Nəqliyyatlarda gediş haqqını qaldırmaq olmaz




Vüqar Bayramov: "Gediş haqlarının artımı baş verərsə, gündəlik tələbat mallarının qiymətində artımın qarşısını almaq mümkün olmayacaq”

Nazim Məmmədov: "Gedişhaqqının artırılması əhalinin orta aylıq əməkhaqqına uyğun deyil”

Son günlər ölkə ictimaiyyəti arasında şəhərdaxili avtobuslarda qiymət artımı ilə bağlı söz-söhbət dolaşmaqda idi. Gediş haqlarının artacağı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Məsələ maliyyə naziri Samir Şərifovun gediş haqlarının qaldırılacağı ilə bağlı verdiyi açıqlamadan sanra daha da aktuallaşıb. Sözsüz ki, nazirin açıqlaması ictimaiyyətdə ciddi narahatlıq və etiraz doğurub.

S.Şərifovun açıqlamasına münasibət bildirən Nəqliyyat Nazirliyi (NN) isə belə halın baş verməyəcəyini bəyan etmişdi. İndi isə hadisələrin əksinə cərəyan etdiyi görüntüsü ortadadır. Belə ki, Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov ölkə KİV-lərinə bildirib ki, nazirliyə sahibkarlar tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə məktublar daxil olur. Nazirlik sözçüsünün sözlərinə görə, məsələ ilə bağlı Tarif Şurasına bir dəfə müraciət edilib: "Amma bu qurum təklifimizi məqbul hesab etməyib. Bununla əlaqədar biz ikinci dəfə gediş haqlarının artırılması ilə bağlı təklif irəli sürməmişik”. N.Həsənov qeyd edib ki, sahibkarlar istismar məsrəflərinin artdığını bildirirlər və bununla əlaqədar gediş haqlarının da artırılması təklif olunur: "Onlar həqiqətən də qiymətlərin qalxmasını istəyirlər. Ümumiyyətlə, qiymətlərin qalxması üçün müəyyən əsaslar var. Ancaq bununla bağlı qərar vermək səlahiyyəti Tarif Şurasına məxsusdur”.

Maraqlıdır, indiki halda ictimai nəqliyyatda gediş haqlarının artırılması vətəndaşların orta aylı əmək haqları ilə bir araya sığırmı? Gediş haqlarının artırılmasını zəruri edən hər hansı bir əsas varmı?

İnsanların yol məsrəflərinin artırılacağı proqnozunu dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov artımın istehlak qiymətlərinin bahalaşmasına da təsir göstərəcəyini bildirib: "Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının qiyməti daha ucuzdur. Nəzərə alsaq ki, Azərbaycanda orta əməkhaqqı alan azərbaycanlının qazancının ictimai nəqliyyata çəkdiyi xərcin təxminən 28 faizini təşkil edir, orta təqaüdçünün aldığı təqaüdün təxminən 35 faizi ictimai nəqliyyat xərclərinə gedir, Avropa ölkələrində isə bu göstərici bütün hallarda birrəqəmli həddədir. Yəni avropalının aldığı əməkhaqqının heç 10 faizi ictimai nəqliyyat xərclərinə sərf olunmur. Avropada əsasən Mərkəzi və Şərqi Avropa ölkələrində bu göstərici ən yüksək həddədir. Onlarda əhalinin əməkhaqlarının cəmi 12 faizi ictimai nəqliyyatda gediş haqlarına sərf edilir. Bütün bu deyilənləri nəzərə alaraq söyləmək olar ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılmasına heç bir əsas yoxdur.

Ekspertin qənaətinə görə, gediş haqlarının artırılması ictimai nəqliyyat xərclərinin əməkhaqqı və pensiyalardakı payının artmasına gətirib çıxaracaq ki, bu da vətəndaşlar üçün gözlənilməz nəticələrə səbəb ola bilər: "Digər bir məqam ondan ibarətdir ki, ictimai nəqliyyatda gediş haqlarının artırılmasının bütün hallarda psixoloji təsirləri olacaq. Belə bir qərarın qəbul edilməsi digər məhsulların qiymətinin artımını sürətləndirəcək. Bütün hallarda bu qərar Azərbaycan istehlak bazarında qiymət artımına səbəb olacaq. Gediş haqlarının artımı Azərbaycan istehlak bazarına kifayət qədər neqativ təsir göstərəcək. Düşünmürəm ki, əməkhaqlarının artırılmamış ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasına ehtiyac var. Digər tərəfdən gediş haqlarının artırılması məvacib və təqaüdlərin gözlənilən artırılmasından sonra əhalidə olan əlavə pul gəlirinin yeyilməsinə gətirib çıxara bilər. Bu addım vətəndaşlarımızın təkcə ictimai nəqliyyatdakı xərclərinin artması anlamına gəlməməlidir. Hesab edirəm ki, kifayət qədər həssas məsələdir. İndiki vəziyyətdə gediş haqlarının artırılması sosial və iqtisadi cəhətdən doğru addım deyil”.

