Ərdoğanın Bərzani ilə görüşündə qorxulu amillər var

Ərəstun Oruclu: “Türkiyə kürdlərin dövlət yaratmaq fəaliyyətlərində önəmli rol oynamaq missiyasını öz üzərinə götürüb”
Qabil Hüseynli: “Ərdoğan bölgədə Kürdüstan dövlətinin yaranmasının bünövrəsini qoyur”

Müəyyən fasilədən sonra bölgədə yenidən fəallaşan Türkiyənin atdığı ilk addım bəzi dairələr tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən də, baş nazir Rəcəb Tayyib Ərdoğanın Diyarbəkirdə Şimali İraq regionunun rəhbəri Məsud Bərzani ilə görüşməsi və görüş zamanı siyasi rəhbərlik tarixində ilk dəfə olaraq Bərzaniyə "Kürdüstan lideri” deyə müraciət etməsi ölkə ictimaiyyətində etirazla qarşılanıb.

Hökumət rəsmiləri bunun "kürd açılımı”nın növbəti uğurlu addımı hesab etsələr də, geniş müxalif dairələr AKP iqtidarını qərbin oyuncağına çevrilməkdə və minlərlə şəhidin qanına hörmətsizlik etməkdə günahlandırıblar. Qeyd edək ki, İraqın ABŞ tərəfindən işğalından sonra ölkənin şimalı faktiki olaraq kürd lider Bərzaninin nəzarəti altına keçib. Bölgədə yaranmış vəziyyətdən istifadə edən Bərzani İsrail və digər dövlətlərin yardımı ilə 100 min nəfərlik ordu formalaşdıraraq regionda real gücə çevrilib. Türkiyə də öz növbəsində, uzun illərdir PKK terrorundan əziyyət çəkdiyi üçün Bərzani amili ilə hesablaşaraq, Şimali İraq regionunu idarə edənlərlə bölgədəki bəzi problemlər barədə müntəzəm olaraq fikir mübadiləsi edir. Xatırladaq ki, Bərzani əvvəllər də Ankarada rəsmi səfərlərdə olub və o, Türkiyə rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanıb. Bəzi ekspertlər isə hesab edirlər ki, Türkiyə PKK bəlasından qurtulmaq üçün Bərzaninin kürdlər üzərindəki nüfuzundan istifadə etməyə çalışır. Onların sözlərinə görə, Ərdoğan-Bərzani arasındakı "xoş” münasibətlər regiondakı bir çox problemlərin həllinə yol aça bilər.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, İraqla bağlı qeyri-müəyyənlik öz həllini mütləq tapmalıdır. Çünki ölkə faktiki olaraq hissələrə parçalanıb. Mərkəzləşmiş idarəçilik demək olar ki, yoxdur: "O cümlədən, tanınan bir dövlət yaratmaq ehtimalı yüksək olan bölgələrdən biri də Şimali İraqdır. Artıq İraqdakı kürd qurumu de-fakto mövcuddur. Təbii ki, bu məsələ Türkiyənin iradəsindən asılı deyil. Ancaq görünür, Türkiyə kürdlərin dövlət yaratmaq fəaliyyətlərində önəmli rol oynamaq missiyasını öz üzərinə götürüb. Çünki faktiki olaraq bu proses gedir və qarşısını almaq da mümkün deyil. Əgər Türkiyə kürdlərin Şimali İraqda müstəqil dövlət yaratmaq istəyinə və fəaliyyətinə qarşı çıxarsa, əleyhinə olan mübarizə cəbhəsini daha da genişləndirmiş olar. Ankara hökuməti bunu anladığı üçün ən azından prosesə qoşularaq gələcək məqsədlərinə nail olmağa çalışır”.

Ə.Oruclunun fikrincə, Diyarbəkirdə Bərzani ilə görüşün keçirilməsi və görüşdə Ərdoğanın "Kürdüstan” sözünü işlətməsi Türkiyənin Şimali İraqdakı kürd dövlətinə bir növ himayədarlıq göstərməsidir: "İndi nə dərəcədə Türkiyənin planı alınacaq, bunu zaman göstərəcək. Əgər uğurlu alınarsa, bu amil Türkiyədəki PKK probleminə birbaşa təsir edəcək. Yox əgər alınmayacaqsa, təbii ki, bu, hökumət üçün daha ciddi problemlər yaradacaq”.

Ancaq tamamilə fərqli düşünən siyasi ekspertlər də var. Onlar isə hesab edir ki, Bərzani vasitəsilə Türkiyədəki PKK problemini aradan qaldırmaq mümkün deyil. Çünki əslində PKK-nı idarə edənlər kürd liderlər yox, Rusiya da daxil olmaqla güclü qərb dövlətləridir.

Politoloq Qabil Hüseynli deyir ki, baş nazir kürd lideri Bərzanidən öz siyasi məqsədləri üçün istifadə edir və prezident seçimində kürdlərin dəstəyini qazanmağa çalışır. Amma Bərzaninin ondan daha hiyləgər olduğunu unudur. Politoloqun sözlərinə görə, belə bir yaxınlıq və güzəşt Türkiyənin unitar quruluşunu parçalaya bilər. Çünki "kürd açılımı” adı altında yolverilməz ifadələr işlədən Ərdoğan bölgədə Kürdüstan dövlətinin yaranmasının bünövrəsini qoyur: "Bərzani heç zaman PKK-nın əleyhinə getməyəcək və terror probleminin həllində Türkiyəyə yardım etməyəcək. Çünki Bərzani müəyyən dairələrin göstərişi ilə İraq neftindən əldə etdikləri gəlirlər hesabına PKK-nın silahlanmasına köməklik edir və özü də bundan faydalanır. Bərzani kürd liderləri içində ən qatı millətçidir. Bir şeyi də unutmaq lazım deyil ki, PKK Rusiya başda olmaqla ABŞ və İsraillə bağlı olan bir təşkilatıdır”. Q.Hüseynli Türkiyədə kürdlərin mədəni-muxtariyyətə malik olmasının əleyhinə deyil. Amma onun fikrincə, bu muxtariyyət Türkiyənin unitar quruluşuna ziyan gətirməməlidir: "Təəssüf ki, ölkə müxalifəti sadəcə hay-küy salmaqla kifayətlənir və bu məsələni ümumxalq müzakirəsinə çıxara bilmir. Söhbət dövlətin ali maraqlarından gedir. Bir sözlə, indiki vəziyyət qorxuludur və zənn edirəm, getdikcə daha da təhlükəli olacaq. Buna vaxtında son qoymaq lazımdır”.