Qəfil görüş...

Həmsədrlər bu görüşü səbirsizliklə gözləyir



Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Separatçı ölkənin cəzasız qalması isə beynəlxalq hüquq prinsiplərinə ziddir. İndiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentləri, eləcə də xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilib. Təəssüf ki, görüşlər münaqişənin ölü nöqtədən belə çıxmasına təkan verməyib.

Çünki bütün hallarda düşmən ölkə prezidenti və rəsmiləri qeyri-konstruktiv mövqe sərgiləyiblər. Məsələnin uğurlu həlli istiqamətində bir addım belə atmayıblar. Mövcud status-kvonun saxlanılmasında maraqlıdırlar. Dağlıq Qarabağ konfliktinin çözümü ilə bağlı danışıqlardan imtina edirlər. Bununla belə Azərbaycan tərəfi münaqişənin həlli haqda danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətdə lazımi addımları atıb. Belə ki, bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Avstriyanın paytaxtı Vyanada daha bir görüş baş tutacaq. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter” səhifəsində bildirib. Hazırda Vyanada olduğunu qeyd edən diplomat bu görüşü səbirsizliklə gözlədiyini də vurğulayıb.

Qeyd edək ki, ölkə başçılarının görüşü ilə bağlı ekspertlər fərqli düşünürlər.

Prezidentlərin Vyana görüşünü şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirli isə "Şərq”ə açıqlamasında söyləyib ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, görüşdən nəsə gözləmək olar. Politoloqun sözlərinə görə, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, bu, sülhün və əmin-amanlığın yaranmasına zəmin yaradacaq: "Görüşün noyabrın 19-da gözlənilmədən elan edilməsi müəyyən siyasi spekulyasiyalardan xəbər verir. Əslində elə belə olmalıydı. Çünki 2012-ci ilin yanvarından danışıqlar prosesi tamamilə kəsilmişdi. Belə olan təqdirdə həmsədrlər fərqində oldular ki, bir az siyasi ajiotaj elementləri də əlavə etsinlər və danışıqların vaxtı birdən-birə elan edilsin. Amma böyük siyasətdə hansısa hadisə birdən-birə baş vermir. Proseslərin təsadüfi baş verməsi görüntüsü yarana bilər. Bu, qabaqcadan planlaşdırılmış addımdır. Ona görə də görüşdən müəyyən gözləntilər var. Ağ Ev rəhbəri Barak Obama Azərbaycan prezidentinə yazdığı təbrik məktubunda belə bir fikir bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi fürsət yaranıb. Bu isə o anlama gəlir ki, məsələnin həlli ilə əlaqəli unikal imkanlar mövcuddur. Ondan istifadə edilməlidir. Nəzərə almaq lazımdır ki, Amerika prezidentinin söyləntiləri təsadüfi xarakter daşımır. Eyni zamanda Azərbaycan prezidenti də dəfələrlə qeyd edib ki, danışıqlara danışıqlar naminə deyil, hər hansı bir məntiqi əsas olan nəticələr əldə etmək üçün gedirik. Bu, deməyə əsas verir ki, danışıqlardan nəsə gözləmək mümkündür”.

Siyasi təhlilçinin qənaətinə görə, görüşdə yenilənmiş Madrid prinsipləri, 2009-cu ildə Afinada qəbul olunmuş prinsiplər müzakirə mövzusu ola bilər: "Həmin prinsipləri nisbətən də olsa Azərbaycan qəbul edib. Ermənistan bundan imtina edib. Belə olan halda ümidlər onunla bağlıdır ki, Vyanada separatçı ölkə pozitiv irəliləyişlərə imza atsın”.

Siyasi şərhçi Ermənistan prezidentinin davranışlarından da söz açıb: "İ.Əliyev dəfələrlə bəyan edib ki, Sarkisyanla bir məsələdə razılaşma əldə edirik. Digər görüşdə o, əvvəlki razılaşmalardan imtina edir. Vyana görüşündə razılaşmanın əldə olunması ilə bağlı Ermənistan tərəfi pozitiv mövqe ortaya qoya bilər. Amma bu hələ vədlərin reallaşması deyil”.

E.Nəsirli onu da əlavə edib ki, görüşün Rusiya şəhərlərinin birində deyil, Vyanada keçirilməsi təsadüfi hal deyil: "Vyananın seçilməsi yeni məqamdır. Hesab edirəm ki, danışıqlarda möcüzə olmasa da, gələcək pozitiv addımların bünövrəsi qoyula bilər”.

"Mən demişəm ki, bu görüşdən konkret, real irəliləyiş, nəticə gözləməyə dəyməz”, politoloq Rasim Musabəyov BBC Azərbaycancaya deyib.

Millət vəkilinin fikrincə, "görüşü o zaman müsbət dəyərləndirmək olar ki, prezidentlər konkret xarici işlər nazirlərinə tapşırıqlar versin”.

"Ən yaxşı halda prezidentlər xarici işlər nazirlərinə danışıqları intensivləşdirmək və yeni danışıqlar raudunun başlanması üçün tapşırıqlar verə bilər. Amma bu görüşdə faktiki olaraq danışıqların fasiləsinin davamı olacaqsa, bundan heç nə gözləməyə dəyməz”, cənab Musabəyov bildirib.

Onun sözlərinə görə, "hər iki ölkə başçısı münasibətlərdə nə qədər gərginlik hiss olunsa da, münaqişəni sülh yolu ilə həllini irəli aparmaq yollarını axtarmalıdırlar”.

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 4-6-da Azərbaycana və Ermənistana səfər ediblər.

Səfərin nəticəsi olaraq verilən bəyanatda hər iki ölkə başçısının "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqelərinə aydınlıq gətirmək və bu məsələdə gələcək addımları müzakirə etmək məqsədilə” görüşə razılıq verdikləri bildirilib.