İnternat evlərində böyüyən uşaqların 18 yaşdan sonra buradan məcburən uzaqlaşdırılması və sonrakı talelərinin necə olması hər kəsə bəllidir. Erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısı dada bilmədikləri azmış kimi, 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən küçədə qalmaq təhlükəsi ilə üzləşirlər.
Bu zaman vəziyyət həqiqətən daha acınacaqlı olur. Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin getməyə yeri olmadığı üçün onlar həyatın ən böyük əzablarını küçələrdə yaşayırlar.
Problemin aradan qaldırılmasına diqqət çəkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, sığınacaqları 17 yaşında tərk edən qızların sonradan yiyəsiz qalması halı onları çox narahat edir”. Bu məsələ ilə əlaqədar qonşu dövlətlərin təcrübəsinin öyrənilməsi məsələsinə toxunan Komitə sədri deyib ki, qardaş Türkiyədə kimsəsizlər evini tərk edən qızları dövlət dərhal işlə təmin edir: "Hətta vergidə onlara güzəştlər olunur. Biz artıq gələn il bu məsələ ilə bağlı Milli Məclisdə təkliflərlə çıxış etməyə hazırlaşırıq. İnternat evlərini tərk edən qızlar ev ala bilməsələr belə, heç olmasa, aldıqları maaşla kirayədə yaşamaq imkanları olsun”.
"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova problemlə bağlı rəhbəri olduğu Birliyə mütəmadi müraciətlər daxil olduğunu deyib. Onun sözlərinə görə, sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri, həm də mənzil və işlə təmin olunmaları üçün şərait yaradılırdı: "Amma indi bu problemi həll edilən yeniyetmələrin sayı çox aşağı səviyyədədir. Məhz buna görə onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur”.
M.Zeynalova qeyd edib ki, indi internat evlərində uşaqların taleyi həmin müəssisələrin rəhbərlərinin insafından asılıdır. Onun fikrincə, cəmiyyətdə onlar üçün lazımi şərait yaradılmadığına görə internatların rəhbərləri 18 yaşı tamam olandan sonra da həmin yeniyetmələri internat evlərində saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar uşaqların sonrakı taleyinə cavabdeh deyillər.
Uşaq evlərindən uzaqlaşan qızların taleyinin daha narahatedici olduğunu vurğulayan Təşkilat sədri onların iş tapa bilmədikləri üçün təhlükəli yollara düşdüklərini xüsusi olaraq vurğulayıb: "Həm oğlanlar, həm də qızlar iş tapa bilmir və cinayətkar qruplar onları öz dairələrinə cəlb edirlər. Məsələn, onlar narkotik alverçilərinin toruna düşə, silah alverinə qoşula, dilənçiliyə, oğurluğa, fahişəliyə cəlb edilə bilərlər. Qızların qadın alverçilərinin qurbanına çevrilmək qorxusu isə daha böyükdür”. Mehriban Zeynalova onu da əlavə edir ki, bütün bunlarla yanaşı, sözügedən problemin aradan qaldırılması üçün əvvəlki illərə nisbətdə tədricən işlər görülür. İnternat evini tərk etmiş qızların mənzil problemini qismən həll etmək üçün Heydər Əliyev Fondu tərəfindən paytaxtda beşmərtəbəli daş bina inşa edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna görə kimsəsiz uşaqlar internat evlərindən yaşına görə tərxis olunandan sonra yaşadıqları rayonun icra hakimiyyəti tərəfindən mənzillə təmin olunmalıdır. Əgər mənzil yeri yoxdursa, həmin uşaqlar yataqxana və ya xidməti mənzillərə yerləşdirilməlidir. Bu tədbirlərin praktikada nə qədər həyata keçirildiyini deyə bilmərəm, amma bildiyim qədəri ilə 18 yaşı tamam olandan sonra internat evlərini tərk edən qızlar küçədə qalmırlar”.
Millət vəkilinin sözlərinə görə, yerli icra orqanları internat evlərindən təxris olunan uşaqları evlə təyin edə bilmədikdə məbləği ödəməklə onları kirayə mənzillərdə yerləşdirə bilər. Bu məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər etmək də olar: "Ümumilikdə isə bu məsələnin problem səviyyəsində olduğunu düşünmürəm. Hər halda icra hakimiyyətlərinin balansında kifayət qədər boş mənzillər olur. Kimsəsiz uşaqları həmin evlərdə yerləşdirməklə məsələni yoluna qoymaq olar”.
M.Quliyevin sözlərinə görə, yuxarıda sözügedən qanunda onların dövlət tərəfindən işlə təmin olunması məsələsi öz əksini tapıb. Eyni zamanda, Heydər Əliyev Fondunun müvafiq layihəsi əsasında 18 yaşı tamam olan qızların peşə təhsilinə cəlb olunması və Neft Şirkəti tərəfindən yataqxanalarda yerləşdirilməsi, onların neft sahəsi ilə bağlı texniki peşə məktəblərinə qəbul olunması istiqamətində müəyyən addımlar atılır. Ən azından mənim bildiyimə görə, ötən illərlə müqayisədə valideyn himayəsindən məhrum olan uşaqların mənzil təminatı ilə bağlı ciddi problemlər yaşanmır.
Millət vəkili onu da deyib ki, dünya praktikasında valideyn himayəsindən məhrum olmuş və internat evlərində yaşayan oğlan uşaqları hərbi məktəblərə cəlb olunurlar. Məktəbi bitirdikdən sonra isə hərbi rütbə alaraq iş və daimi yaşayış yeri ilə təmin olunurlar.
Şəymən