Qarabağ erməniləri Bakıya görüşə çağırıldı
“Ən optimal yol odur ki, ermənilər reinteqrasiya təşəbbüslərinə müsbət reaksiya versinlər"
Azərbaycanın yaratdığı bu tarixi şansdan Qarabağ ərazisində yaşayan ermənilər düzgün nəticə çıxartmalıdır
Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini təklif edib. Vurğulanıb ki, Administrasiya Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə çağırıb.
Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub. Xatırladaq ki, Xocalı şəhərində Azərbaycan nümayəndə heyəti ilə Qarabağda yaşayan erməni icmasının nümayəndələri arasında ilk görüş martın 1-də keçirilib. Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında baş tutan təmasda erməni sakinlərin reinteqrasiyası müzakirə edilib. Həmin vaxt bildirilmişdi ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam edəcək. Növbəti görüşlərin ölkənin digər şəhərlərində, Ağdam və Bakıda keçirilə biləcəyi qeyd olunmuşdu. İctimaiyyət nümayəndələrinin fikrincə, Qarabağın erməni ismasının nümayəndələri ilə görüşün Bakıda təklif olunması olduqca əhəmiyyətlidir. Söhbət ondan gedir ki, ermənilərlə Azərbaycan nümayəndələri arasında Bakıda baş tutacaq görüşdə heç bir vasitəçi olmayacaq. Xocalı görüşündə rus sülhməramlılarının "moderatorluğu" cəmiyyətdə birmənalı qarşılanmamışdı. Həm də hesab olunur ki, hökumət nümayəndələrinin Qarabağda yaşayan mülki ermənilərlə birbaşa təması nəticə əldə olunması baxımından daha məqsədəuyğundur. Ən əsası isə vasitəçisiz görüşlərlə Rusiyanın “Moskvasız dil tapa bilməzsiniz" iddiası da ortadan qalxmış olar.
Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan lap əvvəldən o mövqeyi sərgiləyib ki, Qarabağ ərazisində yaşayan ermənilər ölkəmizin qanunlarına tabe olaraq, tam təhlükəsizlik və dinclik şəraitində həyatlarını davam etdirə bilərlər. Deputatın sözlərinə görə, Azərbaycanın multikultural mühiti bütün dünyaya yaxşı bəllidir:
"Azərbaycanda heç bir xalqın nümayəndəsinə münasibətdə diskriminasiya hallarına yol verilmir. Ölkəmizin multikultural etnik tərkibi zəngindir. Müxtəlif xalqların nümayəndələri təhlükəsiz, rahat həyat sürür, inkişaf edirlər, öz milli identifikliklərini qoruyub saxlayırlar. Dövlətimizin bu istiqamətdə xüsusi baxışları mövcuddur. Nəzərə alınmalıdır ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyətinin kənar müzakirə cəhdləri sadəcə olaraq bölgədəki durumun gərginləşməsinə xidmət edir. Üçüncü dövlətlər bu amil üzərindən özlərinin məkrli maraqlarını həyata keçirmək cəhdləri göstərirlər. Azərbaycan hökuməti öz ərazimizdə yaşayan ermənilərlə təmaslar qurmağa, onların reinteqrasiyasını şərtləndirməyə daim hazır olub. Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycanda yaşayan ermənilərin vəziyyəti bizim daxili işimizdir. Bura kənar müdaxilə yalnız əks nəticə verə bilər".
Parlament üzvü vurğulayıb ki, ermənilərlə daha yaxından və vasitəçisiz təmas zamanı bu reallıqları onların diqqətinə çatdırmaq imkanı əldə edərik:
"Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşları kimi indiki vəziyyətlərindən müqayisədə olunmayacaq dərəcədə üstün durumda olacaqlar. Dövlətimiz humanist davranmağa hazırdır. Bu da bütövlükdə onu nümayiş etdirir ki, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas təşəbbüskarı məhz Azərbaycandır. Bu istiqamətdə praktik addımlar atmaq istəyimizi və iradəmizi sərgiləyirik.
Hər zaman olduğu kimi məsələlərin dinc yolla tənzimlənməsinin tərəfdarı olduğumuzu nümayiş etdiririk. Azərbaycanın təşəbbüslərindən, yaratdığımız bu tarixi şansdan Qarabağ ərazisində yaşayan ermənilər düzgün nəticə çıxartmalıdır.
Əgər ermənilər yenə də separatizmə meyl edəcəksə, bunun acı nəticələrini dadacaqlar. Ən optimal yol odur ki, ermənilər reinteqrasiya təşəbbüslərinə müsbət reaksiya versinlər".