Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb.
Bu barədə o, noyabrın 14-də ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Komissiya sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd edib.
Mina terroru qurbanlarının hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin zəruriliyi vurğulanıb.
Əli Nağıyevin fikirlərinə münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a bildirib ki, Ermənistanın mina xəritələrini verməkdən israrla imtina etməsi və daha əvvəl verilmiş xəritələrin reallığı əks etdirməməsi Ermənistanın hərbi-siyasi hakimiyyəti humanist dəyərlərdən və sülh anlayışından çox uzaq olduğunu bir daha sübut edir:
"Eyni zamanda, erməni tərəfi hələ də mina xəritələrindən danışıqlar prosesində təzyiq vasitəsi olaraq istifadə edə biləcəyinə ümid edir. Çox təəssüflər olsun ki, qlobal imstitutlar və dünyanın aparıcı dövlətləri də insan həyatını təhdid edən mina terrorunun qarşısının alınması ilə bağlı heç bir təzyiq mexanizmlərindən istifadə etməməklə yanaşı riyakar mövqe nümayiş etdirməyə davam edirlər. Heç şübhəsiz ki, bugün Ermənistanı hərbiləşdirərək onun işğalçılıq siyasətini dəstəkləyənlər mina qurbanlarının həyatını itirməsində ən azı Ermənistan qədər günahkardırlar. Amma Ermənistan Qərbin imperialist maraqlarının təmin olunması üçün alət funksiyasını yerinə yetirməyə davam etdiyi müddətcə hər hansı formada ona qarşı təzyiq mexanizmindən istifadə edilməsi və ya mina xəritələrinin verilməsinin tələb olunması ilə bağlı qlobal institutların xoş niyyət nümayiş etdirməsi ehtimalı real görünmür. Təbii ki, bu heç bir halda bizim haqlı tələblərimizin davamlı şəkildə ifadə olunmasına mane ola bilməz. Biz işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi işini sürətli şəkildə davam etdirdiyimiz bir zamanda paralel şəkildə bu məsələni daimi olaraq beynəlxalq ictimaiyyətin diqqətində saxlayaraq Ermənistana təzyiq göstərilməsini tələb etməyə davam edirik".