Ərəb ölkələri İsraillə dinc münasibətlərin qurulması üçün əsas şərt - Fələstindəki 1967-ci ildə təsbit edilmiş bütün ərəb ərazilərinin işğalından əl çəkməyi irəli sürüblər.
APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ərəb-islam sammitinin qərarında deyilir.
“İsraillə sülhün və onunla normal münasibətlərin qurulmasının ilkin şərti onun bütün Fələstin və ərəb torpaqlarını işğalına son qoyması, həmçinin Fələstin Dövlətinin 4 iyun sərhədləri daxilində tam suverenliklə müstəqilliyini həyata keçirməsidir”, - sammitin qərarında deyilir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Sultan Zahidov bildirib ki, 1967-ci ildə 6 günlük müharibə nəticəsində İsrail Ərəb ölkələrini məğlub etməklə yanaşı, Misirdən Sinay yarımadasını, Fələstindən Qəzza zolağını, Şərqi Qüdsü, İordaniya çayının Qərbini və Suriyanın Colan təpələrini ələ keçirmişdi:
"Həmin müharibədən sonra BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi qəbul olundu. Bu qətnamədə birmənalı şəkildə qeyd olundu ki, İsrail həmin ərazilərdən geri çıxmalıdır. Eyni zamanda qətnamə yekdilliklə qəbul edilmişdi. Hətta, ABŞ belə qətnamənin lehinə səs vermişdi. Ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin qurulmasını üçün həmin qətnamə icra edilməli idi. Düzdür, bu günə qədər İsrail müəyyən əraziləri geri qaytarıb. Məsələn, 1979-cu ildə imzalanan sülh sazişi nəticəsində Misirə Sinay yarımadasını geri təhvil verib. 1990-cı illərdəki Oslo prosesi nəticəsində Qəzza və İordaniya çayının qərbinin müəyyən hissələrini Fələstinə qaytardı. Bununla belə hələ də bir çox ərazilər İsrailin nəzarəti altındadır. Amma İsrail Misirlə 1978-ci ildə imzalanan müqavilə, BƏƏ, Qətər və digər körfəz ölkələri ilə 2020-ci ildə Abraham Accords (İbrahim razılaşması) ilə münasibətləri müəyyən qədər normallaşdırmağı bacarmışdı. Son zamanlar da İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərdə xeyli inkişafın şahidi olurduq. Amma oktyabrın 7-də baş verən hadisələrər bu prosesi geri çevirdi. Artıq Səudiyyə Ərəbistanı İsrail ilə əlaqələri yaxşılaşdırmağı düşünmür. Çünki bütün İslam dünyası Fələstin və Qəzzada baş verənlərə sərt mövqe bildirməkdədir. Onlar, İsrailin dərhal Qəzza zolağından çıxmağını və atəşkəs elan olunmağını tələb edirlər. Ən son Ərəb sammitində də bu tələb irəli sürüldü. Eyni zamanda qeyd olundu ki, İsraillə dinc münasibətlərin qurulması üçün 1967-ci ildən öncəki sərhədlərə geri dönülməlidir. Bu prinsip Ərəb ölkələri arasında uzun illərdir var. Sadəcə bəzi Ərəb ölkələri prinsipdən uzaqlaşaraq İsrail ilə münasibətləri qurdular. İsrailin öz strategiyasında da Ərəb ölkələri ilə yaxın əlaqələr qurmaq var idi. İndi isə görürük ki, yenidən Ərəb dünyasında canlanma müşahidə olunur. Ən son Ər-Riyadda keçirilən sammitin özü də bunu göstərmiş oldu".
Politoloq qeyd edib ki, İsrailə qarşı təzyiqlər gündən-günə artır:
"Hətta İsraildə, Fələstində baş verənlər iki əzəli rəqib olan İran və Səudiyyə Ərəbistanını belə bir-birinə yaxınlaşdırdı. Bunların hamısı İsrailə qarşı cəbhənin genişləndiyin göstəricidir. Hər hansı sensasiya baş verməsə, növbəti bir neçə həftədə Qəzza zolağınının şimalı tamamilə İsrailin əlinə keçəcək. Ancaq Livanın, Suriyanın və İranın birbaşa şəkildə münaqişəyə qatılması prosesi uzada bilər. Yəni, bütün bu faktorlar baş verməsə qısa zamanda Qəzza zolağının İsrailin nəzarətinə keçəcəyi gözlənilir. Hətta Netanyahu da vurğuladı ki, Qəzza zolağınına özümüz nəzarət edəcəyik və hansısa beynəlxalq mexanizmlərdən söhbət belə gedə bilməz. Bu o deməkdir ki, Netanyahunun 1967-ci ildəki torpaqları geri qaytarmaq fikri yoxdur, hətta Qəzza zolağınıda artıq tam nəzarətdə saxlamaq istəyir. Çünki, İsrail HƏMAS-ı özünə təhdid kimi görür. Yəni İsrail HƏMAS-ı təmizləmək üçün Qəzzanı ələ keçirməyə çalışır".