Fələstinin radikal HƏMAS hərəkatı və İsrail Qəzza zolağında atəşkəs sazişi bağlamağa yaxındır.
Bu barədə HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öz “Telegram” kanalında dərc edilmiş açıqlamasında deyilir.
“HƏMAS və İsrail Qəzzadakı müharibənin fonunda atəşkəs razılaşmasını imzalamağa yaxındırlar. HƏMAS öz cavabını Qətərə və digər vasitəçilərə verib”, - deyə İ.Haniyə qeyd edib.
İsmayıl Haniyənin söylədiklərinə münasibət bildirən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, indiki məqamda atəşkəsin əldə olunması çətin görünür:
"Atəşkəs əldə edilsə belə, sadəcə olaraq söz şəklində qalacaq. Yəni, bölgədə atəşkəsə nə qədər əməl olunacağı sual altına olacaq. Çünki, İsrail əsgərləri Qəzza zolağında bəzi əraziləri ələ keçirib. Amma atəşkəs baş tutsa, HƏMAS münaqişədən əvvəlki vəziyyətə geri dönülməsini tələb edəcək. Əlbəttə, İsrail tərəfi də bununla razılaşmayacaq. Bunun özü atəşkəsin olmayacağına dəlalət verən səbəbdir. Ancaq burada başqa məqamlar mövcuddur. Məsələn, 7 oktyabr tarixində HƏMAS-ın gözlənilmədən İsrailə qarşı hücuma keçməsi özlüyündə çox suallar doğurdu. Çünki, HƏMAS bu addımı atərkən qarşısında İsrail kimi güclü dövlətin olduğunu heçmi düşünmürdü? İsrailin nüvə silahları, uzaqmənzilli raketləri var və hava məkanı çox güclüdür. Yəni, HƏMAS-ın İsrail ordusuna qarşı döyüşmək gücünün olmadığı açıq şəkildə bəlli idi. Amma belə bir məqamda zəif tərəfin dəlicəsinə hücüma keçməsi də məntiqli görünmürdü. İndi görünür ki, bağlı qapılar arxasından HƏMAS-a yardım edənlər bunun kifayət etməyəcəyini başa düşürlər".
Analitik qeyd edib ki, ABŞ tərəfindən İsrailə dəstəyin verilməsi HƏMAS və tərəfdarlarının qələbəyə olan ümidlərini gündən-günə azaldır:
"Həmçinin, Qəzza bölgəsində yaşananlar HƏMAS-ı düşünməyə vadar edir. Ona görə də mübarizə əzmlərinin tamamilə qırılmaması üçün atəşkəsi ən yaxşı yol kimi seçə bilərlər. Digər tərəfdən HƏMAS-ın atəşkəsi istəmə səbəbi düşdüyü çətin vəziyyətin fonunda İsraili təcavüzkar kimi göstərməkdən ibarətdir. Yəni, biz atəşkəs istəyirik, amma İsrail bundan imtina edir görüntüsü yaradılır. Bununla hər şeyi İsrailin üzərinə yıxmağa çalışır. Çünki HƏMAS yaxşı bilir ki, qarşı tərəf atəşkəsə razı olmayacaq. İsrail hazırda sahədə üstünlüyü ələ alıb və HƏMAS dirənişdən başqa bir şey etmir. HƏMAS sadəcə olaraq müdafiədə müəyyən uğurlar qazanır. Bütün bunların fonunda İsrail ordusu atəşkəsdən deyil, HƏMAS-ı tamamilə məhv etməkdən yana addımlar ata bilər".