8-ci, 9-cu sinif şagirdləri barlarda, gecə klublarında gün keçirirlər

İlqar Altay: “Burda elmdən, təhsildən söhbət edilməyəcək ki! Uşaqlar belə mühitdə formalaşır və nəticəsi də çox pis olur”
Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb. Lent.az-ın salamnews-a istinadən xəbərinə görə, səhər saat 8 radələrində, dərslər başlamamış 9-cu sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.
Faktı məktəbin direktor müavini Zərifə Yusifova da təsdiq edib. O bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunur. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.
Son illər bu tip hadisələrin baş verməsi artıq heç kimi təəccübləndirmir. Məktəb həyatı təlim-tərbiyə müəssisəsi rolunu kriminal aləmə böyük hesabla uduzmaqdadı. Döyülən şagirdlərlə yanaşı, döyülən, hətta bıçaqlanan müəllimlər də var. Məktəbli qızların hamilə qalması, pedaqoji kollektiv üzvlərinin biri-birini müxtəlif videolarla şantaj etməsi... daha nələr, nələr. Belə mühitdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlamasına təəccüblənmək yox, sadəcə, təəssüflənmək mümkündür. Yəni, gözlənilməz bir hal deyil. Gözlənilməz sayılacaq bəlkə də direktor müavininin hər iki yeniyetmənin məktəbdə "tərbiyəli şagird kimi xarakterizə olunur” açıqlamasıdır. Məktəbin tərbiyəlisi əlində bıçaq gəzdirəndirsə, tərbiyəsizin əlində nə ola bilər, fikri adamı vahiməyə salır.
İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında son illər bəzi xəstəliklər kimi kriminal hadisələrin də "cavanlaşdığını” dedi:
- Ümumiyyətlə, son illər dünyada aqressivliyin pik həddə çatması müşahidə olunur. Bu, gizli deyil, hamımız dünyada baş verənlərdən xəbərdarıq, insanların aqressiyasını da görürük. Ölkəmizə gəldikdə isə, kriminal hadisələrin "cavanlaşdığını” demək mümkündür. İllər əvvəl böyüklərin törədə biləcəyi əməllərin indi cavanlar tərəfindən edildiyini görürük. Hansı əməli ki, böyük, yaşlı bir adamın etməsi gözləniləndir, baxırsan, uşaq, yeniyetmə, cavan bir adam o əmələ əl atır. Hesab edirəm ki, yeniyetmələrə ictimai yerlərdə sərbəstlik verilməsi onların kriminal əməllərə meyillənməsini şərtləndirir. Azyaşlılar, 8-ci, 9-cu sinif şagirdləri barlara, gecə klublarına gedir, qəlyanxanalarda otururlar. Belə yerlərdə də söhbət nədən gedə bilər? Əlbəttə, cinayət aləmindən; kim kimi necə bıçaqladı, filankəs filankəsi necə döydü, filankəs belə dalaşqandır və s. Qəlyanxanada, barda elmdən, təhsildən söhbət edilməyəcək ki! Uşaqlar belə mühitdə formalaşır və nəticəsi də çox pis olur. Bunun ən böyük məsuliyyəti də valideynin üzərindədir. Valideyn övladına xərclik verir, amma maraqlanmır ki, bu pul hara xərcləndi. Bəziləri hətta bilə-bilə övladının cibinə pul qoyub bara, qəlyanxanaya göndərir. Qəlyan da narkotik kimi bir şeydi. Qəlyan suyuna müxtəlif otlar qatırlar. Yeniyetmənin qəlyanxanaya getməsinə nə ehtiyac, nə zərurət var axı. Bilirsiz, bizim valideynlər övlada sevgi nümayiş etdirməyin yolunu bilmirlər. Uşaq nə istəyir, ata-ana alır, uşağın bir istəyini də geri çevirmir. Amma gündə, heç həftədə bir dəfə də yarım saat ayırıb uşağın tərbiyəsi ilə məşğul olmur. Uşaqla tərbiyəvi söhbət aparmır. Sanki bu uşaq özbaşına tərbiyə almalıdır. Məktəblər də funksiyasını lazımi qaydada yerinə yetirmir. Məktəb təkcə tədris ocağı deyil, həm də təlim-tərbiyə ocağı olmalıdır. Əvvəllər evdə tərbiyə görməyən məktəbdə tərbiyələnirdi. İndi, sanki əksinədir - evdə tərbiyəli uşaq, məktəbdə pozulur.
Mən sovet illərində də kriminalist işləmişəm. O vaxtlar uşaqlarda müəllimə hörmət vardı, müəllimdən çəkinirdilər, böyüklərin yanında ədəbsizlik etmirdilər. Demirəm ki, hamı, ucdantutma tərbiyəli, əxlaqlı idi. Təbii ki, əxlaqsız, ədəbsiz insanlar həmişə olub. Ancaq bu qədər açıq, sərbəst şəkildə müəllimə hədə-qorxu gəlmək, müəllimin yaxasından tutub silkələmək halları yox idi. Mühitdə pozuntu halları artmaqdadı və bu bizim hamımızı narahat etməlidir. Eyni zamanda ciddi tədbirlər görülməlidir.
İ.Altay bu fikirdədir ki, gecə klubları, bar və qəlyanxanalara 18 yaşı tamam olmayanlar buraxılmamalıdır:
- İngiltərədə 18 yaşı tamam olmamış şəxsə, hətta 18 yaşının tamamına 1 gün qalıbsa belə, pivə satmırlar. Belə qadağalar bəzən müsbət nəticələr verə bilir. Bizdə isə 15-16 yaşlı uşaqlar gecə klublarında əylənir. 15 yaşlı adam uşaq, yetkinlik yaşına çatmamış hesab edilir və törətdiyi hər hansı əmələ görə qanun ona şamil olunmur. Problem bundadır ki, böyük adam bilir ki, bıçaqlanmaya görə konkret cəza var, cinayət məsuliyyəti daşıyacaq. 15-16 yaşlı adam da bilir ki, bıçaqlanmaya görə ona heç nə etməyəcəklər, çünki bununla bağlı qanunun qüvvəsi keçərsizdir. Onun üçün cinayət məsuliyyəti nəzərdə tutulmur. Sinif yoldaşını bıçaqlayan yeniyetmə 15 yaşındadır. O, yetkinlik həddinə çatmayan hesab olunur. Əgər vurduğu zərbə ağır olarsa, bəlkə uşaq koloniyasına göndərilər. Zərbə ağır sayılmasa, heç nə etməyəcəklər. Tənbeh edib buraxacaqlar. Məhkəmələr də azyaşlıların mühakiməsində çox çətinlik çəkir. Humanizm prinsipi deyilən bir şey var, bu da yetkinlik yaşına çatmamış şəxsə qarşı sərt qərarlar qəbul edilməsinin qarşısını kəsir. Amma elə ölkələr var ki, hadisəni törətmiş şəxsin mühakimə olunmaq yaşına çatmasını gözləyir və onu mühakimə edirlər. Bizdə isə belə qanun yoxdur. Cinayət məsuliyyəti hadisənin törədildiyi zamana görə tətbiq edilir. Hesab edirəm ki, yaş həddi məsələsinə yenidən baxılmalıdır. 15-16 yaşlı yeniyetmə cinayət törədir, amma qanunun tələblərinə görə yetkinlik yaşına çatmayan hesab edilərək sərbəst qalır. Uşaqların, yeniyetmələrin gecə klublarına, barlara, qəlyanxanalara da girişi qadağan edilməlidir, yetkinlik yaş həddinə də yenidən baxılmalıdır.
Məlahət Rzayeva