“Yaşıl enerji”yə üstünlük vermək günün tələbidir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Sahibkarlar fəaliyyətlərində enerji resurslarından səmərəli və qənaətlə istifadəni öyrənməlidirlər

  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sahibkarlara dəstək layihələri bu sahədə inkişafı təmin edən amillərdən biridir. Qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması, inkişaf problemlərini araşdırmaqla müvafiq tədbirlərin görülməsi məqsədilə bu günlərdə təşkil olunan növbəti konfransda biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının sədri Nigar Ələsgərovanın iştirak etdiyi tədbirdə qadınların biznes sahəsində irəliləməsi üçün fikir mübadiləsi aparılıb. Çıxışçılar ölkəmizin sosial-iqtisadi inkişafında qadınların rolu, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə, xüsusilə də tikinti sektorunda qadınların aktivliyinin artırılması, onların işgüzar əlaqələrinin genişləndirilməsi, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə layihələr barədə məlumat veriblər. Bu cür layihələrin kiçik və orta biznesin inkişafında rolundan danışıblar. Bu günlərdə daha bir əhəmiyyətli hadisə mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan "AccessBank" və "ResponsAbility Investments AG" tərəfindən idarə edilən "Global Climate Partnership Fund S.A" arasında 8,5 milyon AZN dəyərində kredit razılaşmasıın imzalanmasıdır. Müqaviləyə əsasən, kredit vəsaitləri Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqinə yönəldiləcək. Beşillik proqram, "AccessBank"ın “yaşıl kredit” imkanlarını inkişaf etdirməyə yönəldiləcək və kredit vəsaitlərinin Azərbaycanda “yaşıl layihələrə” yönəldilməsinə şərait yaradan, GCPF tərəfindən maliyyələşdirilən texniki yardım və məsləhət dəstəyini təmin edir. "AccessBank" olaraq "Global Climate Partnership Fund S.A." təşkilatı ilə imzalanan müqavilə əsasında Azərbaycanda yenilik etməyimizdən çox məmnunuq. Bu addım bizim maliyyə dayanıqlığına sadiqliyimizi əks etdirməklə, Azərbaycanda ”yaşıl təşəbbüslərin” imkanlarının genişləndirilməsi və ekoloji sabitliyin təmin edilməsinə imkan verir”, - bunu "AccessBank"ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib. “Azərbaycanın “yaşıl iqtisadi” transformasiyanı sürətləndirmək öhdəliyi ölkəni karbonsizləşdirmə və iqtisadiyyatın şaxələndirilməsinə doğru aparması gözlənilən bir sıra iqlim siyasəti islahatlarının başlanmasına səbəb olub. "AccessBank"ın innovativ baxışı və iqlimə uyğun kreditləşmə həllərini genişləndirmək öhdəliyi ilk görüşdən bizi heyran etdi. Bankın MKOB seqmentlərində güclü mövqeyi Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaları stimullaşdırmaq üçün unikal platforma təqdim edir. Biz bankın “yaşıl kredit” səyahətini dəstəkləmək üçün fərdi məsləhətlər və texniki yardım təqdim etməyi səbirsizliklə gözləyirik”, - deyə "responsAbility Investments AG"-nin Maliyyə İnvestisiyaları və İqlim Maliyyəsi departamentinin rəhbəri Daid Diaz Formidoni bildirib. Gözləntiləri nəzərə alaraq, "AccessBank" və "Global Climate Partnership Fund" (GCPF) arasında əməkdaşlıq həlledici rol oynayır. Dövlət və özəl sektorların tərəfdaşlığını təmin edən GCPF, enerji effektivliyi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi vasitəsilə yeni yaranan və inkişaf edən bazarlarda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə məşğuldur. Fond, enerjiyə əhəmiyyətli dərəcədə qənaət etməklə yanaşı, istixana qazlarının proqnozlaşdırılan tullantılarının ən azı 20 faiz azaldılmasına yönəlmiş təşəbbüslərə hədəflənib. “AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
  İqtisadçı Pərviz Heydərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təbii, bu cür layihələrin sahibkarlığın inkişafında əhəmiyyəti var. Lakin kiçik və orta sahibkarlıq sahəsində həllini gözləyən bir sıra digər məsələlərə də diqqət ayrılmalıdır:
- Enerji səmərəliliyi, enerji resurslarından səmərəli və qənaətlə istifadə, bərpa olunan enerjilərdən istifadə müasir dövrün tələbidir və hazırda dünyada buna çağırışlar geniş vüsət alıb. Çünki indiyədək baş verən atmosfer çirklənməsi, enerji resurslarından sui-istifadə hallarının kənd təsərrüfatına, heyvandarlığa, əkinçiliyə, bitkiçiliyə, istehsal, tədarük məsələlərinə, sənaye sahələrinə, ümumilikdə iqtisadiyyata mənfi təsirləri göz önündədir. Fermerlər məhsul becərə bilmir, kənd təsərrüfatı təyinatlı torpaqlar aidiyyəti üzrə istifadə olunmur, su ehtiyatları tükənmək üzrədir, bir tərəfdən də havanın çirklənməsi təsərrüfat subyektlərini çətin vəziyyətdə qoyur. Bu, bütün dünyada hazırda belədir. Ona görə də dövlətlər müxtəlif layihələr hazırlanmasını və icra edilməsini zəruri hesab edir, bu işə iri korporasiyalar, şirkətlər, maliyyə mənbələri olan Fondlar qoşulurlar. Əlbəttə, sevindiricidir ki, bizim ölkədə də kiçik və orta sahibkarlığa dəstək layihələri həyata keçirilir. “Yaşıl enerji”yə üstünlük vermək də günün tələbidir. Bu mənada sahibkarlardan da çox şey asılıdır. Sahibkarlar fəaliyyətlərində enerji resurslarından səmərəli və qənaətlə istifadəni öyrənməlidirlər. "AccessBank" və "Global Climate Partnership Fund" (GCPF) arasındakı əməkdaşlıq dövlət və özəl sektorların tərəfdaşlığını təmin edəcəksə, enerji effektivliyi və bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi mümklün olacaqsa, bu, alqışlanmalıdır. Sahibkarlara maliyyə dəstəyi, məlumatlandırma, texniki dəstək çox önəmlidir. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında aparıcı mövqe tutması üçün onların maliyyə resurslarına asan çıxışı təmin edilməlidir. Bu, kredit resursları da ola bilər, subsidiyalar da. Elə etmək lazımdır ki, sahibkarların maliyyə əlçatanlığı təmin edilsin və sığortalana bilsinlər. İstehsal, tədarük və bazarlama prosesində də onlara dövlət dəstəyi mühümdür. Biz kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında önəmli yer tutmasını istəyiriksə, bu şərtlərə əməl edilməlidir.