Rus sülhməramlıların vaxtı getdikcə daralır -Rəy

Gərəksiz qoşunlar Qarabağdan vaxtından əvvəl də çıxarıla bilər

“Onsuz da bəyanata imza atan hər üç dövlətin siyasi rəhbərliyi Rusiya kontingentinin orada qalmasının əhəmiyyətsiz olduğunu müxtəlif formalarla bəyan edib”


  Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentinin regionda fəaliyyəti üçün  heç bir əsas qalmayıb. İndi regionda nə münaqişə, nə hərbi insidentlər, nə də separatçılıq var.  
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsibən sonra isə  bu məsələyə xüsusi diqqət yönəlib. Prezidentin müsahibə zamanı İkinci Qarabağ müharibəsini yekunlaşdıran 10 noyabr tarixinə “10 noyabr hadisəsi də bir dövr idi” deməsi iki məqamı açıqlayıb.
  İ.Əliyev çıxışı zamanı feilin keçmiş zamanından istifadə etdi. Bu, müharibəni bitirən 10 Noyabr Bəyanatının bir çox müddəasının Azərbaycan tərəfindən icra edilməsi fonunda onların qüvvədən düşməsini təsvir edir.
  Ekspertlərin fikrincə, Rusiya ilə sülhməramlıların çıxarılmasını özündə ehtiva edən cədvəlin hazırlanması üçün müzakirələr başlanıla bilər.
Qeyd edək ki,  Rusiya sülhməramlıları Qarabağdakı 18 müşahidə məntəqəsində tapşırıqları yerinə yetirməkdə davam edir.
Maraqlıdır, müəyyən olunmuş vaxtdan əvvəl Rusiya sülhməramlılarının  Qarabağdan çıxarılması nə dərəcədə realdır? 
  O da nəzərə alınmalıdır ki, Rusiya sülhməramlılarının Azərbaycanda qalma müddətinin sonuna hələ xeyli vaxt olduğundan, onun öncədən və ya vaxtından əvvəl çıxarılmasının gündəmə gətirilməsi Rusiyanın regionda qalması üçün əsaslar yaratmağını sürətləndirə bilər.
 
 Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, 10 noyabr 2020-ci il Moskva bəyanatına əsasən rus sülhməramlılarının Azərbaycanda, regionda qalma müddəti 2025-ci ilə qədərdir:
 “Əslində, razılaşma müddətinin sonuna hələ 2 il zaman olduğundan və sülhməramlıların qalma müddətini uzatma və ya çıxarılması məsələsi barədə 6 ay öncəsi razılaşdırılması barədə qeyd olunduğundan, 2025-ci ilin may ayına qədər bu məsələnin gündəmə gətirilməsi düzgün deyil. Moskva bəyanatına əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə bu ərazidə qalmalıdır. Lakin elə bir tarixi şərait yaranıb ki, rus sülhməramlılarının  mühafizə edəcəyi heç nə yoxdur. Hərbi insidentlər zamanı belə sülhə xidmət etməyən rus sülhməramlıları azərbaycanlı – erməni icmasının birgə yaşaması üçün  də heç bir tədbir görmədilər.  Separatçılara silah daşımaqla məşğul olan sülhməramlıların ərazilərimizdə qalması  bizim üçün ürəkaçan deyil. Amma qeyd etdiyim kimi, üçtərəfli bəyanat hələ də qüvvədədir. 2025-ci ilin may ayının 10-na qədər Azərbaycan  tərəfi bu məsələyə münasibət bildirməlidir. Əgər tərəflərdən biri sülhməramlıların qalmasına etiraz etsə, onların bölgədə saxlanılması qeyri-mümkün olacaq. Şübhəsiz ki, Azərbaycan tərəfi “yox” deyəcək”. 

  Ç.Qənizadənin sözlərinə görə, onların vaxtından əvvəl də  çıxarılması mümkündür:
 “Bəyanata imza atan hər üç dövlətin siyasi rəhbərliyi Rusiya kontingentinin orada qalmasının əhəmiyyətsiz olduğunu müxtəlif formalarla bəyan edib. Qarabağda qalan 5-10 erməninin təhlükəsizliyi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ən yüksək səviyyədə təmin edilir. Rusiya və Azərbaycan prezidenti arasında aparılan danışıqlar formatında da onların bölgədən çıxarılmasını təmin etmək olar. Burada hüquqa zidd heç bir hal yoxdur”.