Dünyanı gözləyən 10 risk: Ukrayna bu il de-fakto bölünəcək - ABŞ ŞİRKƏTİ SADALADI

Qlobal risk və məsləhət şirkəti baş verəcək hadisələri sıralayıb

Dünya 2023-cü ildən qalan problemləri yeni ilə daşıdı. 2024-cü ildə müharibələr, iqtisadi problemlər və iqlim fəlakətləri də baş verəcək. Dünyanın gözü döyüş bölgələrində olacaq. 2024-cü ildə dünyanı gözləyən 10 risklərlə tanış olun...

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Qlobal risk və məsləhət şirkəti “Eurasia Group” 2024-cü ilin 10 qlobal riskini sadalayıb. İqtisadi gərginliklər, geosiyasi risklər və təbii fəlakətlər 2024-cü ilin riskləri arasındadır. Nyu-Yorkda yerləşən qurum 2024-cü ili “Dəhşətli il” olaraq xarakterizə edib. Avropa və Yaxın Şərqdəki müharibələrə diqqət çəkilir. 2024-cü ilin ən böyük riskləri arasında ABŞ-ın özü ilə mübarizəsi olacaq. Hesabatdan diqqət çəkən məqamları təqdim edirik...

1- ABŞ ÖZÜNƏ QARŞI

2024-cü ildə ABŞ demokratiyası daha pisə doğru dönüş edəcək. Seçkilər ölkədə münaqişəni və siyasi parçalanmanı dərinləşdirəcək. Amerika demokratiyası 150 ildə yaşamadığı dərəcədə sınaqdan keçiriləcək və onun beynəlxalq etibarı zədələnəcək. Sosial quruluş, siyasi institutlar və qlobal mövqe zərər görəcək. Trampın qalib gəlməsi ehtimalı ABŞ-ı təhlükə qarşısında qoyacaq.

2 - YAXIN ŞƏRQ UÇRUMUN KƏNARINDADIR

Qəzzada münaqişələr 2024-cü ildə genişlənəcək və bunun daha geniş regional müharibəyə çevrilməsinin müxtəlif yolları olacaq. Münaqişə qlobal iqtisadiyyat üçün risklər yaradacaq, geosiyasi və siyasi parçalanmaları genişləndirəcək və qlobal ekstremizmi gücləndirəcək. ABŞ və İran birbaşa müharibəyə cəlb oluna bilər. Husilər gərginliyi artıracaq. İraq və Suriyada fəaliyyət göstərən şiə silahlıları ABŞ bazalarını hədəfə alacaq.

3 - UKRAYNANIN BÖLÜNMƏSİ RİSKİ

Rusiya-Ukrayna müharibəsi Avropada gərginliyi artıracaq və 2024-cü il müharibə üçün dönüş nöqtəsi olacaq. Ukrayna canlı qüvvə, silah istehsalı və hərbi strategiya problemlərini həll etməsə, ərazi itkiləri genişlənəcək. Ukrayna bu il de-fakto bölünəcək. Rusiya döyüş meydanında öz təşəbbüsü və maddi üstünlüyündən istifadə edəcək. Kiyev bu il daha böyük hərbi risklərlə üzləşəcək. NATO-nun Rusiyanın hücumları ilə münaqişəyə cəlb olunma riski olacaq.



4 - İDARƏ EDİLMƏYƏN SUNİ ZƏKA

Süni intellektin tənzimlənməsi səyləri nəticə verməzsə, nəzarətdən çıxacaq. Texnologiya şirkətləri çox güclü süni intellekt modelləri ilə üstünlüklərini artıracaq.

5- RUSİYA, ŞİMALİ KOREYA, İRAN

ABŞ-ın əzəli düşmənləri olan Rusiya, Şimali Koreya və İranla daha çox ünsiyyət quracaq. 3 ölkə qlobal səhnədə daha koordinasiyalı fəaliyyət göstərəcək. Ukrayna, İsrail və Tayvan dostluqları ilə ABŞ üçün təhlükə yaradacaq. Ölkələr arasında münaqişələr ABŞ üçün riskləri artıracaq.

6 - ÇİN İQTİSADİYYATI

Çin iqtisadiyyatı 2024-cü il ərzində aşağı performans göstərəcək. Hökumət iqtisadi proqramında köklü transformasiya etməsə, maliyyə kövrəkliyi artacaq. İqtisadi böhran Çin Kommunist Partiyasının liderlik imkanlarında boşluqları üzə çıxaracaq. Ölkədə sosial qeyri-sabitlik riskləri artacaq.

7 - KRİTİK MİNERALLAR ÜÇÜN MÜBARİZƏ

Kritik minerallar bir çox sektorlar üçün vacib komponent olmağa davam edəcək. Hökumətlər kritik mineralların axınına mane olan sənaye siyasətlərindən və ticarət məhdudiyyətlərindən getdikcə daha çox istifadə edəcəklər.

8 - DAVAMLI İNFLYASİYA

Qlobal inflyasiya şokunun iqtisadi və siyasi təsirləri davam edəcək. Davamlı inflyasiyanın yaratdığı yüksək faiz dərəcələri bütün dünyada artımı ləngidir. Maliyyə gərginliyi, sosial iğtişaşlar və siyasi qeyri-sabitlik riski artacaq.

9 - EL NINO GERİ DÖNƏCƏK

El- Nino iqlim modeli dörd ildən sonra ilin birinci yarısında güclü zirvəyə çatacaq. Ekstremal hava hadisələri zəifləmiş iqtisadiyyatlarda miqrasiya və siyasi qeyri-sabitliyə təkan verəcək.
Bu, xüsusilə pandemiya və Ukrayna müharibəsinin yaratdığı enerji və ərzaq qiymətləri şokları ilə artıq zəifləmiş ölkələrdə ərzaq təhlükəsizliyini tətikləyən, su stressini artıran, logistikanı pozan, xəstəlikləri yayan, miqrasiya və siyasi qeyri-sabitliyi artıran ekstremal hava hadisələri gətirəcək.


10- AVROPADA POPULİZM  ƏNDİŞƏSİ 

Avropanın populistləri siyasi isteblişmentə qorxu salmaqda davam edəcəklər. 2024-cü ilin digər riskləri qlobal şirkətləri gözləyən məhkəmə prosesləri və ABŞ-Çin gərginliyi olacaq. Qlobal şirkətlər məhkəmə çəkişmələri ilə yanaşı yüksək qeyri-müəyyənlik və xərclərlə üzləşəcəklər. ABŞ-Çin gərginliyi müxtəlif sahələri əhatə edəcək.