Mişanın əli-ayağı kəsilməyib  - Xankəndidə çəkilən video erməniləri ifşa etdi

Ermənilərin növbəti yalanı da, ifşa oldu, hay-küylərinin əsassız olduğu təsdiqləndi. Bir müddət əvvəl özünü Mişa kimi təqdim edən Xankəndi sakini, erməni Muşeq Qriqoryan sosial şəbəkədə video paylaşıb və populyarlaşıb. Fürsətcil ermənilər də bundan sui-istifadə etməyə çalışıb. Erməni mənbələri hərəkətə keçərək guya Mişanın əllərinin kəsildiyi və qətlə yetirildiyi barədə xəbər yayıb. Əslən Qarabağdan olan həmkarımız, Jurnalistlərə Hüquqi və Texniki yardım İctimai Birliyinin sədri Asəf Quliyev isə erməni tərəfinin yalan məlumat yaydığını elə həmin Mişanın son görüntülərini paylaşmaqla ifşa edib. Videonu paylaşan Asəf Quliyev paylaşıma bu sözləri əlavə edib: “Nəzərinizə çatdırım ki, Mişa sağ salamatdır və hazırda Xankəndidə yaşayır. Bu da onun son görüntüləri”. 


Bu barədə “Sherg.az”a danışan Asəf Quliyev Mişa haqqında ətraflı məlumat verdi: 

- Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatlarından sonra özünü Mişa kimi təqdim edən şəxsin videosu sosial şəbəkədə yayıldı. Bu videodan sonra ermənilər onun guya Azərbaycanlılar tərəfindən əllərinin kəsilməsi və öldürülməsi ilə bağlı xəbərlər yaydılar. Yayılan bu yalan məlumatlar ermənilər tərəfindən müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı istifadə olunmağa başladı. Məsələ ondadır ki, özünü Mişa kimi təqdim edən erməni Qriqoryan Muşeq hazırda Xankəndidə yaşayır. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən heç bir təqibə və təzyiqə məruz qalmadan. Əksinə, hazırda Mişa ermənilərin qoyub getdiyi mal-qaranı Ballıca kəndi yaxınlığında bir fermaya yığıb. Və fermerlik edir. Bundan başqa bir kafeni də götürüb işlədir. Yəni fermadakı heyvanlardan kəsib kafedə bişirir. Oradakı ermənilər də onun xidmətindən istifadə edir. Doğrudur, orda bir o qədər də erməni yoxdur. Amma olanlar da bilir ki, Mişanın kafesində yemək həmişə var. Məndə olan məlumata görə, Azərbaycanlılar ona bir “Opel” markalı maşın da veriblər, benzinlə də təmin edirlər.
- Asəf bəy, Mişa videoda nədən danışır, hansı dildə?
-Rus dilində danışır, deyir ki, “adım Mişadı – Muşeq Qriqoryan. Mən burda Xankəndidə yaşayıram (Məhz Xankəndi deyir, sonra arada yenə Xankəndi deyir, bir dəfə “Stepanakert” də deyir). Burada bizə yaxşı baxırlar, yaxşı yedirirlər. Burda mənə qardaş kimi  yanaşırlar (Qardaş e! – M.R.). Mən onlara doğma qardaş kimiyəm (Bu, deyəsən, bir az çox oldu! M.R.) Hamını bura dəvət edirəm. Deyirlər, guya mənim əllərimi, ayaqlarımı kəsiblər. Əllərini, ayaqlarını göstərir – baxın, əllərim də yerindədi, ayaqlarım da. Sağ-salamat dayanmışam burda. Məni heç kim incitmir. İzləyən də yoxdu. Amma şəhərdən kənara çıxanda, məsələn Ballıcaya gedəndə müşayət edirlər. Məni videoya qarabağlı bir oğlan çəkir. Azərbaycanlılara da, ermənilərə demək istəyirəm ki, barışın, sülh içində yaşayın Xankəndidə”. 

-Ermənilərin belə bir yalan məlumat yaymaqda məqsədləri bəlldiir. Xislətlərinə uyğun davranırlar. Biz nə etməliyik?  

- Bu video ermənilərə ən tutarlı cavabdı. Görürsünüz, Mişa dayandığı yerdə abidə - bir büst də var. Sındırılmayıb, dağıdılmayıb.  Dəqiq olan budur ki Xankəndidə azərbaycanlılar heç bir dağıntı və ya başqa xoşagəlməz hala yol verməyib. Hətta kimə məxsusluğu bəlli olmayan büst də yerindədir. Bunu göstərməliyik dünyaya. Ermənilərlə bizim fərqimizi bəlkə anlasınlar. Yeri gəlmişkən, Mişanın qarşısında dayandığı abidə sovet təyyarəçisi, II Dünya Müharibəsinin iştirakçısı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın büstüdür. O, Şuşada anadan olmuşdu. Gördüyümüz kimi abidə qorunur.