V.Bayramov vurğulayıb ki, Azərbaycan nəqliyyat sistemində Avropa standartlarının tətbiqi vacibdir. Amma istənilən halda nəqliyyat sisteminin keyfiyyətinin yüksəldilməsi qiymət artımı üçün baza ola bilməz: "Nəzərə alsaq ki, nəqliyyat sektorundakı islahatların bir qismi dövlət büdcəsi hesabına aparılır. Təbii ki, ictimai nəqliyyatda büdcənin rolu kifayət qədər çoxdur. İctimai nəqliyyatdan istifadə edən əhali əsasən kasıb və orta təbəqənin nümayəndələridir. Onlar üçün keyfiyyətli nəqliyyatdan istifadə etmək vacib olsa da, bu sahəyə daha az xərc çəkmək də zəruri şərtlərdən biridir”.

Ekspertin fikrincə, qiymət artımının həmişə domino effekti olur. Gediş haqlarının artımı digər sahələrə də təsir göstərir: "Bu isə ona görədir ki, gün ərzində çoxlu sayda insan ictimai nəqliyyatdan istifadə edir. Təəssüf ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılmasından sonra digər məhsulların qiymətinin qalxmasının qarşısını almaq mümkün deyil. Bu baxımdan gediş haqlarının artımı baş verərsə, hökumətin süni qiymət artımı ilə mübarizə tədbirlərinə baxmayaraq, digər məhsulların, xüsusilə gündəlik tələbat mallarının qiymətində artımın qarşısını almaq mümkün olmayacaq. Bu, birmənalı olaraq belədir”.

İqtisadçı-ekspert Nazim Məmmədov isə qeyd edib ki, bu sahədə rəqabətli mühit olsaydı, ədalətli qiymət ortaya çıxardı. Qiyməti bazar tənzimləyərdi. Ona görə də Tarif Şurasının bu işlərə müdaxiləsi anormal haldır: "Nəqliyyat daşımalarını özəl şirkətlər həyata keçirdiyinə görə NN-in müdaxilə etməsi mümkünsüzdür. Üstəlik, müvafiq nazirliyin balansında hər hansı bir MMC yaradıb bu sahəni inhisara almaq yolverilməzdi. Qeyd edək ki, nazirlik sözügedən sahəni müxtəlif korportiv maraqlarla idarə edir. Dövlət budcəsindən ayrılan vəsait hesabına müxtəlif avtobus və taksilər gətirərək təsərrüfat işləri ilə məşğul olur. Bu, ümumi dünya ticarət təşkilatının və bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Bu rəqabət mühiti yaratmır və inhisarçılığı sürətləndirir. Hesab edirəm ki, NN-ə tabe olan qurumlar nazirliyin tabeliyindən çıxarılmalıdır. Bu dövlət strukturunun işi yalnız nəqliyyat siyasətini müəyyən edib lisenziya və başqa məsələləri həll etməkdi. İqtisadiyyatda ayrı-ayrı sahələr üzrə lisenziya icra orqanları tərəfindən verilməlidir. Ayrı-ayrı nazirlikdən bu səlahiyyətlər alınmalıdır. Nazirliklər müxtəlif lisenziya verməli deyil. Bu sahəyə nazirliklər qarışmalı deyil”.

N.Məmmədov bildirib ki, Azərbaycan büdcəsinə nəqliyyat sahəsindən gələn gəlir çox aşağıdır: "Bu sahədə kifayət qədər korrupsiya, pozuntu və vergidən yayınma halları var. Ona görə də adıçəkilən domenin tam şəffaflandırılması üçün nəqliyyat nazirinin səlahiyyətlərinə bir də baxılmalıdır. Tabeliyində olan qurumlar ayrılmalıdır. Özəl subyektlər rəqabət mühiti ilə məşğul olmalıdırlar”.

Ekspert onu da əlavə edib ki, gedişhaqqının artırılması əhalinin orta aylıq əməkhaqqına uyğun deyil: "Belə olan halda ədalətli qiymətin tənzimlənməsi mümkünsüzdür. İlk növbədə vəziyyəti şəffaflandırmaq lazımdır”.