"Müəllim adı gələndə hamının başı ağrıyır" - Elçin Şıxlı




"Ciddi yazıları oxuyanlar ortadan yüksək və yaxud da orta səviyyəli insanlardır. Yəni nəysə öyrənmək istəyən adamlardır". 

Bu barədə Sherg. az-a son zamanlar şou xarakterli, yüngül yazılara marağın artmasına münasibət bildirərkən "Ayna"- "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı deyib.

Onun sözlərinə görə, təssüf ki, istənilən cəmiyyətdə ağıllı adamlar çoxluq təşkil etmir:

" KİV,  xüsusən də televiziyalar beyinlərdə elə bir streotip yaradıblar ki, bir az səsi olan və ritm tutmağı bacaran gedib, mahnı oxuya bilər. Yadınıza gəlirsə, bir vaxtlar telekanallarda mahnı müsabiqələri vardı. Baxırdın ki, ora nimdaş paltarda gəlib, efirə çıxan adamlar, bir-iki ilə bahalı maşınlar sürür. Və efirə çıxıb onu nümayiş etdirir. Cammat da həmin adama baxıb düşünür ki, kitab oxuya-oxuya gözümün nurunu itirirəm. Çalışıram ki, iş qurum işləyim və özümə dolanışıq yaradım. Buna da illər sərf olunur. Və heç də hər zaman hədəfimə nail ola bilmirəm. 

Amma bir balaca səsi olan adam 2-3 ilə zənginləşir. Ona görə də, insanların beyni o istiqamətdə işləyir ki, manhı oxuyum. Hansı sayta baxırsan yüngül müsiqi ilə böyüyən insanların reklamını görürsən. Televizoru açırsan, sizin dediyiniz o Damlanı görürsən. Damla kimdi, nə oxuyur, bilinmir, amma onu efirə çıxarırlar. Hazırda onlar cəmiyyəti irəli aparan qüvvəyə çevriliblər. Belə olan halda ciddilik və təhsil yoxa çıxır. 

Məsələn, 2 gün öncə feysbukda Yardımlının dağ kəndində qar-boranın içərisində bir müəllimin 7-8 uşağın əlindən tutub məktəbə aparmağı təsvir olunub. Adam bu şəkilə baxanda ürəyi dağa dönür. Nümunə olası adamlar bax onlardır. Amma son zamanlar müəllim adı gələndə hamının başı ağrıyır. Müəllim rüşvət alır, müəllim savadsızdır, müəllim dərs keçmir və s kimi fikirlər eşidirik. Əksəriyyətin beynindəki qoşanağara ilə çırtma çalıb oxumaqdırsa, siz dediyiniz yazıları heç kim oxumayacaq. Təzə gələn nəsli bunlardan uzaq tutmalıyıq. Onların beyninə yeritmək lazımdır ki, a bala, kitab oxu. Uşaqları müsbət nümunələr üzərində tərbiyələndirmək gərəkir ki, onlar da dambadurum arxasınca qaçmasınlar".

Ayyət Əhməd