ABŞ-dən Türkiyəyə F-16 satışı ilə bağlı açıqlama

ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük prosesinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası tərəfindən qəbul edilməsindən məmnun olduğunu və Ankaraya F-16 döyüş təyyarələrinin satışı prosesi üzərində həssaslıqla çalışdığını bildirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında İsveçin NATO-ya üzvlüyü və F-16 təyyarələrinin Türkiyəyə satış prosesini dəyərləndirib.

Mövzu ilə bağlı AA müxbirinin sualını cavablandıran Miller, İsveçlə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Baş Assambleyada qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib.

Administrasiyanın F-16-ların satışı və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmədiyini bildirən ABŞ sözçüsü bu iki məsələni bir-biri ilə bağlı görən Konqres üzvlərinin olduğunu qeyd edib. Bu mövzuda Konqresdə bəzi problemlərin olduğunu bildirən Miller, F-16-lar da daxil olmaqla iki ölkə ilə bağlı mövzularda həssaslıqla çalışdıqlarını vurğulayıb.

F-16 satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt ediləcəyi ilə bağlı Miller, "Hazırda nə vaxt irəliləməyə hazır olacağımıza dair şərh vermək istəməzdim" deyə qiymətləndirmə edib.

ABŞ prezidenti Co Bayden və digər rəsmilər əvvəlki açıqlamalarında Türkiyənin F-16 donanmasının modernləşdirilməsini dəstəklədiklərini və bunun NATO-nu daha da gücləndirəcəyini bildiriblər.

İsveçin NATO-da iştirakına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi 26 dekabr 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiq edilib.