Dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə düşmənin susdurulması zamanı ordumuzun əsgəri Rəşad Əlyar oğlu Cəfərzadə həlak olub. Məlumata görə, şəhidin son mənzilə yola salınması mərasimini izləyənlər bu ürəkağrıdan mənzərədən sarsılıblar. Şəhidi onun ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi dayısı torpağa tapşırıblar. Hər iki valideynini hələ körpə ikən itirən Rəşad və bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırıb.
Ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılan mərhum əsgərimiz R.Cəfərzadə əslən Ağdam rayonundan olan çağırışçı idi. Şübhəsiz ki, 21 yaşlı Rəşadın ölümü ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Ona görə ki, şəhid olan əsgərimiz başsız ailənin tək oğlan övladıydı və onun ölümü bir nəslin varlığına son qoyub. Eyni zamanda qeyd edək ki, R.Cəfərzadənin - bir nəslin sonuncu kişisinin ölümü tək və hər iki valideynini itirmiş gənclərin hərbi xidmətə cəlb olunma məsələsini növbəti dəfə gündəmə gətirib. Ekspertlər isə buna dair fərqli düşünürlər. Doğrudur, bəziləri tək oğulların xidmətə cəlb olmasını pisləyir və bunu arzuolunmaz hal adlandırır. Əksəriyyət isə mövcud qərarı dəstəkləyir və onun milli maraqlara müvafiq olduğunu söyləyirlər.
Məsələn, "Azərbaycan Ordusu” qəzetinin sabiq baş redaktoru, ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli "Şərq”ə deyib ki, Azərbaycan qanunvericiliyinə görə, tək oğlan uşaqlarına ailə qurub, övladları olana kimi möhlət verilir: "Övladları dünyaya gələndən sonra isə əsgəri xidmətə çağrılırlar. Qanunvericilikdə bundan başqa heç bir güzəşt nəzərdə tutulmur. O da ailə strukturlarındakı reallıqlarla əlaqədardır. Ailələrin 80-90 faizində bir oğlan, bir qız olmaqla iki övlad dünyaya gətirilir. Yəni nəzərə almaq lazımdır ki, Azərbaycan reallığında ailələrin böyük əksəriyyətində orta hesabla bir oğlan, bir qızdır. Həmin güzəşt tətbiq edilərsə, ordu quruculuğu prosesi ilə bağlı problemlər yarana bilər. Bu da dövlətə və milli maraqlara birbaşa ciddi təsir göstərər. Baxın, ailədə qardaş böyükdürsə, bacı balacadırsa, ona güzəşt olunur. Bacı həddi-buluğa çatana qədər qardaşa möhlət hüququ verilir. Bacı 18 yaşını tamamlayanda qardaş əsgəri xidmətə cəlb olunur. Əlbəttə, bir nəslin sonuncu başıpapaqlısının şəhid olması hamımızı üzür”.
Ekspertin qənaətincə, problem tək oğulların əsgəri xidmətə çağırılması deyil, məmur övladları və ya imkanlı şəxslərin balalarının cəbhə bölgələrində görünməməsidir: "Nümunə olacaq adamlar, ziyalılar və məmurlarımızın övladları xidmətə gəlmirlər. 50 ailənin 45 oğlan övladı varsa, belə olan halda tək oğlanlara güzəşt olunsa, bəs onda orduya kimi çağıracağıq? Valideynli də xidmət etməlidir, valideynsiz də. Fəhlənin də uşağı xidmətə getməlidir, məmurun da. Baxın, Qarabağ döyüşlərində əsgərimiz bir erməni öldürmüşdü. Sonra məlum oldu ki, həmin erməni Ermənistanda hansısa rayon prokurorunun oğludur. İndi gəlin sayaq görək bizdə neçə prokuror, hakim, nazir və şöbə müdirinin oğlu Qarabağda döyüşüb, həlak olub? Hesab edirəm ki, məmur balaları da fəhlə, kəndli, sürücü balaları ilə eyni sıralarda xidmət göstərməlidirlər. Ən böyük nümunə, örnək budur. İndiki halda insanlarda sual yaranır ki, nazir, icra başçısı və ya komitə sədrinin övladı xidmətə getmirsə, ata-anasız uşaq niyə xidmətə çağrılmalıdır? Hər kəs bu sualı verir. Əgər prokuror, icra başçısı və nazir oğlu ön cəbhədə dayansa, bu suallar yaranmayacaq. Onda "bu yetimi ön xəttə kim aparıb” sualını verməyəcəklər. Yazıq vətən ortalıqda qalıb. Məmurlarımız nümunə göstərsələr, balalarını ön xəttə görsək, güzəşt məsələsi müzakirə mövzusu olmayacaq”.
Ekspert diqqətə çatdırıb ki, tək oğlanların xidmətə çağırılmamasına dair təkliflər dövləti maraqlara ziddir: "Övladın beş və ya bir olmasının heç bir fərqi yoxdur. Hər övladın öz yeri var. Atası oldu olmadı, fərqi yoxdur. Əsas odur ki, vətəndaşdır. Vətənpərvər ruhda böyüməlidir. Uşaq milli hiss və duyğu ilə yaşasa, problemlər ortaya çıxmaz. Vaxt vardı ki, Ermənistan ordusunda orduya bir nəfər də tapa bilmirdilər. Amma bizdə həmin çətinlik heç zaman yaşanmayıb. Müəyyən şəffaf sistem formalaşıb. Bircə problem odur ki, məmur övladları da digərləri kimi cəbhə xəttində qulluq etməlidirlər”.
Ayyət Əhməd