"Dövlət standartlarının qəbul edilməsi vacib amildir"
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 636:2023 “Yol nəqliyyat vasitələri. Ekoloji siniflər” dövlət standartını qəbul edib.
AZSTAND-dan verilən məlumata görə, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və ölkədə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartının əvəzinə işlənib-hazırlanıb.
Standart layihəsi “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.
AZS 636:2023 “Yol nəqliyyat vasitələri. Ekoloji siniflər” dövlət standartı ölkə Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-23-cü illər üçün Dövlət Proqramı”nın və Dövlət Proqramına dair Fəaliyyət Planının icrası məqsədilə yenidən işlənilib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, paytaxt ərazisində sıx avtomobilləşməni nəzərə alsaq Bakı şəhərinin relyefinin müəyyən dərəcədə bu prosesləri ertələməsi mövzunun vacibliyini önə çıxardır:
"Bakı şəhəri buxtada yerləşir. Sol və Şərq hissədən dənizlə əhatəlidir. Bu isə şəhərin ekoloji durumunun formalaşmasına öz təsirini göstərir. Çünki Bakıda dəniz olmasa idi, Azərbaycan Respublikasının şərq hissəsində şəhərin ekoloji durumu ən ağrılı həddə çatardı. Dəniz havanı təmizləyir. Eyni zamanda Şərq və Şimal küləklərinin təsiri Bakı üzərində formalaşan karbon qazının və atmosfer tullantılarının yayılmasının qarşısını alır. Amma bununla bərabər ətraf mühitin təmizliyi üçün müəyyən qədər tədbirlər görməliyik. Ona görə də, dövlət tərəfindən belə addımların atılması çox vacibdir. Burada yanacaqların sinifi, sisteminin nəzəratdə saxlanılması, yanacaqlardan alınan maddələrin atmosfer tullantılarından neçə faiz çıxa biləcəyinin bir standartı olmalıdır. O cümlədən bu işləyəcək avtomobillərin növlərindən asılı olacaq. Yəni, hansı nəqliyyat vasitəsi yanacağı necə yandırır. Bu məsələ də standartlara salına biləcək mövzudur. Standartlar beynəlxalq konvensiyalarla tənzimlənəcək. Burada Cenevrə, Paris konvensiyaları və Nyu Yorkda qəbul edilmiş qərarlar var. Karbon qazları ağır və yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Bu baxımdan standartların qəbul edilməsi vacib amildir".