Rafiq Tağının həyat yoldaşından şok iddia

“Qətldə maraqlı olan qüvvələr müstəntiqləri ələ alıblar”

2011-ci ilin noyabrında naməlum şəxslər tərəfindən bıçaqlanan və aldığı ağır xəsarətdən 4 gün sonra xəstəxanada vəfat edən yazıçı, publisist Rafiq Tağının bir neçə gündən sonra ikinci ildönümüdür. Bəli, mərhumun ölümündən düz iki il keçib, ancaq nə onun qatili tapılaraq, məsuliyyətə cəlb olunub, nə də ki, istintaqla bağlı hər hansı bir yenilik var. Sanki heç kəs onu aça bilməsin deyə, işin üstündə ilan qıvrılıb yatıb. Yazıçı-publisistin qanlı qətl işinin Baş Prokurorluqda ilişib qalması isə onun ailəsi və yaxınları tərəfindən heç də birmənalı qarşılanmır. Mərhumun həyat yoldaşı Mailə Tağıyeva "Şərq”ə açıqlamasında istintaqın gedişi ilə bağlı onlarda heç bir məlumatın olmadığını deyib:

- Biz əlaqə saxlayıb, işlə maraqlananda istintaqın davam etdiyini, cinayət işinin aparıldığını deyirlər. Görün, Rafiq Tağının qətlindən nə qədər vaxt keçib, amma onun qatilləri hələ də tapılmayıb. İşin ləngidilməsi ilə bağlı dəfələrlə ölkə başçısına müraciət etmişik. Amma heç bir cavab gəlməyib. Teleqramı alıb, kağızı veriblər, amma nə bizi qəbul edən, nə də tutarlı bir fakt göstərən var. Bu da bizə deməyə əsas verir ki, işə baxılmır. Rafiq Tağının qətli ilə bağlı açılan cinayət işini aidiyyəti qurum öz aləmində çoxdan bağlayıb. Dövlət olan kəs ölkədə bu qədər səs-küy salan bir qətl işinə qarşı da bu qədər biganə qalarmı?

- Bəs, siz özünüz prokurorluqla əlaqə saxlayırsınız?

- Daha çox bu işin arxasınca qayınlarım gedib gəlir. Daha doğrusu, iki dəfə prokurorluğa zəng elədim, götürən olmadı. Getməyinə, Rafiqin qardaşları bu işin arxasınca çox gedib-gəlirlər. Amma nə fayda? Heç bir yenilik yoxdur.

- Bu biganəlik nədən qaynaqlanır?

- Şəxsən mənə elə gəlir ki, bu işin bağlı qalmasında maraqlı olan qüvvələr müstəntiqləri ələ alıblar. Daha doğrusu, müstəntiqlərin rüşvət aldığı üçün istintaqı yubatdıqlarını düşünürəm. Faktiki olaraq Rafiq Tağı cinayətinin açılması ilə bağlı prokurorluq tərəfindən heç bir iş aparılmır. İşə niyə bu qədər biganə yanaşdıqlarını da anlaya bilmirəm. Çox güman ki, Rafiq Tağının qətlinin müəmmalı qalmasında maraqlı olan qüvvələr var. Ortada bu qədər faktlar, sübutlar var, amma istintaqçılar hələ də cinayəti aça bilmirlər. Yalandan da görüntü yaradırlar ki, guya nə isə iş görüb araşdırma aparırlar.

- Mərhumun vəkili nə deyir?

- Vəkili ilə qayınlarım əlaqə saxladığı üçün heç nə deyə bilmərəm. Yaxşı olar ki, onlarla əlaqə saxlayasınız.

- Siz özünüz kameraları izləmisiniz...

- Elə bizi də alovlandıran odur ki, küçədə o qədər kamera olub, amma hamısının içərisi boşdur. Bu necə olur? Biz əminik ki, Rafiq Tağı öldürülən zaman hər şey kameraya düşüb, sadəcə, bizdən gizlədirlər. Mənə kameranı göstərirlər ki, içərisində heç nə yoxdur. Yoldaşımın qatili tapılmayacaqsa, onları mənə niyə göstərirsən. Guya bilmirəm ki, kameraların içərisindəki faktları gizlətmisiniz? İlk başdan mənim yanımda izləyərdiniz də həmin kameraları. İzi itirəndən sonra o qədər göstərin ki!

