Bütün evlərdə yaşayan QATİL...

Təbii qaz ölümlərindən danışan yoxdur
Telekanallar səhərdən-axşamadək şou göstərirlər

Payız-qış mövsümü başlayar-başlamaz dəm qazı yenə can alır. Bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində ana və azyaşlı qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb, lakin onların həyatını xilas etmək mümkün olmayıb. Bu faciədən əvvəlsə paytaxtın Suraxanı rayonunda bir sakin dəm qazından zəhərlənmişdi.

Hələ mövsüm yeni başlayıb. Dəm qazı kabusu isə artıq ev-ev, mənzil-mənzil dolaşır. Artıq neçə ildir ki, ölkə əhalisi dəm qazının qurbanına çevrilib. Hər il payız-qış mövsümündə neçə-neçə sakin dəm qazının qurbanı olur. Vəziyyət isə düzəlmir. Dəm qazının niyə, nədən, hansı səbəblərdən əhaliyə qənim kəsildiyini doğru-düzgün araşdıran və səbəbləri aradan qaldırmağa nail olansa yoxdur.

Dünənədək dəm qazından boğulma hallarını ən çox İran sobaları ilə əlaqələndirirdilər. Ancaq məlum oldu ki, dəm qazının özünə qurban tapmasında İran sobaları səbəblərdən yalnız biri və o qədər tutarlı səbəb də deyil. Sobalar Azərbaycana normal halda, istehsal edildiyi şəkildə gəlir. Nə baş verirsə, bundan sonrası ilə bağlıdır. Digər səbəb tüstü bacalarının təmizlənməməsi, qaz borularının, qaz cihazlarının standartlara uyğun quraşdırılmaması, mənzillərin havadəyişmə sisteminin işləməməsi, hamam otaqlarının düzgün tərtibatda olmamasıdır. Sadalanan səbəblər sırasında qazın normal təzyiqdə verilməməsi də var.

"Azəriqaz” təbii qazı alçaq təzyiqlə verir

Uzun illər qaz sahəsində çalışmış, "Azəriqaz” İstehsalat Birliyinin sabiq şöbə müdiri, hazırda isə Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov "Şərq”ə açıqlamasında dəm qazı probleminin hazırda bir nömrəli məsələ olduğunu, lakin buna çox az diqqət ayrıldığını bildirdi:

- Telekanallarda səhərdən-axşamadək şou göstərirlər. Bu onu söyur, o bunu. Əhalini bu dərəcədə narahat edən, hər qış mövsümündə onlarla insanın ölümünə səbəb olan dəm qazı problemindən isə danışan, bu məsələni geniş müzakirəyə çıxarıb səbəblər, onları aradan qaldıracaq yollar barədə isə danışan yoxdur. Əhali hər dəfə əsaslı şəkildə məlumatlandırılmalıdır, güclü maarifləndirmə işləri aparılmalıdır ki, insanlar təbii qazla necə rəftar etməli olduqlarını bilsinlər. Çünki günahın çoxu adamların özündə olur. Atalar məsəlidi, deyirlər, özünü qoruyanı Allah da qoruyar. Bizim camaatda, etinasızlıq, laqeydlik, məsuliyyətsizlik var. Evinə qaz sobası alır, deyir, özüm ustadan yaxşı bilirəm, başlayır sobanı özü bildiyi kimi quraşdırmağa, səhv quraşdırır, çoxu rezin, ya da plastik borulardan istifadə edir. Halbuki qaz boruları mütləq poladdan olmalıdır. Özləri bildiyi kimi, kefləri istəyən şəkildə mənzildə boruların yerini dəyişdirirlər, havatəmizləyici sistemi - ventilyasiya sistemini sıradan çıxarırlar. Bəzisi, mənzili qızdırmaq üçün dördgöz sobanın üzərinə kərpic, ütü qoyur. Bu, qətiyyən olmaz. Belədə mənzildə zəhərli qaz əmələ gəlir. Kiçik ölçülü hamam otağına böyük ölçüdə qızdırıcı qoyurlar. İran sobaları normal sobalardır. Problem bundadır ki, "Azəriqaz” əhaliyə təbii qazı ən yaxşı halda 5-60 mm susütunu təzyiqi ilə verir. Amma əslində, 130 mm olmalıdır. Mənzillərdə qaz sobalarının məşələnin hündürlüyü 5-8 sm. olmalıdır. Evdə qazı yandırın, baxın görün, məşəl bu hündürlüyə qalxırmı? İran sobaları isə 178 mm susütunu təzyiqə hesablanıb. Bizdə qazın təzyiqi aşağı olduğundan sobanın iş rejimi pozulur və qaz düzgün yanmır. Dəm qazı da buradan əmələ gəlir. Proses pozulduğundan karbon 4 oksid, karbon 2 oksidə çevrilir. Bu da zəhərli qazdır. Bu qaz 7 dəqiqə içində insanın həyatına son qoya bilər.

