Kirmandakı partlayış bölgədəki gərginliyi daha da artıracaq - RƏY


İranın Kirman şəhərində terror aktı ilə balı şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
İran Daxili İşlər Nazirliyinin məlumatında  bildirilib ki, bu cinayətlə bağlı mühüm dəlillər aşkarlanıb və bir neçə nəfər saxlanılıb. Bildirilib ki, şübhəli bilinən şəxslər haqqında ətraflı məlumat veriləcək.
Daxili İşlər Nazirliyi qeyd edib ki, terror aktı nəticəsində 89 nəfər həlak olub, onlardan 12-si Əfqanıstan vətəndaşı olub.

Ekspertlərin fikrincə İran Süleymaninin mərasimindəki partlayışa da adekvat cavab verməyə çalışacaq, bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağı da istisna edilmir.

Tural İrfan da "Sherg.az"a açıqlamasında deyib ki, İranın Kirman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq: "
Terror kim tərəfindən və harada törədəlməsindən asılı olmayaraq pislənən əməldir.
Azərbaycan terrordan əziyyət çəkən bir ölkə olaraq həmişə terroru lənətləyib. Uzun illər erməni terroru ilə üzləşmişik axı!  İranda baş verən məlum terror hadisəsi də pislənməlidir. Dinc insanların, uşaqların, qadınların öldürüldüyü bir hadisə hər zaman lənətə layiqdir. O ki, qaldı hadisənin kim tərəfindən törədilməsinə: burada əsas təşkilatçısı və iştirakçıları həmin ölkənin güc qurumları müəyyən edəcək və o zaman dəqiq bilinəcək. Lakin indi siyasi ehtimallar irəli sürmək olar ki, bu da qətilik ifadə etməz. İranın İsraillə uzun illik düşmən münasibəti, əsasən də hazırda davam edən Həmas - İsrail müharibəsində birincinin Həmasa ciddi dəstək verməsi şübhəsiz ki, İsrailin səfərbər olması ilə nəticələndi. Məlumdur ki, zaman - zaman İsrailin ismi İranda nüvə alimlərinin aradan götürülməsində də hallanırdı". 

T. İrfan hesab edir ki, İran - İsrail münasibətlərinin müharibə həddinə çatması və mümkün savaşın baş verməsində maraqlı qüvvələr də belə hadisə törədə bilər: " İŞİD kimi təşkilatların sızması nəticəsində baş verməsi də istisna deyil. Şübhəsiz ki, həmin təşkilatlar da vasitə ilə yaxud bilavasitə Qərbdə müxtəlif dairələrdən himayə görərək inkişaf edirlər. Mümkündür ki, İranın Həmasa dəstəyinə İsraildən bu bir mesaj olsun.
İranın isə anında cavab verəcəyini zənn etmirəm. Hər iki dövlətin özünəməxsus mübarizə metodları var ki, bunlar çox zaman beynəlxalq haqları və müharibə qanunlarını da nəzərə almır. Ona görə veriləcək cavabın da eynilə oxşar olacağını ehtimal etmək olar.
İndidən İran İsraili günahlandırırsa Həmas - İsrail savaşının masştabının genişlənməsi gözlənilir. Çünki bu kimi hadisələr artıq savaşın Fələstin ərazisindən kənara çıxdığını işarə verir. İran bu hadisənin müəllifinin İsrail olmasının üstündə dursa həmişə olduğu kimi birbaşa özü deyil, Livan, Yəmən, Suriya, Qəzza ərazisindəki nöqtələrindən İsrailə zərbə vura bilər. Ancaq bunun o qədər də təsirli olacağını güman etmirəm".
T.İrfanın onu da qeyd edib ki, bu hadisə sadəcə Həmas - İsrail savaşının davam etməsinə hesablanıb. Türkiyə kimi dövlətlər uzun səylər göstərərək savaşın durması naminə müəyyən irəliləyişlər əldə etdiyi bir ərəfədə bu hadisənin baş verməsi həmin nəticələrin təsirini azaldır: " Buradan da görünür ki, həm Qərbdə, həm də Şərqdə məlum müharibənin daha da dərinləşməsini istəyənlər var. İranı və Türkiyəni bu savaşın bilvasitə iştirakçısı kimi görmək istəyənlər var. Bu cür terror hadisələri çox zaman qisasdan çox siyasi maraqlara xidmət edir.
Hadisələrin aktivliyi artacaq və Həmas - İsrail qarşıdurması daha qızğın fazaya keçəcək. Təsir qüvvəsi olan təşkilat və dövlətlərin də məsələyə kənardan seyrçi və tövsiyyəçi münasibət sərgiləmələri əvvəldə qeyd etdiyim kimi savaşın davam etməsində maraqlarını sübut edəcək".

Qeyd edək ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub.
İranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.