Yaxın vaxtlarda sənədin imzalanma ehtimalı inandırıcı görünmür
ABŞ və Qərbə Cənubi Qafqaza yerləşmək üçün yeni münaqişə lazımdır
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib ki, əsas məsələ sülh prosesində irəliləyişin əldə olunmasıdır və məhz hansı platformada buna nail olunacağı az əhəmiyyət kəsb edir. Aİ nümayəndəsinin sözlərinə görə, Ermənistan-Azərbaycan normallaşmasına aid həll olunmamış az məsələ qalıb. Toivo Klaar əlavə edib ki, normallaşma prosesində ciddi irəliləyiş əldə olunmaması üçün hər hansı real səbəb yoxdur, çünki həllini tapmamış çox az sayda məsələ artıq bir neçə dəfə müzakirə olunub. Klaar “3+3” formatında görüşlərə toxunaraq deyib ki, buna problemləri olan region ölkələrinin birlikdə müzakirə formatı kimi baxır. Onun sözlərinə görə, ilkin olaraq belə bir anlayış var idi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, sülh müqaviləsi və iki ölkə arasında normallaşma bu formatda müzakirə mövzusu olmamalıdır. Klaar onu da vurğulayıb ki, buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyiş əldə olunmaması üçün heç bir səbəb görünmür.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin yaxın vaxtlarda imzalanma ehtimalı o qədər də inandırıcı görünmür.
Analitik hesab edir ki, Ermənistan buna qətiyyən hazır deyil:
"Rəsmi İrəvan hər imkanda ilin sonuna qədər sülh sazişinin imzalanmasının mümkün olduğunu təkrarlasa da, bu ehtimalın qarşısında olan əngəllərin sayı kifayət qədər çoxdur. Xüsusilə də, rəsmi İrəvanın ABŞ, Fransa və Avropa Birliyinin tam nəzarətində olması sülh prosesini ləngidir. Çünki indiki situasiyada ABŞ və Qərbə Cənubi Qafqazda sülh prosesinin uğur qazanması o qədər də sərfəli deyil. Əksinə, ABŞ və Qərbə Cənubi Qafqaza yerləşmək, bu regionda Ermənistan üzərindən hərbi kontingent yerləşdirmək üçün yeni münaqişə lazımdır. Ona görə də həm Ermənistanın, həm də Qərb siyasi dairələrinin sülh müqaviləsi barədə dedikləri sadəcə, siyasi manipulyasiyalardan başqa bir şey deyil".
Ekspert vurğulayıb ki, yekun sülh sazişinin imzalanması üçün müzakirə edilən problemlərin çox hissəsinin deyil, hamısının həll olunması lazımdır:
"Azərbaycan beynəlxalq hüquq normalarına uyğun şəkildə beş şərt irəli sürüb. Ermənistan isə hazırda üç prinsip üzrə anlaşmanın olduğunu iddia edir. Deməli, hələ yekun sülh sazişinin üzərində xeyli işləmək lazımdır. Rəsmi Bakı bütün problemlər razılaşdırılmadan, yarımçıq sülh sazişi imzalamaz".
İsmayıl Qocayev