Girovlarımızı azad etmədən atəşkəs olmayacaq. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O ölkəsinin anklavda saxlanılan girovlar azad edilmədən Qəzza zolağında hər hansı atəşkəsə razı olmayacağını təsdiqləyib.
Qeyd edək ki, bir gün əvvəl televiziya ilə xalqa müraciətində Netanyahu vurğulamışdı ki, İsrail bu mövqeyini həm düşmənlərinə, həm də dostlarına çatdırır.
Netanyahunun fikirlərinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a söyləyib ki, girovların azad edilməsi asan məsələ deyil:
"Çünki girovlar orada qaldıqca onların həyat problemi artacaq və yaşam mücadiləsi çətinləşəcək. Eyni zamanda hərbi əməliyyatların davam etməsi qarşı tərəfdə qıcıq yaradacaq. Bu isə həmin girovların öldürülməsinə qədər gətirib çıxara bilər. HƏMAS İsrailin fələstinliləri hədəfə aldığını görsə, daha çox aqressiya göstərəcək. Məsələnin sülh yolu ilə həll olunma ehtimalı var. Amma burada tərəflər bir-birinə güzəştə getməyi bacarmalıdır. Çünki iki tərəfin də başqa variantı yoxdur. Əgər güzəştə getmək alınmasa, münaqişənin sonu yaxşı yerə getməyəcək. Ona görə də, tərəflərə güzəştə getməyi öyrətmək lazımdır. Bundan sonra HƏMAS və İsrail bəzi məsələləri müzakirə edə bilər. İlk növbədə atəşkəs olmalı, daha sonra girovlar azad edilməlidir. Son olaraq isə tərəflər açıq şəkildə müəyyən məsələləri danışaraq həll etməlidir. Əks təqdirdə savaşın bitməsi gözlənilən deyil. Hətta qarşıdakı dövrdə Hizbullah və İslam Cihadın buraya qoşulması mümkündür.
Bu baş verdiyi halda isə yenidən genişmiqyaslı əməliyyatların olma ehtimalı artacaq".