Avtomobil nəqliyyatında lisenziyalaşdırmanın ləğvi müsbət addımdır

“Taksi fəaliyyətilə, sərnişin və yükdaşıma ilə məşğul olmağı kommersiya fəaliyyəti kimi istifadə edərsə, mütləq vergi orqanlarında vergi ödəyicisi kimi uçota durmalıdır”



Azərbaycan Prezidenti İlham Əliyevin lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, lisenziyalaşdırma qaydası və lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı, həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təsdiq edilib.

Belə ki, Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.

Bugünə qədər şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları, beynəlxalq sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, ölkədaxili yük daşımaları üçün 150 manat, beynəlxalq yük daşımaları üçün isə 200 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb.

Fərmanı şərh edən ekspert Ərşad Hüseynovun sözlərinə görə, ölkə başçısının müvafiq fərmanı ilə lisenziyalaşan sahələrin siyahısı təsdiq olunub. Həmin siyahıda avtomobil nəqliyyatının heç bir növü ilə sərnişin, yükdaşıma fəaliyyəti nəzərdə tutulmayıb: "Fərmanla avtomobil nəqliyyatında lisenziyalaşdırma ləğv olunub, 2002-ci ildə təsdiq olunmuş eyni adlı fərman qüvvədən düşür. Bu o deməkdir ki, taksi fəaliyyəti, yük avtomobillərində yük, avtobuslarda sərnişin daşımaq üçün lisenziya tələb edilməyəcək. Amma bu o demək deyil ki, kim necə, harada gəldi taksi fəaliyyəti, sərnişin daşınması ilə məşğul ola bilər. Qanunvericilikdə bununla bağlı dəqiq müddəalar var. İstərdim ki, hər kəs bunlara diqqət etsin. Bilsinlər ki, bu fəaliyyət sahələri sahibkarlıq sahəsi sayılır. Taksi fəaliyyətilə, sərnişin və yükdaşıma ilə məşğul olmağı kommersiya fəaliyyəti kimi istifadə edərsə, mütləq vergi orqanlarında vergi ödəyicisi kimi uçota durmalıdır. Qanunvericilikdə avtomobil və sürücülərlə bağlı bütün tələblərə əməl edilməlidir. Hər ay fərqlənmə nişanını alıb, bütün sənədləri qaydasında olaraq fəaliyyət göstərməlidir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də uçota durmalıdır”.

Sözügedən fərmanın vətəndaşlar üçün üstünlüklərinə toxunan Ə.Hüseynov deyib ki, sentyabr ayından etibarən ölkədəki sahibkarların normal fəaliyyəti üçün əlverişli mühitin yaradılması istiqamətində silsilə tədbirlər görülür: "Məlum olduğu kimi, bu da iqtisadi durğunluqla bağlıdır. Getdikcə hər kəs bunu daha aşkar hiss etməyə başlayacaq. Bu və digər sahələrdə lisenziyaların ləğv edilməsi vətəndaşı əlavə yükdən azad etdi. Lisenziya alarkən dövlət rüsumu ödənilirdi, müxtəlif sənədlər hazırlamaq, inzibati orqana getmək lazım gəlirdi, indi bütün bunlar olmayacaq. Sadələşdirmə qanunda nəzərdə tutulduğu qaydada fəaliyyəti tələb edir. Hesab edirəm ki, vətəndaşlar da qanunvericiliyə uyğun şəkildə fəaliyyət həyata keçirməlidir”.

Şəymən