Yanvarda quru sərhədlərin açılacaq? - RƏY

Azərbaycan tərəfi Gürcüstanla quru sərhədləri açmış olsaydı, vəziyyət çox mürəkkəb ola bilərdi

“Pandemiya səbəb kimi göstərilə bilməz. Hesab edirəm ki, quru sərhədlərin açılmaması siyasi məsələdir. Nə vaxtsa bu haqda açıqlama veriləcək”

  2023-cü ilin sonuncu ayına qədəm qoymuşuq və yəqin ki Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı yenə qərar verəcək. Amma bu qərar əhalinin, vətəndaşların quru sərhədlərin açılmasına dair 3 ildir həsrətlə gözlədiyi bir qərar olacaqmı, bunu söyləmək çətindir. Nə dünyada, nə də ölkəmizdə xüsusi karantin rejimlik bir durum qalıb. NK niyə mövcud vəziyyətə hələ də “xüsusi” yanaşır, bəlli deyil. Quru sərhədlərin qapalı qalmasından savayı hər hansı digər məhdudiyyət qalmayıb artıq. Quru sərhədlərin açılması isə tilsimə düşüb. Tilsimi qıran da tapılmır. Yeni iddialar var. Bildirilir ki, quru sərhədlər 2024-cü ilin yanvar ayından açılacaq. Lakin bu, rəsmi xəbər deyil. Ehtimaldır. Bu məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, millət vəkilləri məsələyə aydınlıq gətirilməsini istəyiblər, nəticə hasil olmayıb. Bu dəfə də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu “Ölkə.Az”a açıqlamasında bildirib ki, sərhədlərin açılması daima gündəmdə olan bir mövzudur, çünki buna tələbat var: “Sərhədlərin açılması həm iqtisadiyyatın dirçəlməsi, həm turizm potensialının artması deməkdir. Tarixi zəfərimizdən sonra Azərbaycana gəlmək istəyən çoxsaylı qonaqlarımız var”. Lakin millət vəkili bununla bağlı qərarın verilməsi üçün kifayət qədər əsasların olmadığını qeyd edir: “Hazırda sağlamlıqla bağlı yeni təhdidlər yaranıb və yeni sindrom başlayıb. Bunların hər biri müvafiq komissiya tərəfindən diqqətlə analiz olunur. Əminəm ki, şərtlər uyğun olduğu təqdirdə açılma ilə bağlı qərar qəbul ediləcək”. Komitə üzvü sərhədlərin açılmasına ehtiyac olduğunu da vurğulayıb: “Bütövlükdə sərhədlərin açılmasına böyük tələbat var. Azərbaycanda böyük qış turizm obyektləri var, onlara gələcək turistlərin bir qisminə quru sərhədlərlə keçmək daha uyğundur. Yəqin ki, ən optimal qərarı doğru vaxtda hökumət qəbul edəcək”.
  Milli Məclisdə qaldırılan problemlərlə bağlı “Sherg.az"a danışan iqtisadçı Fuad İbrahimov səbəbləri açıqladı:
- Quru sərhədlərin hansı səbəbdən açılmamasıyla bağlı iqtisadçı kimi araşdırma aparmışam. Və bu qənaətə gəlmişəm ki, quru sərhədlərin bağlı saxlanmasını pandemiya ilə əlaqələndirmək mümkün deyil artıq. Yəni pandemiya səbəb kimi göstərilə bilməz. Hesab edirəm ki, quru sərhədlərin açılmaması siyasi məsələdir. Nə vaxtsa bu haqda açıqlama veriləcək. Və məlum olacaq ki, quru sərhədlərin bağlı saxlanması geosiyasi vəziyyətə görədir. Vəziyyət hazırda necədir; Rusiya-Ukrayna müharibəsi davam edir, cənub qonşumuz İranla da münasibətlərimiz hələ tam normallaşmayıb. Milli Məclisdə Gürcüstanla quru sərhədlərin açılmasının mümkünlüyü fikri də bundan əvvəl səsləndirilmişdi. Gəlin baxaq, Gürcüstanda hazırda vəziyyət necədir. Gürcüstan-Rusiya quru sərhədi Yuxarı Lars - bu yol sovet vaxtı hərbi Gürcüstan yolu adlanırdı - gömrük qapısı tərəfdən açıqdır. Pandemiya vaxtında da bu qapı bağlanmamışdı. Rusiyanın Ukraynaya hərbi təcavüzü başlananda nə qədər insan məhz bu qapıdan Gürcüstana daxil oldu. Ruslar, gürcülər, digər millətlərin nümayəndələri. Təkcə bu gömrük postu açıq idi deyə, orada da sıxlıq yarandı, insanlar avtomobillərə, avtomobillər yük maşınlarına qarışdı. İndi də bu qapı hələ ki açıqdır və sizə deyim ki, Ermənistanın Rusiya ilə quru yolu əlaqələri bu qapı vasitəsilə həyata keçirilir. Bu sərhəd qapısı bağlansa, Ermənistan daha da zəlil duruma düşəcək. Son hadisələr zamanı Ukraynadan bu keçid vasitəsilə Gürcüstan ərazisinə keçənlər də çox oldu. Gürcüstan məcbur oldu bir müddət keçidləri məhdudlaşdırmağa. Çünki ölkəyə axın çoxalır, nəzarət imkanları azalır. İndi təsəvvür edin ki, əgər Azərbaycan tərəfi Gürcüstanla quru sərhədləri açmış olsaydı, vəziyyət necə mürəkkəb ola bilərdi. Məcburi köçkünlər, qaçqınlar ordusu ölkəyə axışacaqdı. Bir var, dövlət öz vətəndaşlarını, soydaşlarımızı münaqişə bölgəsindən qayda-qanunla təxliyə edir, bir də var, münaqişə və müharibə zonasından insanlar hansısa ölkəyə kütləvi axın edir. Bu yöndən baxanda, deməli, Azərbaycan hökuməti Gürcüstanla quru sərhədləri elə əvvəldən bağlamaqla doğru qərar verib. Quru sərhədlərin nə zaman açılacağı geosiyasi vəziyyətdən asılıdır artıq. Məlumdur ki, quru sərhədlərinin bağlı qalması bölgə iqtisadiyyatına mənfi təsir edir, turizm sektoruna da həmçinin. Turistlər, digər ölkələrə səfər etmək istəyənlər yalnız inhisarçı təyyarə reyslərinin ümidinə qalıb. Əlbəttə, hər vətəndaşın buna maddi imkanı çatmır. Xarici ölkə vətəndaşları da bahalı təyyarə reyslərini deyil, daha ucuz, sərfəli quru yolla səyahət etməyi üstün tutur. Ona görə də turizm sektoru 3 ildir ki, itirir. Yükdaşımalar, ticarət əlaqələri davam edir, lakin turizmdən əldə edilən gəlir daha çox ola bilər.