- Mailə xanım, Rafiq Tağının qətlindən sonra çox çətin günlər yaşadınız. Hazırda vəziyyətiniz necədir. Maddi problemləriniz varmı?

- Təbii ki, maliyyə ilə bağlı sıxıntılarımız var. Evdə işləyənim yoxdur.

- Bildiyimiz qədər artıq oğlunuz əsgərlikdən qayıdıb, o da işləmir?

- İş "ceyran belində”dir. Ordudan qayıdıb iş tapa bilir ki, işləsin. Özünüz də çox yaxşı bilirsiniz ki, Azərbaycanda iş tapmaq asan məsələ deyil.

- Bəs necə dolanırsınız?

- Əmiləri köməklik edir, sağ olsunlar. Mən də nə bilim? Birtəhər uşaqları dolandırıram.

Qeyd edək ki, cinayət işi ilə bağlı ətraflı məlumat almaq üçün mərhumun qardaşı İlqar Tağıyevlə də əlaqə saxladıq. Lakin İ.Tağıyev də qardaşının qətl işi ilə bağlı heç bir yenilik olmadığını bildirib.

Onun sözlərinə görə, prokurorluq nümayəndəsi ona istintaqın davam etdiyini, cinayət işinin aparıldığını deyib. Amma yazıçının qardaşı bütün bu sözlərin yalnız guyalardan ibarət olduğu qənaətindədir: "Əvvəlki kimi şablon, başaldadıcı cavablar verirlər. İşin getdiyini göstərmək üçün nəticə lazımdır, o da ki yoxdur. 3-4 gün bundan əvvəl prezidentə teleqram yazıb, görüş istəmişik. Artıq bunlara heç bir ümidimiz yoxdur. Bəlkə, ölkə başçısının iradəsi ilə bu cinayət açıla. Faktiki olaraq Rafiq Tağı cinayətinin açılması ilə bağlı prokurorluq tərəfindən heç bir iş aparılmır. Bu işə niyə bu qədər biganə yanaşdıqlarını da anlaya bilmirəm. Çox güman ki, Rafiq Tağının qətlinin müəmmalı qalmasında maraqlı olan qüvvələr var. Ortada bu qədər faktlar, sübutlar var, amma istintaqçılar hələ də cinayəti aça bilmirlər. Yalandan da görüntü yaradırlar ki, guya nə isə iş görüb araşdırma aparırlar. Bizim də inanmaqdan başqa əlacımız yoxdur. Bütün bunlar onu göstərir ki, Rafiq Tağının ölümü təşkilatlanmış hadisədir”.

İ.Tağıyev istisna etməyib ki, Baş Prokurorluq əldə etdikləri məlumatları onlardan gizlədirlər. İstintaq materiallarını başdan-ayağa izləmək imkanları olmadığını deyən Tağıyevin sözlərinə görə, hər şey onların vicdanına qalıb. Ancaq bu məsələdə maraqlı qüvvələr varsa, inanmıram qardaşımın qatili və öldürülmə səbəblərinə dair hansısa nəticələr ortaya çıxsın: "Konkret şübhələndiyimiz şəxslərlə görüşməyimizə imkan vermirlər. Həkimləri bizdən tamamilə uzaqlaşdırıblar, iynə vuran şəxsin də kim olduğunu bizə demirlər. Noldu, Rafiq qətlə yetirilən gün şəhərdəki bütün kameralar işlədi, yalnız həmin kameralar işləmədi. Həmçinin oradan keçən avtomobillərin siyahısı da açıqlanmır. Bütün bunları üst-üstə yığanda görürsən ki, açılmasını istəməyən fərdlər var. Yəni konkret olaraq Rafiq Tağının cinayət işinin açılması yox, "maskalanması” üzərində ciddi iş gedir”.

Rafiq Tağı cinayəti ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bunları deyib: "Tərəfimizdən məlumat verildiyi kimi qeyd edilən cinayət işi üzrə Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayətin qeyri-aşkar şəraitdə törədilməsi nəzərə alınmaqla cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən istintaq-əməliyyat qrupunun hesabatları müntəzəm olaraq dinlənilərək konkret tapşırıq və tövsiyələr verilib. Hazırda iş üzrə müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.