Xətai və Səbail rayonlarında müşahidə olunan xoşagəlməz qoxunun səbəbi açıqlanıb
Dekabrın 22-si səhər saatlarından başlayaraq Bakının mərkəzində qaz qoxusu gəlməyə başlayıb. Gün ərzində havası sarı-boz rəngə çalan paytaxtın dənizə yaxın ərazilərində yaşayan sakinlər bildiriblər ki, şəhərdən yayılan qaz qoxusu onların səhhətində problem yaradıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məlumatlandırılıb, məsələ araşdırılıb və Bakının Xətai və Səbail rayonlarında müşahidə olunan xoşagəlməz qoxunun səbəbi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Bakı şəhərində son 3 gündə əlverişsiz metroloji şərait hökm sürür. Bunun nəticəsində havada yığılan, nəqliyyatdan və stasionar mənbələrdən atılan tullantıların səpələnməsi üçün əlverişli meteoroloji şərait yaranıb. Tez-tez istiqamətini dəyişən zəif küləklər, nisbi rütubətliliyin yüksək olması, axşam saatlarında temperaturun aşağı, gündüz saatlarında temperaturun yüksək olması havanın ağırlaşmasına gətirib çıxarıb. Buna görə də səhər saatlarında Bakının Xətai və Səbail rayonlarının bir hissəsində xoşagəlməz qaz iyi müşahidə olunub. Bu, sakinlərdə narahatçılıq yaradıb, baş ağrıları şikayətləri çoxalıb. Lakin günorta saatlarından xoşagəlməz qoxunun zəifləməsi ilə bu hal tədricən itib. İnsanların sağlamlığı üçün hazırda heç bir təhlükə yoxdur.
Aysel Aslan