” kimi qovuşublar. Qucaq-qucağa verib yaşasınlar və birlikdə xoşbəxt olsunlar!