İsmət Qayıbovun oğlu düz deyir: Yenidən istintaq olsa, şaiyələrə son qoyular

Müstəqillik tariximizin dəhşətli faciələrindən biri – Qarakənd faciəsindən 32 il ötür. Həmin gün Azərbaycan dövlətçiliyinə ən ağır zərbələrdən biri vuruldu. Müstəqilliiymizi gözü götürməyənlər, demokratk dövlət kimi inkişaf edəcəyimizlə, azad xalq kimi yaşayacağımızla barışmaq istəməyənlər ölkəmizi qəlbindən yaraladılar. Azərbaycanın o zamankı ən təpərli, sözü keçərli siyasi liderlərini məhv etdilər.  

1991-ci il, noyabrın 20-də içərisində ən hörmətli, xalq tərəfindən sevilən siyasi rəhbərlərin, ictimaiyyətdə nüfuz sahibi şəxslərin olduğu “Mi-8” vertolyotu Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında vuruldu. Və vertolyotdakı 22 nəfərin hamısı həlak oldu. Vertolyotda  Azərbaycanın ozamankı daxili İşlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eyni zamanda Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də vardı.  


Qarakənd səmasında vertolyotun hansı məqsədlə vurulduğu aydındır, lakin konkret kimlər, hansı qüvvələr tərəfindən vurulduğu isə hələ də tam açılmayıb. O zaman istintaq başladıldı, “qara qutu” üzərində təhqiqat aparıldığı deyldi, lakin həqiqət bu gün də üzə çıxmayıb. Mərhum baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov Qarakənd faciəsinin 32-ci ildönümündə açıqlama verib. “Ümid edirəm ki, Qarakənd facisi ilə bağlı cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar” söyləyən İsmayıl Qayıbov “Report”a açıqlamasında qeyd edib ki, arzusu işğaldan azad olunmuş əraziləri ziyarət etməkdir: "Bu 32 ildə həsrətlə baxdığımız Qarabağa və Qarakəndə getmək istəyərdim, o vaxt bu hadisədən sonra cinayət işi qaldırılmışdı. 1993-cü ildə torpaqlar işğal altında olduğu üçün cinayət işi bağlandı. Artıq torpaqlarımız işğaldan azad olunub, ümid edirəm ki, bu cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar".


Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, əslən Ağdamdan olan araşdırmaçı jurnalist  Asəf Quliyev də Qarakənd faciəsi ilə bağlı yenidən istintaq başladılmasının tərəfdarıdır. “Sherg.az”a açıqlamasında A.Quliyev qeyd etdi ki, yenidən istintaq başladııması bir çox şayiələrə son qoya bilər: 

- Sözsüz ki, yenidən araşdırma yaxşı olardı. Azərbaycan dövləti hazırda çox güclüdür. Məhkəmə-hüquq sistemimiz də xeyli inkişaf edib. Lazımi materiallar əldə edilə bilər. Yenidən istintaq başladılması faciənin həqiqi səbəbkarlarının bilinməsinə kömək edər. Həm də bu, bir çox şayiələrə son qoyar.