"Azərbaycan xalqı və dövləti olaraq zəfər gününə 30 il müddətinə yol yürüdük. 4 komponentin üzərində zəfər qələbəsinə nail olduq. Otto fon Bismark deyirdi ki, sərkərdələr xalqların taleyidir. Bu xüsusda biz çox şanslıyıq. Çünki, Ümummilli lider Heydər Əliyev dövlətin başına gəldikdən sonra ordunun yaradılmasına başladı. Bundan sonra həmin addımı sərkərdə cənab Prezident İlham Əliyev uğurla qəbul etdi və 21 əsr müasir ordunu qurdu. Bu isə onun strateji vizionunun nəticəsi idi. Ali Baş Komandan olaraq İlham Əliyevin müharibə əməliyyatlarında birbaşa iştirakı və savaşın gedişatını yönətməsi qələbəmizin birinci amili idi".
Bu fikirləri hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a zəfərə gedən yolun keşməkeşli məqamlarından danışarkən deyib.
O bildirib ki, qələbəmizin digər səbəbi xalqımızın dövlətin və Silahlı Qüvvələrin yanında olması, görülməmiş bir dəstəyin verilməsindən ibarət idi. Bütün Silahlı Qüvvələrin hərbiçilərinin döyüş hazırlığının yüksək səviyyədə olması zəfərin üçüncü ayağı idi. Əgər Silahlı Qüvvələrimiz döyüşə hazırlıqlı olmasa idi, müharibə 44 gün yox 44 il çəkə bilərdi. Bu gün zəfər gününü qeyd etməymizin ən mühüm səbəbkarlarından biri də, strateji müttəfiqlərimizdir. Başda Türkiyə olmaqla Pakistan, İsrailin mənəvi- siyasi sayəsində qələbə əldə etdik. Ən əsası zəfərin qazanılması canımız, qanımız bahasına oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə şəfa versin. Bu torpaqlar uğrunda ümumilikdə 20 minə yaxın şəhid vermişik".
Ekspert onu da qeyd edib ki, Silahlı Qüvvələrimizin bütün istiqamətlərdə əks hücüm əməliyyatlarında müharibə aparma qabiliyyəti dünya hərb-elmi tarixinə böyük izlər buraxdı:
" Xüsusilə də, yeni nəsil texnologiyalar ilə dəstəklənən PUA-ın kütləvi şəkildə əməliyyatlar teatrında tətbiqi bizim müharibəyə qədər heç bir ölkədə olmamışdı. Bizim hərb tariximizdən sonra hərbi məktəblərdə yeni fakültələr açılacaq və kitablar yazılacaq. Eyni zamanda Xüsusi Təyinatlı Qüvvələrimizin 30 il bərkidilmiş Ohanyan səddini, 130 km irəliləyərək 90 dərəcəlik zirvələri əliyalın aşaraq bir gecədə keçməsi və Şuşanı azad etməsi hərb tarixinə Xüsusi Təyinatlılar adına ən yüksək döyüş hazırlığı kimi keçəcək. Biz məğlub xalqdan, qalib xalqa çevrildik. Eyni zamanda ləyaqətimizi də özümüzə qaytardıq. Lokal xarakterli antiterror tədbirləri zamanı da ləyaqətli addım atdığımızı göstərmiş olduq. Bu coğrafiyada siyasi və hərbi hədəflərimiz yekunlaşmadığı üçün daha çox güclü orduya sahib olmalıyıq. Tarix göstərir ki, bu coğrafiyada ayaqda qalmağın yolu güclü ordudan keçir. Artıq məktəblərdə işğal tarixi deyil, şanlı qələbə tariximiz tədris olunacaq."