"Ümid edək ki, Şuşa Qurultayına qatılan soydaşlarımızın səfəri turist səfərindən fərqlənəcək" - Ekspert

"Həqiqətən də Qurultay Azərbaycan diaspor hərəkatında dönüş nöqtəsi olacaq"

"Dövlət başçısı Zəfər Qurultayında Azərbaycan diasporunun qarşısına konkret tələblər qoydu".

"Sherg.az" xəbər verir ki, bu barədə tanınmış jurnalist, diaspora üzrə ekspert Əli Zülfüqaroğlu deyib. 

Jurnalist bildirib ki, bunlardan biri də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır: 

"Təbii ki, Azərbaycan diasporu bunu xarici media vasitəsilə edə bilər və etməlidir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Qurultayda 65 ölkədən 400 diaspor təmsilçisi iştirak edib. Şuşada olan soydaşlarımızın dövlət başçısının tapşırıq və tövsiyələrinə əməl edəcəklərini gözləyirik. Ümid edək ki, 400 nəfərdən ən azı 200-nün yazıları xarici mediada, heç olmasa bölgə nəşrlərində yayımlanacaq. Digər 200-nün arasında iş adamlarını və yazı yazmaq imkanı omayanları nəzərə almaq olar. Yalnız belə olduğu təqdirdə dövlət başçısının tapşırıq və tövsiyələrinə əməl olunacağını söyləmək mümkün olacaq. Şuşa Qurultayına qatılan soydaşlarımızın səfəri turist səfərindən fərqlənəcək və həqiqətən də Qurultay Azərbaycan diaspor hərəkatında dönüş nöqtəsi olacaq.
Bütün bunlar isə yaxın 1 ay ərzində məlum olacaq. Azərbaycan mediasının təmsilçiləri olaraq bizim görəvimiz də bu məsələni diqqətdə saxlamaq, bir aydan sonra konkret statistikanı açıqlamaqdır. Ümid edirik ki, mənzərə ürəkaçan olacaq, ən azı soydaşlarımız onlara xərclənən vəsaitin haqqını verəcəklər...".