Azərbaycan mədəniyyəti daha bir itki verdi. Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib. Dünən Ələsgər Məmmədoğlu ilə vida mərasimi yaşadığı evində olub.
Mərasimə sənət aləminin tanınmış simaları qatılıb. Onlar mərhumu son mənzilinə alqışlarla yola salıblar. Ələsgər Məmmədoğlu dünən "Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunub.
Ə.Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə.Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar” Anar), Milis ("Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir-qaya "Topal Teymur” H.Cavid), Narsatan ("Qatarda” İ.Məlikzadə), Gümrah ("Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan” satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ə.Məmmədoğlu, "Ömrün səhifələri” (Ələsgər), "Xoşbəxtlik qayğıları” (Əlövsət), "Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43” (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.
2002-ci ildə Ə.Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlunun dəfn xərcinin və yas mərasiminin bir qismini Mədəniyyət və Turizm Nazirliyi ödəyib.
Bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən onu da bildiriblər ki, dəfn məsələlərinə nazirliklə yanaşı, Akademik Milli Dram Teatrı da köməklik edəcək: "Ələsgər Məmmədoğlu Azərbaycanın istedadlı aktyorlarından olub. Onun dəfn və yas xərci bu iki qurumun diqqətindədir”.
Əməkdar artist Sənubər İsgəndərli aktyorla bağlı xatirələrini bölüşüb:
"Çiyin-çiyinə çalışdığım sənət dostum idi. Sənətdən düşən hər bir yarpaq bizi incidir. Onun dünyasını dəyişməsi tək sənət dostlarını yox, sevənlərini də incidib. Belə səssiz insan gedəndə adamı incidir. Dərdi ürəyində getdi. Bilmirdik ki dərdi, fikirləri nə idi. Necə səssiz yaşadısa, elə də dünyadan köçdü. Onun insani keyfiyyətlərini hamı təsdiqləyər. İşinə, insanlara qarşı diqqətcil idi. Adamı xırdalıqlarına qədər duyan idi. Allah rəhmət eləsin”.
Əməkdar artist Sabir Məmmədov Ə.Məmmədoğlunun yaddaşlardan heç vaxt silinməyəcəyini bildirib:
"Telefonla videoya çəkəndə, soruşdum ki, gənclərə nə deyə bilərsən? Cavab verdi ki,”Çalışın xəstələnməyin”. Amansız xəstəlik onu vaxtsız apardı. Hər yaş dövrünün öz obrazları var. O da öz dövrünün ən sevilən aktyoru idi. Çox sadəlövh insan idi. Yaratdığı obrazlar yaddaşlarda qalacaq. Onun çəkildiyi filmləri xaricdə də tanıyırlar. Çoxları bilmir ki, "Tehran 43” filmində iştirak edib. Orada Alen Delon, məşhur rus aktyorları da çəkilib”.
Xalq artisti Füzuli Hüseynov da Ələsgər Məmmədoğlunun ölümündən çox kədərləndiyini dilə gətirdi: "Yavaş-yavaş gedirik. Xəstəlik bir-bir bizi aparır. Bu da sənətçilərin, daha dəqiq desək, aktyorların yaxşı yaşaması ilə əlaqədardı çox zaman. Aktyor nə alır ki? Elə sənətçilər var ki, güclə dolanır, xəstəlik də gələndə müalicəyə, dava-dərmana pul tapmır. Vaxtında müalicə olunmuruq, sonu da belə sakit ölümdü. Ələsgər çox sakit təbiətli, çox sadə bir insan idi. Onun kimi insanlar indiki zamanda demək olar yoxdu. Təmiz insan idi. Teatrda da o qədər sakit dolaşırdı ki, kimsəni narahat etmirdi. Elə səssizcə də həyatdan köçdü. Allah Ələsgərə rəhmət etsin. Kasıb gəlib, elə kasıb da getdi. Qazandığı isə son mənzilə yola salınarkən eşitdiyiniz tamaşaçı alqışı oldu ancaq”.
Xalq artisti Hacı İsmayılov da Ələsgər Məmmədoğlu barədə "Şərq”ə danışdı: "Allah rəhmət etsin. Bu itkilər bir daha insanı düşünməyə vadar edir. Neçə sənətçi qaldı ki? Ələsgər həqiqətən çox sadə həyat tərzi yaşayan bir sənətkar idi. Mən onu tanıyandan belə sadə olub. Nə zaman, nə yaş onun sakitliyini dəyişə bildi. O, yoxa qane olan, sakitcə başını salıb obrazlarını oynayan bir aktyor idi.
Narazılıq yarandı
"Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Akademik Milli Dram Teatrı əməkdar artist Ələsgər Məmmədoğlunun dəfni ilə əlaqədar köməklik edib, edəcək də. Mətbuatda yazılanlardan xəbərim yoxdur, ona görə hər hansı fikir bildirə bilmərəm. Ələsgər Məmmədoğlunun oğlu dedi ki, aktyoru "Qurd Qapısı” qəbiristanlığında anasının yanında dəfn edəcəklər. Dünən də dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, Akademik Milli Dram Teatrının direktoru, Ələsgər Məmmədoğlunun sənət dostları, rejissorlar, aktyorlar iştirak ediblər”. Bunu açıqlamasında Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib. Onun sözlərinə göəməkdar artistin dəfni və hüzr mərasimi həm nazirlik, həm də teatr rəhbərliyinin diqqətindədir. Bu diqqət bundan sonra da mərhum aktyorunun ailəsinə göstəriləcək. Qeyd edək ki, əməkdar artistin vida mərasiminin onun çalışdığı Akademik Milli Dram Teatrında deyil, evində keçirilməsinin narazılıqlara səbəb olduğu bildirilir. Hətta ailəsində bunu aktyora qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Sosial şəbəkələrdə bu hörmətsizliyə görə Mədəniyyət və Turizm Nazirliyini qınayanlar da olub. Adı çəkilən nazirlikdən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Tahirə