Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında – red.) həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik.
Bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bildirib.
Hazırda “qara qutu”ların şifrəsinin açılması prosesinin getdiyini söyləyən dövlət başçısı qeyd edib: “Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, Prezident İlham Əliyev artıq bu məsələyə öz mövqeyini bildirib:
"Elə ilk günlərdən hesab etdiyimiz kimi burada Rusiya Federasiyasının hava hücumuna müdafiə qüvvələrinin günahı var və sərnişin təyyarəsinə atəş açılıb. Çox güman ki, səbəb öz vəzifə borclarını səhlənkarcasına yerinə yetirmələridir. Çünki rus əsgərləri istər döyüş meydanında, istərsə də, xidmət yerlərində müəyyən qədər spirtli içkilərə aludəçilik edirlər. Bəzən də bunun təsiri altında bu cür ağır hadisələr baş verir. Məsələn, bir neçə il bundan əvvəl Ukrayna ərazisində Malayziya təyyarəsini roketlə qəzaya uğratmışdılar. Digər tərəfdən artıq görüntülər və şahidlərin ifadələri onu deməyə əsas verir ki, burada Rusiya tərəfi günahkardır. Cənab Prezident də haqlı olaraq günahkarların cəzalandırılmasını, eyni zamanda tam şəffaf və insani davranış nümayiş etdirməklə tələb edir. Bu günə qədər Rusiya tərəfi izi azdırmağa çalışırdı. Nəhayət faktlar qarşısında qaldıqdan sonra Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng etdi. Bundan əvvəl isə quşla toqquşma versiyalarını bilərəkdən ortaya atmışdılar. Hətta məlumatlara görə, bu mövzu ətrafında Rusiyanın rəsmi şəxslərinə və Duma üzvlərinə danışmamaq kimi qadağalar qoyulmuşdu. Amma yaxın bir ayda "qara qutu"nun ilkin versiyasının açılmasından sonra aralıq hesabat olacaq. İl ərzində proses tam bitdikdən sonra Rusiya tam faktlar qarşısında qalacaq".
Ekspert əlavə edib ki, Rusiya hələ də "qara qutu" və digər rəylərə münasibət bildirməyə çalışır:
"Hətta "qara qutu"nun açılmasında iştirak etmək üçün təşəbbüs göstərdilər. Prezident İlham Əliyev isə etirazını bildirdi və onu beynəlxalq mütəxəssislərin açmasını tələb etdi. Həmçinin Qazaxıstan tərəfi haqlı olaraq "qara qutu"nun və şifrələrin açılmasını Embraer E-Jet təyyarəsini istehsal edən Braziliyanın Embraer şirkətinin mütəxəssislərinə göndərdi. Biz sərnişin təyyarəsinin qəzaya uğradığı ilk andan bu günə qədər Qazaxıstana minnətdarıq. Onlar bizim türk qardaşlarımızdır və ədalətin yanında olduqlarını göstərdilər. Digər tərəfdən Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir. Bununla yanaşı, cinayətkarlar qanun qarşısına çıxarılmalı və ən sərt formada onların cəzalanması təmin edilməlidir ki, bu sahədə çalışan digər şəxslərə dərs olsun. Eyni zamanda Azərbaycandan rəsmi şəkildə üzr istənməli, beynəlxalq hüquq normalarına uyğun konpensasiyalar ödənilməlidir".