“Sosial şəbəkədəki statusumu niyə intihara bağlayıblar?”

Anar Nağılbaz: “Amma həqiqətən maddi durumum ağırdır, ailə, 2 uşaq sahibiyəm, iş yeri tapa bilmirəm”



Azərbaycanda repin atası sayılan Anar Nağılbazın sosial şəbəkədə yazdığı status müzakirələrə səbəb olub. Anar Nağılbaz səhifəsində, "Yox olmaq istəyirəm. Rahat qaydasını kim bilir?” qeydini yazıb. Daha sonra isə, "Artıq doğrudan da ölsəm, heç kim inanmayacaq” sözlərini yazıb.

"Şərq”ə açıqlama verən Anar Nağılbaz müzakirələrin yersiz olduğunu bildirib: 

"Mənim sosial mediada olan paylaşımımı niyə intihara bağlayıblar? Bunu başa düşə bilmirəm. Biz şair adamlarıq. Bizim kimi ruh halı ilə yaşayan insanlar bəzən bu kimi ürək çırpıntılarını dilə gətirə bilər. Mənəvi dünyalarında olan fırtınanı əvvəllər şair ruhlu insanlar şeir yazaraq sakitləşdirməyə çalışdılarsa, bu gün də sosial mediada belə statuslara rast gəlmək olar. Mən də insanam da, ruhum darıxırdı, paylaşdım. Bilirsən, indi həyatın nəbzi dəyişib. Zaman başqadı. Yenə də arada bəzən televiziya işçiləri, jurnalistlərin yadına düşürük. Layihələr barədə düşünürəm. İnşallah, bəlkə də alındı. Amma layihələrin reallaşması üçün maddi durumun buna imkan verməsi lazımdı. Əvvəllər layihə üçün sponsorluq edənlər var idi, indi çətindi. Bu gün yaşamaq çətinləşib. Söhbət təkcə mənəvi çətinliklərdən də getmir. Maddi durum da bu gün çox çətindi. Bilirsiz, ağlamağı sevən insan deyiləm. Amma həqiqət də budur ki, ailə sahibiyəm, amma işsizəm. 2 övlad atasıyam. İş yerim yoxdu. Öz ixtisasım üzrə illərdi iş tapa bilmirəm. Demək olar bütün telekanalların rəhbərlərinin qapısını da döyümüşəm, əlaqə yaratmışam. Amma deyiblər vakansiya yeri yoxdu. 

Mən televiziya rejissorluğu ixtisası üzrə ali təhsil almışam. Amma artıq neçə illərdi öz ixtisasım üzrə iş tapa bilmirəm. Nə etməliyəm? İnanın, övladlarımın tələbatlarını ödəyə bilməyəndə çox sarsılıram. Televiziyalarımızın birində rejissor kimi çalışmaq istərdim. Müraciətlərim olsa da, hələ də nəticəsi olmayıb. Əvvəllər AzTV-də rejissor kimi çalışmışam. Bir il də ictimai televiziyada fəaliyyətim olub. Mən televiziyanı bilən insanam, amma kənarda qalmışam. Bu başıbatmış rep üzündən mənə iş vermirlər. Necə deyərlər, üstümü unlu görüb adımı dəyirmançı qoyublar. Mən rep deyirəm, bu mənim istəyim, hobbimdi. Amma mən axı ali təhsilli rejissoram. Bunu niyə heç kim nəzərə almır? Bilirsiz, bəziləri bizi yanlarında görmək istəmirlər ki, rep deyir. Rep deyirəm, qəbahət iş görmürəm ki? Bir də bizim heç kimə ziyanımız dəyməz. Mən çalışqan, savadı olan insanam. Etiraf edim ki, özümün də səhvlərim olub. Mən əlimə düşən fürsətlərdən vaxtında düzgün istifadə edə bilmədim. Atamın vaxtilə yaxşı imkanları, münasibətləri olub deyirsiz. Olub. Sadəcə mən də, atam da, heç kimə minnətçi düşmək istəməmişik. Atam da ağız açmağı sevən kişi deyil” bildirdi. Reper onu da etiraf etdi ki, vaxtilə atası onun reper kimi fəaliyyətinə razı olmadığından, yəni Anarı başqa sahədə görmək arzusunda olduğundan onlar arasında illər əvvəl fikir ayrılıqları yaşanıb. "Bəlkə elə buna görə atanız bu gün sizə görə heç kimə ağız açmaq istəmir?” deyə soruşduqda Anar Nağılbaz "Etiraf edim ki, bu məqam da var. Atam mənim səhnədə, reper olmağımı qətiyyən istəmirdi. Amma mən bu sənəti sevmişəm. Bəlkə də əlimdə olan fürsətlərdən də düz istifadə etmədim. Atamın məsləhətinə qulaq assaydım, indi hansısa kresloda oturub, vəzifə sahibi idim. Elə rep sahəsində də uğurlarım çox olub. 

Sadəcə cavanlıq deyək, ya da səhvlərim üzümdən mən əlimdə olan fürsətləri dəyərləndirə bilmədim. 2000-ci ildə idman kompleksini bir gündə iki dəfə doldurmuş adamam. 7500 nəfərlik yeri olan zalda bir gündə iki dəfə zalı dolduran repçiyəm. Yəni 15 min bir gündə tamaşaçı mənim konsertimə gəlirdi. 

Mənim Xalq artisti Brilliant Dadaşova ilə duetim böyük səs-küy yaratdı, gündəmdə oldu. O zamanlar da şadlıq sarayları artıq açılmışdı, dəvətlər gəlirdi. Mən sadəcə repi toylarda görmək istəmədim. Görünür, bu da mənim səhvlərimdən biri idi. O dönəmlərdə Qafqazın ən böyük prodüser mərkəzi mənim çiyinlərimdə idi. Mənim rəhbərlik etdiyim prodüser mərkəzim var idi ki, bütün texniki avadanlıqlarla təmin olunmuşdu. Hətta dövlət televiziyasından mənə sifariş gəlirdi, çəkiliş üçün kranlar, texniki avadanlıqlar kirayə götürülürdü. Bir çox tanınmışlar o prodüser mərkəzindən çıxıb. İstər Kənan M.M, istər Rüfət Axundov məhz mənim prodüser mərkəzimdən çıxıblar. Sadəcə mən düzgün çalışdırmadım o qədər böyük imkanları olan prodüser mərkəzindən. Bu da mənim səhvlərimdən biri idi. Vaxtilə mənim dəstək olduğum insanlar bu gün o günləri unudublar. Həqiqətən bəzən yaxşılıqlar yaddan çıxır”.

Tahirə