Tüstü bacaları 30 ildir təmizlənmir

Bəs mütəxəssis çıxış yolunu nədə görür?

N.Qasımov qeyd etdi ki, əvvəllər mənzillərdəki qaz sobaları, qaz boruları ayda bir dəfə yoxlanırdı. İndi isə 6 aydan bir yoxlanır:

- Bu işə ciddi nəzarət edəcək bir qurum olmalıdır. Hazırda belə qurum yoxdur. Tüstü bacaları bəlkə də 30 ildir təmizlənmir. Bu, "Azəriqaz”ın işi deyil. Bu işə mənzil-kommunal təsərrüfatı idarəsi baxmalıdır. Amma tüstü bacalarına heç kim sahib çıxmır. Bir-birinin üzərinə atırlar. Satışa çıxarılan sobaları da "Azəriqaz” qəbul edib yoxlamalıdır, istifadəyə yararlı olduğuna dair icazə verməlidir. Mənzillərə təbii qazın çəkilməsi, sobaların quraşdırılması qaz təsərrüfatı idarələrinin nəzarəti altında icra edilməlidir. Yeraltı kəmərlərin qəzalı olduğunu bəhanə gətirib təbii qazı normasında vermirlər. Bunlar hamısı bəhanələrdir. Harada qəzalı boru varsa, onu xüsusi cihazlar vasitəsilə təsbit etmək mümkündür. Həm də atıq neçə ildir ki, ölkə üzrə yeni qaz xətləri çəkilir. Nə oldu, çəkilən kimi qəzalı vəziyyətə düşdülər?! "Azəriqaz” bunu edə bilər ki, hər mövsüm öncəsi əhalidən istifadədə olan qaz sobalarının yararlılığına dair arayış tələb etsin. Onda azı 1 milyon cihaz qapanmalı olacaq. Bütün evlərə siqnalizasiya aparatı qoyulmalıdır. Baha da deyil. 15 dollara satırlar. Ona görə əhalini qınayıram ki, 120 minlik "Mersedes” alır, amma 15 dollar verib siqnalizasiya cihazı almır ki, gecə rahat yatsın. Bu cihazlar mənzildə təbii qazın tərkibində dəyişiklik baş verdikdə səs verir, təhlükədən xəbərdar edir. Əhali diqqətli olmalıdır və təhlükəsizlik qaydalarını pozmamalıdır. Hamam otağının qapısında mütləq hava dəlikləri açılmalıdır. Mənzillərdə ventilyasiya sistemi qurulmalıdır. Evin havası tez-tez dəyişdirilməlidir, mənzilə təmiz hava axını təmin edilməlidir. Ən əsası isə dəm qazından ölüm halları ilə bağlı cinayət işi açılmalıdır. Hər bir ölüm hadisəsi araşdırılmalıdır. Neçə ildir bizim əhalini qıran iki kabus var: biri avtomobil qəzalarıdı, biri də dəm qazı. Amma bu iki kabusun qarşısı alınmır.

Təbii qazın abonentlərə təmizlənməmiş halda verilməsi iddiasına gəlincə, N.Qasımov bunu qətiyyətlə təkzib etdi:

- Bu boş söhbətdir. Təbii qaz barədə heç bir məlumatı olmayan insanların ortaya atdığı sözdür. Əhaliyə verilən təbii qaz metan qazıdı - SH4-dür. Onun tərkibində başqa heç nə olmur. Problem təbii qazın təzyiqinin normal verilməməsindədir.

