“Qara qutu” kimi Rusiyanın mövqeyi də qaranlıqdır

Ədalət Əliyev: “Rusiyanın Müdafiə Nazirliyi yalan deyir, mikrosxemlərin xarab olmasının səs yazısına dəxli yoxdur”



Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus "Su-24” hərbi təyyarəsinin "qara qutu”sunu oxumaq mümkün olmayıb. Rusiya Müdafiə Nazirliyindən deyiblər ki, "qara qutu” o dərəcədə zədələnib ki, içərisindəki informasiyanı oxumaq qeyri-mümkündür.

Deyilənə görə, mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-ci çox ciddi şəkildə zədələnib. Xatırladaq ki, bu yaxınlarda "qara qutu” Rusiya Prezidenti Putinin iştirakı ilə canlı yayımda açılıb. Lakin açıldıqdan sonra qutunun zədələndiyi məlum olub. "Qara qutu” içərisində maqnit lenti olan, sərt örtüyə malik, silindir şəkilli bir cihazdır. Onlar əsasən təyyarələrin quyruq hissələrinə yerləşdirilir. Əslində həmin cihazların rəngi qırmızı və ya narıncı rəngdə olur. Sadəcə ilk vaxtlar düzəldilən "qara qutu”ların üzərinə, içərisindəki maqnit lentinin işıqdan qorunması üçün qara rəngli örtük çəkilirdi. Həmçinin, bu "qara qutu” bir növ özündə məxfi və sirli materialları daşıdığı üçün mütəxəssislər onu bu cür adlandırıb. Qutular o qədər möhkəm olur ki, hətta dənizə düşmüş bir təyyarənin "qara qutusu” 7 il sonra çıxarılsa da, qeydlər aydın olaraq dinlənilə bilir. Təyyarələr tamam parçalansa da, pilot kabinəsindəki son danışıqları qeydə alan "qara qutu”lara sağ-salamat qalır. Çünki bu qutular paslanmayan poladdan hazırlanır. Həmçinin, istiliyə və yanğına qarşı davamlı olması üçün plastiklə örtülü maye köpüklə təchiz edilir.

Məsələni şərh edən AZAL-ın sabiq prezidenti Ədalət Əliyev "Şərq”ə açıqlamasında deyib ki, Rusiya tərəfinin "qara qutu” ilə bağlı irəli sürdüyü iddia tamamilə yalandır: "Qırıcı təyyarələrdə uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi olur. Mülki təyyarələrdə bu qurğu başqa cür adlanır. Həmin sistemin içində nazik tük şəklində lent olur, səsləri yazan o lentdir. Təyyarənin başına nə gəlirsə-gəlsin, o qutuya heç nə olmur. Yəni qutu yanmır, suda xarab olmur və s. Rusiyanın Müdafiə Nazirliyi yalan deyir, mikrosxemlərin xarab olmasının səs yazısına dəxli yoxdur. Rusiya həqiqətlərin açılmaması üçün belə edir. Digər tərəfdən Türkiyənin güclü hava idarəetmə mərkəzi var. Hər hansı təyyarə sərhəddə yaxınlaşanda mərkəzdən onu izləyir və bütün marşrutlarını etap-etap çəkirlər. Türkiyə dövləti tam dəqiqliklə sübut edə bilər ki, rus qırıcısı sərhəddi pozub. Saatda 3 min km sürətlə uçan təyyarənin bölgədə manevr etməsi qarantiya verirmi ki, qırıcılar sərhəddi keçməyiblər? Rusiyanın mövqeyi qaranlıqdır. Əfsuslar olsun ki, mətbu orqanda bu məsələlərə aydınlıq gətirilmir. Təyyarənin vurulması da əslində dövlətlər arasında ciddi münaqişə yaradacaq məsələ deyil. Görünür, Rusiyanın tamam başqa məqsədləri var”.

Ə.Əliyev bildirib ki, ümumiyyətlə, Rusiyanın son 10 il ərzində həyata keçirdiyi siyasət faşist Almaniyasının apardığı siyasətdir: "Bu gedişlə rus hakimiyyətini faşistlərin aqibəti gözləyir. İşğalçı Hitler Almaniyası necə dağıldısa, Putin Rusiyası da eləcə məhv olacaq. Kreml rəhbəri hamıyla hədə-qorxu dilində danışır, qonşu ölkələrin ərazilərini zəbt edir. Malayziya təyyarəsini də ruslar özü vurdu, amma min-cür bəhanə gətirdilər ki, guya, onların hadisədən xəbəri yoxdur. Amma Rusiyanın təhdidləri heç bir nəticə verməyəcək. Çünki indiki Rusiyanın potensialı ABŞ-la, Avropa ölkələri ilə müqayisədə yüzdə birə bərabərdir. Həm də rusları dəstəkləyənlər azdır. Moskva sahib olduğu güclə ancaq Suriya, İraq kimi dağılmış ölkələrdə müharibə apara bilər”.

İsmayıl