"Bildiyim qədərilə, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə edilmir, ancaq belə bir məsələnin olmadığını demək də yanlışdır".
"Sherg.az" Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan çıxış edib.
Erməni deputat hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin əsas bəndləri təmin edildikdən sonra anklavlar məsələsi gündəmə gələcək və hansısa yolla həllini tapacaq.
Onun fikrincə, ən yaxşı variant anklavların dəyişməsidir:
“Ancaq Azərbaycan bunu qəbul etməyəcək və deyəcək ki, bizim olan bizim, sizin olan sizindir. Nəticədə buralar qeyri-sabitlik ocaqları olacaq. Buradan belə çıxır ki, Azərbaycan Ermənistanı sıradan çıxarmaqla Türkiyə ilə bu bölgədə sülh yaratmaq istəyir".
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Natiq Miri vurğulayıb ki, anklav və digər bölgələrdə ərazi dəyişikliyindən söhbət gedə bilməz:
" Azərbaycan elə bir unikal ölkədir ki, son bir əsr ərzində yalnız itirdiyi ərazilərin sayəsində öz torpaqları ilə həmsərhəddir. Bu Azərbaycanla qonşu olan 4 istiqamətinin hər birində belədir. İstər Ermənistan və Gürcüstan, istərsə də, Rusiya və İrandakı Cənubi Azərbaycanın hamısı bu vəziyyətdədir. Dərbənd ərazisinin hamısı Azərbaycanın halal-hümbət torpaqları olub. Ermənistanla 44 günlük müharibə zamanı bu qədər şəhidlərinin verilməsindən sonra sülh müqaviləsi qalib dövlətin maraqları çərçivəsində baş tutmalıdır. Eyni zamanda ərazi məsələsi xüsusi əhəmiyyət daşıyır. Çünki ermənilərdən fərqli olaraq azərbaycanlılar üçün torpaq vətəndir. Bu torpaqları qanımızla suvararaq vətən etmişik. Türklərdə vətəndən pay olmur. Azərbaycanın torpaqları heç bir hüquqi və siyasi əsas verilmədən Ermənistana verilib. Bunun hesabının verilmə zamanı məhz indidir. Buna görə də, hansısa ərazi dəyişikliyindən söhbət gedə bilməz. Hazırda yalnız delimitasiyası və demarkasiyası prosesinin hansı əsaslar üzrə olmasından danışmaq olar. Yəni həm xəritə, həm də bu xəritələrin hansı hüquqi, siyasi qərarlar əsasında formalaşması mühümdür. Məsələn, Ermənistana sərf edən 1975-ci il xəritələridir. Çünki 1994-cü ildə növbəti dəfə Qazaxın torpaqları da Ermənistana peşkəş edilib".
Politoloq onu da qeyd edib ki, anklav məsələsində olan 7 kənd Qazax və Ağstafaya məxsusdur:
"Həmin kəndlər elə strateji yerdə yerləşir ki, rəsmi Bakıya qaytarıldıqdan sonra Ermənistan Gürcüstana Azərbaycan üzərindən keçmək məcburiyyətində qalacaq. Bu torpaqlar qaytarılsa belə, Azərbaycanın oraya birbaşa keçidi yoxdur. Ona görə də həmin ərazilərə anklav deyirlər. Biz öz ərazimizə getmək üçün Ermənistana keçməliyik. Bu zamanında bolşevik Rusiyası tərəfindən yaradılmış anormal vəziyyətdir. Belə bir məsələni siyasi masa arxasında yalançı Ermənistanla müzakirə etmək qeyri-mümkündür. Necə işğal olunmuş torpaqlarımızı hərbi əməliyyatlar sayəsində azad etdiksə, indi də bu anklavlar məsələsini qısa müddətli lokal xarakterli tədbirlər nəticəsində nəzarəti təmin etməliyik. Həmin kəndlər əlimizdəykən öz doğma torpaqlarımızın ərazi mübadiləsi şəklində Ermənistana verilməsi mümkün deyil. Azərbaycan dövləti buna razı olmaz. Anklav ərazilərinin yenidən birbaşa Azərbaycana bitişdirilməsinə ehtiyac var. Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin geri qaytarılması üçün lokal xarakterli tədbirlərə ehtiyac olacaq. Bu kəndlərin qaytarılması Ermənistanı Azərbaycandan asılı hala salacaq. Yəni Zəngəzur dəhlizinin açılmasında Ermənistanı güzəştə getməyə vadar edəcək. Çünki Gürcüstana yolu bağlanan Ermənistanın yeganə çıxış variantı yalnız İrana qalır. Azərbaycan isə Zəngəzur dəhlizini kommunikasiya xətlərini açmasa, Ermənistan tamamilə blokada da qalacaq. Anklav ərazilər geri qaytarıldıqdan sonra eyni masa arxasında sülh prosesi müzakirə oluna bilər".