Türkiyə Respublikasının Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.
"Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər, - məlumatda vurğulanıb.
Təlimləri "Sherg.az"a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz söyləyib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi tətbiqatlar 2013-cü ildən bəri davam edir:
"Bunun nəticəsində 2023-cü ildə təxminən 20-ə yaxın təlimlər Türkiyə və Azərbaycanda reallaşdı. Bu keçrilən təlimlərin hamısı Quru Qoşunlar, Hava Qüvvələri və Dəniz Qoşunları ilə birgə edilib. Marmarisdə Türk Dəniz Qüvvələrinin donanması mövcuddur. Orada dəniz sualtı və suüstü təlimləri təşkil olunur. Dolayısı ilə " Doğu Akdeniz-2023" beynəlxalq təlimlərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iştirakı əhatə dairəsindəki bir fəaliyyətdir. Cənab Prezident Ali Baş Komandan İlham Əliyev hər dəfə bir millət, iki dövlət fikirlərini səsləndirib. Eyni zamanda türk ordu modelinə keçməkdən də danışıb. Türk Dəniz Qüvvələrinin min illik tarixi var. Həmçinin NATO-ya üzv donanmadır. Azərbaycan və Türkiyə bu təlimlər ilə Dəniz Qüvvələrini koordinasiya edirlər. Bunun nəticəsində Türkiyə ilə Azərbaycan birlikləri ortaq hərəkət tərzi, təhdidi aradan qaldırmaq və uyğunluq fəaliyyəti həyata keçirirlər. Təbii ki, bu təlimlər təkcə Azərbaycan və Türkiyəni deyil, bölgədəki Gürcüstanıda əhatə etməyə çalışacaq. Eyni zamanda həmin təlimlər Pakistan, Türkiyə və Azərbaycan arasında eyni şəkildə davam etməkdədir. Həmçinin, sözügedən təlimlər lazım gəldikdə bir-birini dəstəkləcək şəkildə hərəkət edilməsi üçün təməl ünsürləridir".
Qeyd edək ki, qardaş ölkədə keçirilən “Doğu Akdeniz-2023” beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.