“Bəzi ölkələrdə diasporamız pərakəndə fəaliyyət göstərir”

Zaur Məmmədov: “Bəzən görürsən, bir şəhərdə bir neçə azərbaycanlı icma birlikləri arasında tez-tez kəskin münaqişələr ortaya çıxır”



Son illər diaspora sahəsində əldə edilən uğurlar bu prosesdə xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin də aktiv iştirakına yol açıb. Xaricdə yaşayan gənc azərbaycanlılar, diaspora təşkilatları çərçivəsində fəaliyyət göstərən gənclərimizin sadəcə Azərbaycanın təbliğ edilməsi ilə deyil, eyni zamanda yaşadıqları ölkənin sosial-ictimai həyatında da aktiv rol oynaması üçün həm maariflənmə, həm yerli özünüidarəetmə orqanları ilə sıx əlaqələrin qurulmasına köməklik göstərirlər.

Bu dəfə kifayət qədər aktual olan məsələ barədə "Şərq”in həmsöhbəti Rusiyada uzun müddət diaspora fəaliyyəti ilə məşğul olan, siyasi elmlər üzrə fəlsəfə doktoru, gənc politoloq Zaur Məmmədovdur.

- Zaur bəy, bildiyimiz kimi, siz uzun müddət Rusiyada yaşamısınız, dövlət xətti ilə orada təhsil almısınız. Fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?

- 9 il Rusiya Federasiyasında təhsil almışam. Bu müddət ərzində Rusiyada hörmətli Leyla Əliyevanın Rusiya-Azərbaycanlı Gənclər Birliyinin Voronej vilayətindəki koordinatoru, həmçinin Ümumrusiya Millətlərarası Gənclər İttifaqının Voronej vilayətindəki sədri, Rusiya Milliyyətləri Assambleyasında və bir çox gənclər təşkilatlarında sədr və sədr müavini vəzifələrində çalışmışam.

- Xaricdə təhsilin üstünlükləri barədə nə deyə bilərsiniz? Dövlətin xaricdə təhsil üçün gənclərə yaratdığı şəraiti necə qiymətləndirirsiniz?

- Azərbaycanlı gənclərin iki yolla xaricdə təhsil alma imkanı var: öz hesablarına və dövlət proqramı ilə. Bizim "xaricdə təhsil proqramı”mızın dünyada analoqu yoxdur. Dünyanın heç bir yerində ölkəmizdəki kimi gənclərə pulsuz xaricdə oxumaq imkanı verilmir, tələbələr dövlət hesabına xaricdə təhsil ala bilmir. Bizdəki proqramın əsası ulu öndər Heydər Əliyevin vaxtından qoyulub. Bu gün də azərbaycanlı gənclərin xaricə göndərilməsi pulsuz olaraq həyata keçirilir. Ölkəmiz üçün lazım olan ixtisaslar üzrə gənclər xaricdə təhsil alaraq vətənə qayıdırlar. Məsələn, bilirik ki, tibb üzrə qardaş Türkiyə, Almaniya kimi ölkələr çox inkişaf ediblər. Bunu əsas tutaraq Təhsil Nazirliyi tibb üzrə məhz Almaniyanın, Türkiyənin tanınmış universitetlərinə tələbə göndərir. Vətənə onlar mükəmməl kadrlar kimi dönürlər. Dövlət proqramında təhsil alan tələbələr dövlət qulluğunda birinci turdan azaddırlar. Digər mühüm məqam isə ondan ibarətdir ki, azərbaycanlı tələbələr təhsil alıb xaricdə qalacaqsa, olduqları ölkədə Azərbaycan diasporasını formalaşdırırlar.

- Azərbaycandan kənarda təhsil alan tələbə-gənclərin Azərbaycanın mənafeyi naminə təşkilatlanması və diasporanın formalaşmasında rolunu necə görürsünüz?

- Tələbə-gənclər təbii ki, xaricdə doğulub boya-başa çatan azərbaycanlılardan fərqli olaraq, Azərbaycan reallıqlarına daha yaxındırlar, tariximizi, adət-ənənələrimizi, ana dilimizi və ədəbiyyatımızı daha yaxşı bilirlər. Onlar təhsil aldıqları xarici universitetlərdə, təhsil müəssisələrində azərbaycanlı və xarici tələbələri ətrafına yığıb, müxtəlif dərnəklər qurur, Azərbaycan həqiqətlərinin xarici tələbə, müəllim auditoriyasına çatdırılmasında mühüm yer tuturlar. Bu da təbliğatın bir növüdür, fikrimcə, çox effektiv təbliğatdır.

- Bu sahədə rast gəlinən çətinliklər və tələbə gənclərin fəaliyyəti üçün maneələr hansılardır?

- Düşünmürəm ki, hər hansı çətinlik ola bilər. Hər bir ölkədə diasporamız və səfirliyimiz fəaliyyət göstərir. Onlara müraciət etmək lazımdır. Amma təəssüflər olsun ki, bəzi tələbələr diasporadan qaçırlar. Dövlətin onları göndərməsinə baxmayaraq oxuduqları müddətdə sanki vətəni unudurlar, öz kefləri ilə məşğul olurlar. Bu kimi hallara da tez-tez rast gəlinir.

- Diasporalar əsasən hansı təbəqələri və yaş qruplarını ətrafında birləşdirib?

- Diaspora iki struktura ayrılır. Tələbələr və daha yaşlı nəsil. Təəsssüflər olsun ki, xaricdəki bütün diasporalarımız pərakəndə şəkildə fəaliyyət göstərirlər. Azərbaycanlıların çox yaşadıqları Rusiyanın hər şəhərində bir neçə diaspora mərkəzləri fəaliyyət göstərir. Bu isə təbii ki, diasporanın fəaliyyətinə zərbə vurur. Bir şəhərdə bir neçə azərbaycanlı icma birlikləri arasında tez-tez kəskin münaqişələr ortaya çıxır. Bir çox diaspora təşkilatlarının adı mövcud olur, lakin real işlərlə məşğul olmurlar. Şəxsi maraqları naminə fəaliyyət göstərən bu icmalar vətənimiz üçün təəssüflər ki, heç bir iş görmürlər. Maksimum, təqvimimizin bayramlarını qeyd edirlər.

- Diaspora təşkilatlarımıza onların fəaliyyət göstərdikləri ölkələrdə münasibət necədir?

- Xarici ölkələrdə effektiv fəaliyyəti ilə seçilən diaspora təşkilatlarına qarşı münasibət çox yaxşıdır. Hətta ölkələr özləri bu diasporaların fəaliyyətini dəstəkləyirlər. Şəhərlərdə milli birliklərin olması regional və mərkəzi hakimiyyət üçün də əlverişlidir.

- Son olaraq xaricdə təhsil alan və fəaliyyət göstərən tələbə-gənclərə tövsiyələriniz nədir?

- Tələbələr hansı ölkəni təmsil etdiklərini unutmamalıdırlar. Vətənimizin və xalqımızın adını uca tutmalıdırlar.

Aysel Aslan