Qış mövsümünün kabusu – dəm qazı qapıdadır 

"Təkcə istilik cihazları deyil, işıq, su, bütün kommunal xidmət növləri mütəxəssislər tərəfindən rəy verilərək istifadə olunmalıdır"

Qış mövsümünün kabusu – dəm qazı qapıdadır yenə. Dəm qazına “dəvət” göndərən özümüzük. Hər birimizin səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından baş verir dəm qazından zəhərlənmələr. Və təəssüf ki, bir çox hallarda dəm qazı insan həyatına son qoyur. Qış fəsli hələ başlamayıb, dəm qazı isə can almaqdadır. 
Salyan şəhərində 2 nəfər hərbi qulluqçu dəm qazından zəhərlənərək vəfat ediblər. Fakt üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında qeyd olunur. Qeyd edilir ki, hadisə rayonun “PMK-23” adlanan yaşayış massivində baş verib. Dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Ağaməmmədov Urufət Oruc oğlu və Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu dəm qazından boğularaq ölüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onların yaşadıqları mənzilə baxış keçirilib. Meyitlər daxili və xarici müayinədən sonra aidiyəati üzrə təhvil verilib. Məlumata görə, rayon ərazisindəki “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edən U.Ağaməmmədov və D.Ələkbərzadə sözügedən yaşayış massivində kirayədə qalırmışlar. 
Dəm qazından zəhərlənmələr bundan əvvəl Ucar, Biləsuvar, Daşkəsən rayonlarında da qeydə alınıb. Zəhərlənmələr nəticəsində vəfat edənlər də olub, təcili tibbi müdaxilə sayəsində həyatları xilas edilənlər də. Dəm qazından qorunmağın yollarına keçməzdən öncə, bir məlumatı qeyd edək ki, bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatında bildirilir. Sənədə əsasən bu göstərici yanvarın 1-i ilə müqayisədə 0,05 faiz bəndi çoxdur: “"SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni “Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət əsas kapitala yatırımlar vasitəsilə davam etdirəcək". Qazlaşdırma davam edir, evlərə, mənzillərə təbii qaz – mavi yanacaq verilir. Amma təəssüf ki, “mavi yanacaq” kimlərinsə həyatına bais olur. Burada isə vətəndaş olaraq məsuliyyətimiz rəsmi qurumlardan heç də az deyil. 

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bir çox evlərdə standartdankənar istilik cihazlarının quraşdırıldığını, standart cihazların da vaxtaşırı yoxlanmalı olduğu halda, bunun  edilmədiyini dedi: 

- Bunu həmişə demişik. Binaların tüstü bacaları mütəmadi təmizlənməlidir. Mənzillərdə qeyri-standart isitlik cihazlarının, su qızdırıcılarının quraşdırılmasına icazə verilməməlidir. Amma məsələ sadə deyil. Bilrisiniz ki, paytaxtda “n” sayda  fərdi evlər var, hansılar ki mərkəzi istilik şəbəkəsinə daxil deyil. Qaz xətləri  çəkilib, əhali istifadə edir, lakin insanlar evlərini isitmək üçün hər vasitədən istifadə edirlər. Müxtəlif qaz peçləri, isidicilər quraşdırırlar. Bunları quraşdırarkən də təhlükəsizlik qaydalarına riayət etmirlər, çünki o cihazıar kustar üsullarla quraşdırılır. Biz dəfələrlə demişik ki, təkcə istilik cihazları deyil, işıq, su, bütün kommunal xidmət növləri mütəxəssislər tərəfindən rəy verilərək istifadə olunmalıdır. İndi yerindən duran özünü qaz ustası, işıq ustası sanır. Düz quraşdırmırlar, elektrik naqillərində qısaqapanmalar olur, bu da yanğınla nəticələnir. Qaz peçlərini də düzgün quraşdırmrlar, yanma prosesi düzgün getmir, qazdan ayrılan zəhərli maddələr havaşçəkən vasistəsiylə xaric olunmaq əvəzinə, otağa dolur. Nəticədə də dəm qazı zəhərlənməsi baş verir. Rəsmi qurumların üzərinə düşən odur ki, vaxtlı-vaxtında reydlər keçirsinlər, harada təhlükə var, müəyyənləşdirsinlər. Dəm qazı zəhərlənməsi təkcə fərdi evlərdə yox, çoxmərtəbəli yaşayış binalarında da baş verir. Qaz xətlərinə baxış keçirilməlidir, tüstü bacaları təmizlənməlidir, istilik cihazlarına yoxlanmalıdır, qazın təmiz yandığına əmin olmalıdırlar. Əhali də məsuliyyətlə davranmalı, istilik cihazlarının düzgün quraşdırıldığına, mavu yanacağın yanma prosesində nöqsan olub-olmadığına diqqət etməlidir. Vanna otağında mütləq nəfəslik olmalıdır. Su qızdırıcı hamam otağına ölçülərinə uyğun gəlməlidir.                       

E.Hüseynov dəm qazının çox təhlükəli və gizli düşmən olduğunu bildirdi: 

- Dəm qazı ona gorə təhlükəlidir ki insan onu əvvəlcə hiss etmir. Bədənə yayılıb, beyni dumanlandırdıqda isə artıq gec olur. Huşunu itirir, yıxılır, əgər5 yaxınlıqda kimsə varsa, kimsə bunu bilirsə, təcili tibbi yardıma mmüraciət edildikdə həyatını xilsa etmək olur. Amma yaxınlıqda kimsə yoxdursa, evdə təkdirsə və ya yuxu vəziyyətindədirsə, təhlükə realdır, insan həyatını itirə bilir. Dəm qazı - kimyəvi adı karbon-monooksid (CO) təmiz halda gözə görünməyən, rəngsiz, iysi, dadsız; havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma nəticəsində əmələ gəlir. Yanma prosesi tam getmirsə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur. Təbii qazın yanması üçün normal hava çatmadıqda isə dəm qazı yaranır, bu da tez bir zamanda orqanizmi zəhərləyir. Qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində insan huşunu itirir. Belə hal baş veribsə, zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, bədəni yarıoturaq vəziyyətdə saxlamaq lazımdır. Həmin insanın alnına, sinəsinə soyuq kompres qoymaq olar, vəziyyətə uyğun süni nəfəs də vermək olar. Əgər insanın huşu üstündədirsə, isti çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. İlkin olaraq, şirin çaya limon qatıb vermək olar . Əlbəttə  ki mütləq təcili yardım çağırılmalıdır.