Umud Mirzəyev: “Xarici dili bilən jurnalistlərin sayı yetərli deyil. Çox yaxşı olardı ki, jurnalistlərimiz ingilis, fransız və alman dillərini öyrənsinlər”
Azərbaycan jurnalistlərinin aparıcı xarici dil bilmələri mütəmadi olaraq zəruri məsələ kimi gündəmə gətirilir. Ona görə ki, qloballaşma şəraitində yaşayırıq və hər kəs üçün xarici dil bilmək çox mühüm məsələdir. Heç kimə sirr deyil ki, tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bunun üçün bizim jurnalistlər öncül dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir.
İstəyimizdən asılı olmayaraq hazırda bütün dünyada ingilis, fransız və rus dili çox geniş yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır. İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus, ingilis və fransız dilli təcrübəli, peşəkar media nümayəndələrinə çox ehtiyac duyulur. Hətta əksər ekspertlər də hesab edirlər ki, ölkəmizdə xarici dilli, xüsusən də rus, ingilis, fransız dilli jurnalist məktəbləri formalaşdırılmalı və inkişaf etməlidir. Çox təəssüf ki, indiki şəraitdə Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Bir sözlə, ölkəmizin dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlər yetişdirilməlidir. Bu sahədə mütləq proqressiv addımlar atılmalıdır. Bu istiqamətdə dövlət səviyyəsində diqqət ayrılmalı və maraqlı layihələr həyata keçirilməlidir.
Məsələyə münasibət bildirən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, təkcə milli informasiya məkanı deyil, qlobal informasiya məkanında da Azərbaycanın maraqlarını qoruya biləcək, jurnalistlərə çox böyük ehtiyac var: "Azərbaycan media quruluşlarında çalışan kifayət qədər savadlı və müxtəlif dilləri bilən çoxsaylı jurnalistlərimiz var. Azərbaycan xalqı istedadlı xalqdır. Dil öyrənmək xalqımız üçün heç vaxt çətin olmayıb. Genetik istedaddır. Əlbəttə, xaricdə ölkəmizi təmsil edən jurnalistlər nə qədər çox olarsa, bu, bir o qədər bizim xeyrimizədir. Onların hazırlığı çox yüksək səviyyədə olmalıdır. Ona görə ki, hazırda informasiya ilə manipulyasiya etmək və ondan silah kimi istifadə etmək ənənəyə çevrilib. Azərbaycanın maraqlarına xidmət edən bacarıqlı jurnalistləri aparıcı dövlətlərə göndərmə prosesi gedir. Ola bilsin ki, müəyyən nöqsanlara rast gəlinə bilər. Amma bu da zamanla aradan qalxacaq”.
Baş yazarın sözlərinə görə, Azərbaycan jurnalistlərinin xarici dillərə yiyələnmək məsələsi bir qədər təkmilləşməlidir: "Dili kurslarda da öyrənmək olar. Amma onu daha mükəmməl formada mənimsəmək üçün mütləq həmin ölkədə yaşamaq lazımdır. Problemi köklü şəkildə öyrənmək üçün jurnalistlər bir neçə kurs keçməlidirlər və yaxud dillə bağlı təşkil olunmuş beynəlxalq proqramları öyrənə bilərlər”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev qeyd edib ki, Azərbaycan jurnalistləri müxtəlif dillərdə danışmağı və yazmağı bacarmalıdırlar: "Nə yazıq ki, bizim bu problemimiz mövcuddur. Düşünürəm ki, mövcud problemə dövlət qurumları bütövlükdə diqqət ayırmalıdırlar. Sovet dövründə Azərbaycanda rusdilli jurnalistika inkişaf etmişdi. Hazırda o səviyyədən də aşağı düşmüşük. Xarici dili bilən jurnalistlərin sayı yetərli deyil. Çox yaxşı olardı ki, jurnalistlərimiz ingilis, fransız və alman dillərini öyrənsinlər. Belə olarsa, fikirlərimizi daha çox insanlara çatdıra biləcəyik və problemlərimizi qaldıra biləcəyik”.
"RİA-Novosti” Agentliyinin əməkdaşı İlqar Vəlizadə də hesab edir ki, xaricidilli jurnalistlərlə bağlı ölkədə vəziyyət kafi olaraq qalıb. Onun sözlərinə görə, vəziyyətin ürəkaçan olmaması tələbatla bağlı olan məsələdir: "Əgər Azərbaycanda xaricidilli mətbuata tələbat yüksək olsaydı, jurnalistlər də hansısa xarici dil bilgilərinə sahib olmaqda maraqlı olardılar. Bu gün Azərbaycanda rus və türk dillərində yazmağı və danışmağı bacaran insanların sayı kifayət qədərdir. Bu mənada çatışmazlıqlar dedikdə, təbii ki, söhbət ingilis, fransız, alman, ərəb-fars dillərindən gedir. Bu dillərdə dərc olunan məlumatlara tələbat ödənilən səviyyədədir deyə inkişafa ehtiyac duyulmur. Yəni ki, az sayda da olsa, həmin dilləri bilən jurnalistlər var və onlar mövcud oxucu kütləsini təmin edir”.
