Spiker deputatla razılaşmadı

“Bunun üçün qanun çıxartmaq lazım deyil”






Qüdrət Həsənquliyev: "Təklif edirəm ki, tikinti şirkətlərinə mənzil satışını qadağan edək”

Oqtay Əsədov: "İnsanlar özləri müqavilə bağlayır və bu məsələlər öz əksini tapır”



Dünən Milli Məclisin iclasında "Qaz təchizatı haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Müzakirələrə qatılan millət vəkili Qüdrət Həsənquliyev yeni tikilən hündürmərtəbəli binaların qazlaşdırılmaması məsələsinə toxunub. Deputat deyib ki, yeni tikilən binalarda təbii qaz olmadığı üçün, vətəndaşlar məcbur qalıb qızdırıcı kimi elektrik enerjisindən istifadə edirlər. Onun sözlərinə görə, elektrik enerjisindən həddindən artıq istifadə problemlər yaradır:

"Dövlət Neft Şirkəti də bildirib ki, bina təhvil verilirsə, qazla təmin edilə bilər. Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq. Dövlət məsuliyyəti vətəndaşın üzərinə qoyur ki, gedin tikinti şirkətinin rəhbərinə təzyiq edin, binanı vaxtında təhvil versin, əks halda, məhkəməyə verin. Məhkəmələr isə illərlə davam edir. Bir çox hallarda bilirik ki, binaların dələduz rəhbərləri bir mənzili bir neçəsinə satır. İnsanlarımız da böyük əziyyətlə üz-üzə qalır. Bu məsələnin çox sadə həlli var. Dövlət ona görədir ki, əgər ictimai həyatımızda bu və ya digər sahədə problem yaranırsa, dərhal o, qanunvericilik sahəsində tənzimlənir”. Deputat deyib ki, qanunvericiliyə kiçik düzəlişlə dəyişiklik edilsə, tikinti şirkəti yalnız notarial qaydada mənzil satışı həyata keçirə bilər: "Bu hal bina dövlət istismarına qəbul edildikdən sonra baş verir. Bununla da bu problem həll edilə bilər. Amma biz marağındayıq ki, binanın təməli qazıldıqdan dərhal sonra tikinti şirkətlərinə pul ödənilsin, onlar vətəndaşın pulu ilə binanı tiksin. Beləliklə, insanlar neçə illər acınacaqlı vəziyyətlə üz-üzə qalırlar. Təklif edirəm ki, tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Qoy onlar notarial qaydada bunu həyata keçirsinlər. Elə bina var ki, bir neçə ildir insanlar orada yaşayır, amma qaz yoxdur. Hesab edirəm ki, bununla bağlı Milli Məclis olaraq qanunvericiliyə dəyişiklik edə bilərik”.

Spiker Oqtay Əsədov da deyib ki, məsələ dəfələrlə müzakirə edilib: "Amma bütün məsələlər qanunla tənzimlənə bilməz. Nazirlər Kabinetinin qərarları var və o qərarlara riayət edilməlidir ki, mənzil təhvil verilməmiş ora köçməsinlər. Qaz ağır məsələdir, bina təhvil verilməmiş binaya köçmək olmaz. İnsanlar özləri müqavilə bağlayır və bu məsələlər öz əksini tapır. Düşünürəm ki, bunun üçün qanun çıxartmaq lazım deyil”.

Müzakirələrdən sonra qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar