Tıxaclar hər gün ömrümüzü “yeyir”-Problemin həlli nədir?

Cüt, tək nömrələr də çıxış yolu deyil 

Bakının nə şənbə, nə bazar, nə də bayram-seyran günləri qalıb

Hökumət üzvləri toplaşır, danışır, müzakirə edir, yenə ortada əməli bir iş görünmür

“Bizə lazımdır ki, radikal addımlar atılsın, qərarlar və eləcə də yanaşma, düşüncə tərzimizdə dəyişiklik olsun”

 Paytaxt yollarındakı tıxaclar və sıxlıqla bağlı hər gün eyni məzmunlu məlumatlar yayılır. Paytaxt sakinləri tıxac dəhşətini zatən hər gün, hər saat, hər dəqiqə canlarında hiss edir. Tıxaclar hər gün ömrümüzü “yeyir” və buna əlac edən də yoxdur. Hər kəs əsəb, stress keçirir. Daha şənbə, bazar, bayram, tətil günlərinin “yol boşdur” komfortu da qalmayıb. Bu şəhərdə nə şənbə, nə bazar, nə də bayram-seyran günləri qalıb. İlin 365 gününün 8766 saatı və 525.960 dəqiqəsi tıxacdır. Yeni-yeni qurumlar yaranır, idarəetmə bir qurumdam alınıb digərinə verilir, hökumət üzvləri toplaşır, danışır, müzakirə edir, yenə ortada əməli bir iş görünmür. Əməli iş olsa insanlar saatlarla tıxacda qalaraq əsəb xəstəliyinə tutulmaz. Dünyada başqa şəhərlər də var, sıxlıq yaşayan, tıxac problemi yaranan. Bakı ilə fərq bundadır ki, o şəhərlərdə tıxac probleminə bir həll variantı tapılır və icra edilir. Bizdə isə guya ki, nəyisə həll etməyə çalışırlar, amma nəticə yoxdur.  İritutumlu avtobuslar gətirməklə, “ekspress xətlər” təyin etməklə, yaşıl, qırmızı xətlərə bir də bənövşəyi xətt əlavə etməklə, yaxud dayanacaqlarda bərli-bəzəkli gözləmə məntəqələri quraşdırmaqla problem həll olunmayacaq (bir xətdəki - bənövşəyi xəttdə metro qatarları arasındakı interval 10 dəqiqəyə çatır, bu, metro deyil artıq, tıxacda ilişib qalmış avtobusdur – M.R. ). Bu arada, xatırladaq ki, bir müddət əvvəl tıxaclardan qurtulmaq üçün maraqlı təklif irəli sürülmüşdü. Təklif edilirdi ki, paytaxtda fərdi avtomobillər dövlət nömrə nişanları üzrə növbəli şəkildə yollara buraxılsın. Yəni cüt nömrəli avtomobillər günün müəyyən saatında, tək nömrəli avtomobillərsə başqa bir saatda. Bunun nə dərəcədə effektiv olacağını mütəxəssisdən soruşduq. 
 Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd edib ki, avtomobillərlə bağlı dövlət nömrə nişanına görə təsnifat aparmaq problemin həll yolu deyil: 
"Hesab etmirəm ki, bu üsul tıxac probleminin aradan qalxmasına kömək edəcək. Məncə bu, heç nəyi dəyişməyəcək. Çünki bir şəxsin iki avtomobili ola bilər, hər avtomobilin də müxtəlif dövlət nömrə nişanı olacaq. Bizə lazımdır ki, radikal addımlar atılsın, qərarlar və eləcə də yanaşma, düşüncə tərzimizdə dəyişiklik olsun. Hazırda şəhərin mobilliyə ehtiyacı var. Bu da nəqliyyat növlərinin müxtəlifliyi ilə mümkündür. Hazırda şəhər ictimai nəqliyyatında  sərnişin avtobusları və bir də metropoliten fəaliyyətdədir. Elektrik qatarları Bakı-Sumqayıt və Bakıətrafı qəsəbələr istiqamətində hərəkət edir. Onların da hərəkət qrafikində çatışmazlıqlar var. Şəbəkədə lazım olduğu qədər geniş deyil, heç də bütün qəsəbələri əhatə etmir. Digər ictimai nəqliyyat növü taksilərdir, onlardan da istifadə kütləvi deyil. İnsanlar əlacsız qaldıqda taksidən istifadə edir. Qısaca xatırladım ki, vaxtilə Bakıda ictimai nəqliyyat daha çoxnövlü idi. Avtobuslar da vardı, tramvay xətləri, trolleybus şəbəkəsi, elektrik qatarları, sonra bunlara metro da əlavə olundu, beləliklə, insanlar daha rahat gedib-gələ bilirdilər. Şəhərin böyüməsi, əhali sayının artması, paytaxta köç... bunlar hamısı əlbəttə, yollarda sıxlığın getdikcə artmasına səbəb olan amillərdir. Lakin şəhər böyüdükcə, infrastruktur da gərək inkişaf etsin. Son 15 ildə şəhərdə avtomobilləşmə prosesi gedib, avtomobilləşməyə geniş şərait yaradılıb. Bu da həm səs, həm ekoloji kirliliyi, həm də aqressivliyi formalaşdırıb. İnsanlar hətta qısa məsafələri qət etmək üçün də avtomobildən istifadə edir. Niyə çünki ictimai nəqliyyatla gedəcəkləri məsafəyə vaxtında çata biləcəklərini ehtimal etmirlər, digər tərəfdən, başqa hərəkət vasitələrinin idarə olunması üçün uyğun infrastruktur da yoxdur. Məsələn, velosiped zolaqları yoxdur və ya çox azdır, skuterlərin maneəsiz hərəkəti mümkün deyil.  Bir sıra yollarda avtobus zolaqları çəkilib, ancaq nəzarət yetərli olmadığından effekti azdır. Taksilərlə bağlı qismən islahatlar başlayıb. Parkinq sistemi işə düşür... Ancaq bunlar tıxac problemini həll etməyə yetərli deyil. Şəhərdə piyada infrastrukturuna diqqət ayrılsa, hərəkət zolaqlarının kənarları, səkilər təyinatı üzrə istifadə edilsə, avtobus zolaqlarının da yükü azalar.  Şəhərin bütün əsas küçələrində bunu edə bilsək, problem həllini tapar". 

Ekspert bildirib ki, görüləsi işlər çoxdur: 
"Vahid bilet sistemi tətbiq edilməlidir. İctimai nəqliyyat şəbəkəsinə tramvay, trolleybuslar daxil  edilməli, metrostansiyalarının sayı artırılmalı və bu zaman əhali sıxlığı olan ərazilər nəzərə alınmalıdır. Metropolitenin özündə də əsas həllini gözləyən məsələ “qırmızı xətt”lə “yaşıl xətt”in bir-birindən ayrılmasıdır. Bununla qatarlararası interval azalacaq, sərnişin sıxlığı  da aradan qalxacaq. Şəhərətrafı qəsəbələrə elektrik qatarlarının sayı artırılmalı, şəbəkə genişlənməlidir. Bütün bu işlərin icrası üçün də investisiya cəlbinə ehtiyac var ki, bu dəyişikliklər sayəsində insanlar daha rahat və təhlükəsiz hərəkət edə bilsinlər".