Fransa mühəndisliyinin izləri: Ermənistan hybrid müharibəyə hazırlaşır

Ermənistan hərbçiləri Yuxarı Şorca (Basarkeçər rayonu) kəndində yeraltı tunellər qazmaq qərarına gəliblər.
Yerli mənbələrin məlumatına görə, burada məqsəd erməni hərbçilərinin açıq hədəfə çevrilməsinin qarşısını almaqdır.
Bununla əlaqədar birləşmiş tunel sisteminin qurulması planlaşdırılır.
Qeyd edək ki, Ermənistan xarici dövlətlər tərəfindən silahlandırılmaqda davam edir. Digər tərəfdən hazırda sülhün imzalanması da qeyri-müəyyən görünür.
Maraqlıdır, Ermənistan yeni müharibəyə hazırlaşır?

Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, tunelin qazılması hərbi məqsədlərə xidmət edir:

"Ermənilərin bunda çox böyük təcrübəsi var. Biz hələ Qarabağı azad edəndə, xüsusilə Füzuli rayonu istiqamətində ermənilərin çox möhkəm və kompleks dəmir-beton konstruksiyalı sığınacaq, nəqliyyat sistemlərinin olduğunu gördük. Burada Fransa mühəndisliyinin izləri var. Prezident İlham Əliyev bunları dəfələrlə həm yerli, həm də xarici mətbuat nümayəndələrinə nümayiş etdirib. Basarkeçər rayonunda da oxşar sistemlər qurulacaq. Ümumiyyətlə bu, Ermənistanın daxili işidir, öz ərazilərində möhkəmlənmə işləri aparır. Digər tərəfdən Ermənistanın daimi olaraq müharibəyə hazırlaşması heç də müsbət niyyətdən xəbər vermir. Həmçinin Ermənistan kütləvi şəkildə xaricdən silahlanır. Ən son Yunanıstandan Ermənistana "S-300 PMU-1", "Tor-M1" və s. silahları gətirildi. Bu fonda Ermənistanın hybrid müharibəyə hazırlaşdığı müşahidə edilir. Çünki erməni ordusu fərqli hərbi və təhlükəsizlik təlimlərində iştirak edir. Həmçinin sərhəddəki dəmir-beton konstruksiyalarının, yeni tunellərin yaradılması müharibə hazırlıqlarından xəbər verir. Lakin indiki halda Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında müharibəyə başlaya biləcək qabiliyyətdə olduğunu düşünmürəm. Ermənistan ATƏT-in kvotasını pozmamaq üçün öz silahlarının çoxunu Qarabağ bölgəsində saxlayırdı. Biz müharibə vaxtı onların çoxunu məhv etdik və ya "Hərbi Qənimətlər Parkı"nda nümayiş etdirdik. Nəzərə alaq ki, Ermənistan ordusu hərbi ehtiyatlarının əksər hissəsini itirib, 44 günlük müharibədə böyük zərbə alıb. Hələ bir müddət Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq üçün kifayət qədər özünə güc tapmayacaq".

Politoloqun sözlərinə görə, bütün bu addımlar Ermənistanın gələcəkdə belə bir aqressiyaya hazırlaşa biləcəyini göstərir:
"Ona görə də Azərbaycan maksimum şəkildə Ermənistana xəbərdarlıq etməlidir. Kütləvi silahlanmadan, bu cür dəmir-beton konstruksiyalı tunellər və s. inşa etdirməkdən çəkindirməyə çağırmalıdır. Eyni zamanda Ermənistanın silahlanmasını və hazırlıqlarını beynəlxalq ictimaiyyətin gündəliyinə çıxarılmalıdır. Sülh danışıqlarında bundan qarşı tərəfə təzyiq kimi istifadə etməlidir".