Politoloqdan İran səfirliyinə CAVAB: " Onlar bilməlidir ki... "




"İranla münasibətlərdə ziddiyətlərin yaranması nə Azərbaycan xalqının, nə də İran xalqının mənafeyinə uyğun gəlir".

Bunu Sherg.az-a İranın Azərbaycandakı səfirliyinin "İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələr İranfobiya xətti üzrə fəallaşıb" bəyanatına münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, İran qonşu ölkədir və münasibətlərin pisləşməsini heç kəs istəməz:

"Normal şəkildə bu hal hər iki ölkənin əhalisinin uzunmüddətli maraqlarına ziddir. Eyni zamanda İranla bağlı Azərbaycan mediasında olan informasiyalar ilk növbədə bu ölkədə olan vəziyyətlə bağlıdır. Çünki Azərbaycan ictimaiyyəti cənubda yaşayan soydaşlarımızın problemlərinə göz yuma bilməz. Məsələn, ötən illərdə İranda yaşayan azərbaycanlılara qarşı xoşagəlməz hallar baş vermişdi. Bu onlarla yanaşı, ölkəmizdə yaşayan azərbaycanlı əhalinin də qəzəbinə səbəb oldu. Ayrı-ayrı ölkələrdə yaşamağımızdan asılı olmayaraq, biz də azərbaycanlıyıq. Daxili işimiz deyilsə də, bu proseslər bizə toxunur. Çünki həmin azərbaycanlılara qarşı baş verən xoşagəlməz hallar tək onları deyil, ümumilikdə azərbaycanlıları yaxşı təqdim etmir. Əlbəttə ki, tənqidi reaksiya verib, qəzəb, nifrət ifadə etməyimiz normaldır. İlk növbədə İran rəhbərləri də bilməlidir ki, bu hadisələr bütün azərbaycanlılara mənfi təsir edə bilir".

İran səfirliyinin təşkil etdiyi görüşlərdən də danışan İ. Vəlizadə bildirib ki, diplomatik praktikada bütün səfirliklər tərəfindən həyata keçirilir, ictimaiyyət nümayəndələri ilə görüşülür:

"Bu normaldır, amma bu proses selektiv olmamalıdır. Yəni nədənsə, konkret insanlar, konkret dairələrin nümayəndələri səfirliklərin diqqətini çəkir. Sual olunur, niyə başqa peşə sahibləri, qeyri-ictimai təşkilatların nümayəndələri ilə görüşmürlər? Bunlara isə səfirliklər özləri cavab verilməlidir. Təbii ki, bu münasibətlərdən üçüncü bir ölkə istifadə edə bilər, amma səbəbkar olaraq, yenə də İranın mövqeyi ortaya çıxır".

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi bəzi media qurumlarında İranla Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşması barədə bəyanat yayıb.

Ayyət Əhməd