Osman Gündüz: Seçkidə qismən elekton səsvermə tətbiq edilə bilər

"Az sayda məntəqələrdə olsa da, vətəndaşların elektron formada səsvermədə iştirakını sınaqdan keçirmək faydalı və doğru olardı"


  Uzun illərdir ki, Estoniyada, bir neçə ildir ki, Rusiyada, son illərdə isə hətta Gürcüstanda, Qazaxıstanda pilot layihə də olsa müxtəlif səviyyəli seçkilərdə elektron səsvermə təşkil olunur. Yəni bu ölkələrdə məhdud sayda seçicilər (Estoniyada xeyli sayda vətəndaşlar, Rusiyada müəyyən vilayətlər, Gürcüstanda -100 məntəqə) seçki məntəqəsinə getmədən, müxtəlif üsullarla identifikasiya olunaraq səsvermə prosesində elektron formada iştirak edirlər.
  Bizdə vəziyyət necədir? Prezident seçkilərində elektron səsvermədən istifadə ediləcəkmi? 

Mövzuya aydınlıq gətirən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün "Sherg.az"a sözlərinə görə,  MSK elektron səsvermə ilə bağlı bir açıqlama verməyib. Ötən seçkilərdə isə MSK rəsmiləri bu məsələnin nəzərdən keçirildiyini bildirmişdilər. Hətta xatırlayıram ki, 2000-ci illərdə buna cəhdlər oldu, lakin sonralar bu proses davam etdirilmədi. 
  Son illər Azərbaycanda rəqəmsal transformasiya sahəsində bir xeyli irəliləyiş olduğunu vurğulayan O.Gündüz  MSK-nın da  bir xeyli təkmil rəqəmsal xidmətləri olduğunu qeyd edib: 
“Ən əsası isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların identifikasiyası üçün SİMA rəqəmsal imzanı istifadəyə verib. SİMA bir çox sahələrdə artıq tam formada istifadə edilir. Düşünürəm ki, biometrik texnologiyaya əsaslanan bu identifikasiya vasitəsindən istifadə etməklə az sayda məntəqələrdə olsa da, vətəndaşların elektron formada səsvermədə iştirakını sınaqdan keçirmək faydalı və doğru olardı. Fikrimcə, MSK və RİNN bunu reallaşdıra bilərdi”.

  O.Gündüz prezident seçkilərində məntəqələrin veb-kamera ilə təminatı məsələsinə də toxunub. Azərbaycanda indiyədək təxminən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıldığını xatırladan AİF prezidenti deyib ki, bu proses regionda ilk dəfə olaraq Azərbaycanda reallaşmışdı. 
Seçkilərin müşahidəsi üçün bu texnologiya da mühüm əhəmiyyət kəsb edir.
  Görəsən, bu il MSK neçə məntəqədə veb-kamera quraşdıracaq? Hələlik MSK bunu açıqlamayıb: 
“Onu deyim ki,  son 3 ildə RİNN-in “Onlayn Azərbaycan” layihəsi çərçivəsində  hətta ən ucqar ərazilərə fiber-optik xətlər çəkilib. Ölkə üzrə nəhəng  fiber optik infrastruktur qurulub. 
Yəni nəinki seçki dairələri, hətta kəndlərdə və ucqar ərazilərdəki çox sayda seçki məntəqələri üçün də artıq keyfiyyətli internet əlçatandır.
Eyni zamanda statistikadan görünür ki, Elm və Təhsil Nazirliyi də son bir neçə ildə əvvəlki illərdən qat-qat çox məktəbi genişzolaqlı internetlə təmin edib. Məntəqələr də adətən məktəblərdə yerləşir.
Buradan belə qənaətə gəlmək olar ki, MSK veb-kamera ilə təmin edilən seçki məntəqələrinin sayına yenidən baxa bilər. 
  Yalnız rayon və şəhər mərkəzlərində yerləşən məntəqələri deyil, artıq kəndlərdə yerləşən seçki məntəqələrini də veb-kameralarla təmin etmək faydalı olardı”.