"Təbii qaz həmişə eyni təzyiqdə verilməlidir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da "Şərq”ə açıqlamasında təbii qazla bağlı problemlərin həllini tapmadığını dedi:

- İran sobaları Azərbaycanda evlərə verilən təbii qazın təzyiqinə uyğun olmadığından əhali onlara müdaxilə etmək məcburiyyətində qalır. Sobanın hansısa hissəciyini çıxarırlar, hansısa hissəciyi özlərindən əlavə edirlər, bir sözlə, özfəaliyyətlə məşğul olurlar. Ən böyük təhlükə odur ki, işi peşəkarlar deyil, həvəskarlar həyata keçirir. Əgər əvvəllər əhali qazla bağlı işini Qaz idarəsinin işçilərinə gördürürdüsə, indi bu sahədə səriştəsi, təcrübəsi olmayanlara müraciət edir. Yəni, kim qonşuda, yaxınlıqda bir usta tanıyırsa, fərqi yoxdur, bu şəxs elektrikdir, qazçıdır, onu çağırıb qaz sobasını quraşdırır, mənzilinə qaz xətti çəkdirir. Nəticədə təhlükədən sığortalanmamış olur. Digər bir səbəb təbii qazın verilməsində qış-yay rejiminin tətbiq edilməsidir. Bu da bizdən başqa dünyanın heç bir ölkəsində yoxdur. Təbii qaz həmişə standart bir rejimdə verilməlidir. İstehlakçı özünə lazım olduğu qədər istifadə edəcək. Yayın istisində qazın təzyiqini artıran görmüsünüz?! Başqa bir səbəb: qazın tərkibinə xüsusi maddə vurulmalıdır ki, qaz mənzilə dolanda insanlar bunu hiss etsinlər və lazımi tədbir görsünlər. Eyni zamanda mənzillərə analizatorlar, səsçıxaran cihazlar paylanmalıdır. Belə cihazlar mənzildə dəm qazı yaranmağa başladıqda siqnal verib sakini ayıldır. Sakinlər təbii qazla davranış qaydaları ilə bağlı daim maarifləndirilməlidir. Bunu Azərbaycan Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz”, Yanğından Mühafizə Xidməti və bir çox başqa qurumlar etməlidir. Evlərin, binaların tüstü bacaları təmizlənməlidir. Sakinlərə xəbərdarlıq edilməlidir. Bunların heç biri edilmir, ona görə də dəm qazı insanlarımızı boğmaqdadır.

Bəzən dəm qazından boğulma hallarını keyfiyyətsiz sobalarla əlaqələndirirlər. Sobalar keyfiyyətsiz deyil, onu keyfiyyətsiz, standartlara uyğun olmayan şəkildə quraşdırırlar. Standart avadanlıq üçün standart da qaz olmalıdır.

Əhalidən kommunal xidmət haqları toplanır. Əhali işığa, qaza, suya görə pul ödəyir. Hər il qaz sobaları yoxlanmalıdır, bacalara baxış keçirilməlidir. Amma bu işlərin heç biri görülmür. Bəs əhalidən yığılan pullar hara sərf olunur? İstehlakçının haqqıdır ki, ödədiyi pulun əvəzində keyfiyyətli xidmət görsün. Sobaların necə quraşdırıldığına qaz istismar idarələri nəzarət etməlidir. Qanuna əsasən hər bir abunəçi ilə müvafiq müqavilə imzalanmalıdır. Müqavilə tərəflərə üzərlərinə düşən vəzifəni yerinə yetirmək öhdəliyi qoyur. Abunəçi vaxtlı-vaxtında abunə haqqı ödəməlidirsə, təchizatçı da istehlakçının keyfiyyətli təminatını və təhlükəsizliyini üzərinə götürür. Ancaq indiyədək heç bir müqavilə imzalanmayıb. Ölüm hadisəsi baş verəndə də günah öləndə olur.