Şəriətə ziddir: Sürücünün avtobusu saxlayaraq yolda namaz qılması qətiyyən doğru deyil

Avtobus sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb və namaz qılıb.

Bununla bağlı  sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

“BakuBus” MMC-dən bildirilib ki, görüntü qurumun istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib:
“Daxil olmuş videogörüntü əsasında daxili araşdırma aparıldı. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”.

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan isə " Sherg.az" a açıqlamasında deyib ki, sürücünün sərnişinlərlə dolu avtobusu saxlayaraq yolda namaz qılması qətiyyən doğru deyil, şəriətə ziddir.
İlahiyyatçının sözlərinə görə, İslam dininə görə ibadət bəndə ilə Allah arasında olan vasitədir. Ona görə ibadəti, duanı başqalarına göstəriş olaraq etmək olmaz: "İbadəti aram və sabit şəkildə etmək gərək. Çirkli və şübhəli məkanlarda namaz qılmaq olmaz. Hətta şəkil olan otaqda namaz qılmaq bəyənilmir.
Keçən dəfə qarşıma video çıxdı, təyyarədə bir nəfər keçiddə namaz qılırdı, ayaqyoluna tələsən sərnişinlər isə narazı şəkildə onu gözləyirdilər. İbadət zamanı başqalarını incitdinsə o ibadət qəbil oluna bilməz. İndi də avtobus sürücüsü avtobusu saxlayıb sərnişinlər içində yolda namaz qılır. Bu, bir neçə yöndən doğru deyil. 

Yolda namaz qılmaq, namaz üçün məkruh sayılan bir neçə yerdən biridir. Hamamda, ayaqyolunda, qəbristanlıqda, qəbir üstündə, Hədislərdə kəbənin üstündə, yolda və yol kənarında namaz qılmaq məkruh, yəni bəyənilməyən əməl sayılır.  Həm də yolla keçənlərin, avtomobillərin, sərnişinlərin narahatlığına səbəb olduğu üçün məqbul deyil, həm də göstəriş və riya təsviri, bəlkə də niyyəti daşıdığına görə bəyənilən əməl deyil. 
Avtobus sürücüləri üçün yanacaq doldurma, nahar etmə, sonuncu dayanacaqda bir neçə dəqiqəlik fasilə üçün şərait yaradılır. Sürücülər həmin zaman ərzində namaz qıla bilərlər.
Əgər uyğun məkan olmasa belə şəriətə uyğun olaraq oturaraq da ibadət etmək, göz işarəti ilə də namaz qılmaq məqbuldur.
İbadət digər insanları gözləmək, narahat etmək üçün yox, Allahı razı salmaq üçün edilir. O minikdə xəstəsi olan və xəstəxanaya tələsən insanlar, işə gecikən adamlar ola bilər. Yaxud sərnişinlərin hərəsi müxtəlif dinlərə inanan adamlar ola bilər. Hər sərnişin öz inancına görə dayandırıb ayin icra etsə o zaman hansı mənzərə yaranar? Təbii ki, xoşagəlməz durum alınar. Çünki sürücünün maşını saxlayıb namaz qılmaq haqqı olduğu kimi sərnişinlərin də haqqı olmuş olur. O zaman hamı dayanacaqda düşüb namaz qılsın.
Namaz qılmaq üçün dinimizdə hər cür imkan tanınır. Gedə-gedə, göz işarəsi ilə, oturaq halda və. s. Yəni, bir sözlə yolda, başqalarının diqqətini çəkmək üçün edilən ibadət Allah üçün yox, göstəriş üçündür, ona görə bəyənilən deyil".