İ.Vəlizadənin sözlərinə görə, jurnalistlərin xarici dilləri bilməməsi informasiyanı ilkin mənbədən almaqda müəyyən problemlər yaradır: "Jurnalistlər xəbəri ilkin mənbələrdən götürüb istifadə etsələr, daha yaxşı olar. Yəni ki, fars dilində olan məlumatı rus dilində tərcümədən əldə etməklə birbaşa mənbədən əldə etmək bir deyil”.
İ.Vəlizadə qeyd edib ki, Azərbaycan mediasında xarici dil bilən jurnalistlərin sayının az olmasının əsas səbəblərindən biri də maddi faktordur: "İndiki şəraitdə bir neçə dil bilən jurnalistlərlə işləmək müəyyən qədər vəsait tələb edir. Xarici dil bilən insanlara tələbat olduğu üçün media orqanları onlara istədikləri vəsaiti verməlidir. Əks halda, bu insanlar mediadan daha çox xarici firmalarla, şirkətlərlə işləməyə üstünlük verir”.
"Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bəyan edib ki, biz qloballaşma şəraitində yaşayırıq və hər kəs üçün çoxlu dil bilmək çox mühüm məsələdir: "Azərbaycanda xaricidilli mükəmməl jurnalistika məktəbinin olmağı çox vacibdir. Heç kimə sirr deyil ki, tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bunun üçün bizim jurnalistlər aparıcı dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir. Bizim istəyimizdən asılı olmayaraq bu gün bütün dünyada ingilis və rus dili çox yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır. İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus və ingilisdilli təcrübəli professional jurnalistlərə çox ehtiyacımız var. Ona görə də ölkəmizdə xaricidilli, xüsusən də rus və ingilisdilli jurnalist məktəbləri formalaşdırılmalı və inkişaf etməlidir. Çox təəssüf ki, indiki şəraitdə Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Hesab edirəm ki, Azərbaycanın dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlər yetişdirilməlidir. Bu sahədə mütləq inkişafa nail olmalıyıq”.
Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin dil bilgilərinin zəif olmasının səbəblərinə toxunan Ş.Ağayev deyib ki, bu çatışmazlığın kökündə həm obyektiv səbəblər var, həm də peşəkarlıqla bağlıdır. Onun üçün də dövlət səviyyəsində bu sahəyə diqqət ayrılmalı və maraqlı layihələr həyata keçirilməlidir: "Çox təəssüf ki, bizim cəmiyyət az oxuyur. Xüsusən də, xarici dildə oxumağa jurnalistlərdə maraq olmur. Azərbaycan dilində bayağı yazıları oxuyurlar, amma rus və ingilis dilində olan materiallara əhəmiyyət vermirlər. Ancaq rusdilli oxucular çox ciddi yazıları oxuyurlar”.
Jurnalist Toğrul Vəlibəyli qeyd edib ki, ölkəmizdə xarici dilli jurnalistlərin sayı yetərli deyil: "Doğrudur, ölkədə bir neçə xarici dil bilən insanların sayı kifayət qədərdir. Eyni zamanda, jurnalistlərimizin də sayı çoxdur. Amma həm xarici dil bilən, həm də jurnalist sahəsində praktik hazırlığı olan insanların sayı çox azdır. Bu problemin əsasında da köklü təhsil islahatları dayanıb.
Cənab Prezident də bu məsələnin aktual olduğunu söyləyib. Bir sözlə, Azərbaycanda xarici dil bilən peşəkar jurnalistlərin yetişdirilməsi üzərində xüsusi işləmək lazımdır”.
Həmkarımızın sözlərinə görə, mediamızda fəaliyyət göstərən xarici dilli jurnalistlərin böyük əksəriyyəti də qeyri-ixtisas sahibləridir: "Böyük bir qismi başqa sahənin adamıdır, sadəcə olaraq xarici dil bilgisi olduğu üçün jurnalistikaya cəlb olunub. Ona görə də Azərbaycanda xarici dilli və ixtisaslı jurnalist kadrların hazırlanması üçün real addımlar atılmalıdır”.
Jurnalistin qənaətincə, xaricidilli jurnalistlərin sayının az olması mediamız üçün müəyyən çətinliklər törədir: "Bunlardan biri də mediamızın transmilli fəaliyyət miqyasına çıxmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən də Azərbaycanda xaricidilli jurnalistlərin sayının az olması müəyyən mənada dövlətimiz üçün də yaxşı hal deyil”.
(Davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb